Kamil Zeynallıya qarşı irəli sürülən iddialar məntiqsiz və əsassızdır
Fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. O, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsini göstərib.
Müğənni Gülay Zeynallı həyat yoldaşı Kamil Zeynallının Moskvanın “Domodedovo” hava limanında saxlanılmasına reaksiya verib.
O bu haqda instaqramda yazıb: “İnşallah bu da keçər. Prezidentimdən kömək istəyirəm. Xahiş edirəm, Kamili yad ölkədə tək buraxmayın. Çox xahiş edirəm”.
Kamil Zeynallının köməkçisi Nicati Nicat isə Axar.az-a açıqlamasında Zeynallının 17 fevralda Rusiyaya istirahət üçün getdiyini deyib. Kamil Zeynallı 17 fevralda Rusiyaya istirahət üçün getmişdi. Ondan əvvəl də dəfələrlə gedib-gəlməsinə baxmayaraq, heç bir problem yaşanmamışdı.
“İdmançı Kamil Zeynallı Rusiyada mübahisəyə qarışdığına görə saxlanılıb”.
Bu iddia ilə “Sputnik Ermənistan” məlumat yayıb.
Nəşrin məlumatına görə, idmançı 2020-ci ildə Moskvada ermənilərlə mübahisəyə qarışdığına və təhrikedici roluna görə saxlanılıb. “K.Zeynallı həmin il Rusiyada azərbaycanlılar və ermənilər arasında mübahisə yaradıb, iki tərəfi də buna təhrik edib. O, Rusiyada məhkəmə qarşısına çıxarılacaq”.
Ermənistan mediası iddia edir ki, Kamil Zeynallı 44 günlük müharibədə iştirak edib və guya Qarabağda erməni qocanın boğazını kəsib.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyanisə deyib ki, Rusiyada saxlanılan azərbaycanlı idmançı Kamil Zeynallı qətldə ittiham olunur.
O bildirib ki, K.Zeynallı qətl törətmək ittihamı ilə dövlətlərarası axtarışa verilib.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Sherg.az”a açıqlamasında Kamil Zeynallıya qarşı irəli sürülən iddiaların məntiqsiz və əsassız olduğunu deyib:
“Azərbaycan vətəndaşının Rusiyanın hüquq- mühafizə orqanları tərəfindən Ermənistan dövlətinin əsassız və qanunsuz sorğusu əsasında saxlanılması yolverilməzdir. Görünür, Ermənistan Baş prokurorluğunda çalışanların hüquq elmindən xəbəri yoxdur.
Azərbaycan vətəndaşının Ermənistanın işğalına, Ermənistan terroruna və Ermənistan vandallığına qarşı bildirdiyi fikirə görə heç bir ölkədə həbs edilə bilməz. Kamil Zeynallı 44 günlük Vətən müharibəsində əsgərlərimizə mənəvi dəstək göstərə bilər. Onun döyüşlərə qatılması, hansısa bir mülki erməninin başını kəsməsi absurddur”.
Həmyerlimizin həbsinin siyasi xarakter daşıdığını vurğulayan hüquq müdafiəçisinə görə, bu hadisə presedent yarada bilər. Hesab edirəm ki, bu artıq bir fərdin saxlanması deyil, bu beynəlxalq məsələyə çevrilir: “Bu məsələdən belə nəticə hasil olur ki, Ermənistanın vəhşiliyi, Ermənistan vandallığı barədə fikir bildirən istənilən vətəndaş xaricdə saxlanıla bilər. Müharibə dövründə yüzlərlə azərbaycanlı Ermənistanın işğalına, Ermənistan terroruna və Ermənistan vandallığına qarşı öz fikirlərini paylaşıb. Buna görə beynəlxalq axtarış verib həmin azərbaycanlıları üçüncü ölkədə saxlanılması çox pis tendensiya yarada bilər.
Yəni hüquq mühafizə orqanları gələcəkdə digər vətəndaşlarımıza qarşı da belə hərəkətlər edə bilər. Ona görə də baş verənləri qətiyyətlə pisləyirik. Rusiya hüquq mühafizə orqanlarının Ermənistanın beynəlxalq axtarışa verdiyi Kamil Zeynallını hava limanında saxlaması şox təəssüfləndirici bir haldır. Azərbaycan torpaqlarının işğala məruz qaldığı illərdə dövlətimizə və xalqımıza qarşı cinayət törətmiş yüzlərlə erməni barədə Azərbaycanın Baş Prokurorluğu cinayət işinə başlayıb və həmin şəxslər beynəlxalq axtarışa verilib. Hansı ki bu cinayətkarlar Xocalı kimi faciə törədib, mülki əhalini qətliam edib, etnik təmizləmə aparıblar. Müharibədən 30 il keçməsinə rəğmən bu gün də işğaldan azad edilən ərazilərdə erməni hərbiçiləri, generalları tərəfindən qətl edilən insanların sümükləri ilə dolu kütləvi məzarlıqlar aşkar olunur. Torpaqlarımızı vandalizmə məruz qoyan ermənilər, məscidlərimizi, tarixi abidələrimizi dağıdıb, yeraltı- yürüstü sərvətlərimizi talan ediblər. Bütün bunlar beynəlxalq humanitar hüququn pozulması hesab edilir və müharibə cinayətləri kateqoriyasına aiddir. Çox təəssüf ki, bu cinayətləri törətmiş və Azərbaycan dövləti tərəfindən beynəlxalq axtarışda olan ermənilərin heç biri Rusiyada saxlanılıb, Azərbaycana təhvil verilməyib. Hansı ki axtarışa verdiyimiz ermənilərin əksəriyyəti də bu illər ərzində Rusiyaya çox rahat girib- çıxıblar.
Bəs, belə vəziyyətdə beynəlxalq hüquq və beynəlxalq öhdəlik harada qalır?! Beynəlxalq hüquq normalarını ayaqlar altına alan ermənilərə dünya göz yumur, amma bir Azərbaycan gənci əsassız və absurd iddialarla Ermənistanın sorğusu əsasında həbs edilir. Məsələnin artıq Azərbaycan dövlətinin diqqətində olduğunu vurğulayan Ç. Qənizadə deyib ki Rusiyanın məhkəmə hakimiyyəti Ermənistanın əsassız iddialarına yox deyərək Kamili elə bu gün azad edəcək. Azərbaycan Xarici işlər Nazirliyinin və Rusiyadakı fövqəladə və səlahiyyətli səfirimiz Polad Bülbüloğlunun açıqlamalardan aydın olur ki, ölkəmizin rəsmi qurumları Kamil Zeynallının həbsini dövlət səviyyəsində diqqətdə saxlayır. Kamil Zeynallının videomüraciətinə baxdım. O deyir ki, yaxın saatlarda məhkəməyə çıxarılacaq. Əminəm ki, məhkəmə ermənilərin əsassız iddiasını rədd edəcək. O sərbəst qalacaq”.
Ermənistan Rusiyaya meydan oxuduğunu xatırladan Ç. Qənizadə deyib ki, Ermənistan bu gün KTMT-dən çıxmaq və NATO-nu öz ərazisinə gətirmək istəyir. Bu hər nə qədər inandırıcı olmasa da. Ermənistan Vladimir Putinin həbsi ilə bağlı beynəlxalq konvensiyaya qoşulub. Bütün bunların fonunda Rusiya hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan vətəndaşının heç bir əsas olmadan saxlaması yolverilməzdir. Yuxarıda da qeyd etdiyim kimi bu artıq bir fərdin saxlanılması deyil, siyasi məsələdir.