Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə açıqdır, ancaq əvvəlcə gərək Kiyev Moskva ilə dialoqda özünə qoyduğu qadağanı aradan götürsün.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Braziliyanın “O Qlobo” (O Globo) qəzetinə müsahibəsində bildirib.
“Rusiya münaqişənin sülh yolu ilə həllinə açıqdır. Bununla belə, həm Kiyevdəki, həm də Qərbdəki opponentlərimiz Rusiyaya qəbuledilməz ultimatum qoyan Vladimir Zelenski düsturunu irəli sürməyə köklənib. Onlar digər təşəbbüsləri, o cümlədən Braziliyanın irəli sürdüyü təşəbbüsü qəti şəkildə rədd edirlər”, - o bildirib.
Rusiya Ukrayna arasında sülhün vacibliyindən danışan siyasi şərhçi Mübariz Göyüşlü “Sherg.az”a bildirib ki, bu müharibə hər iki ölkə və xalqı çox çətin vəziyyətə salıb:
“Xüsusilə də Ukraynada dövlətin infrastrukturu zədələnib. Həmçinin Ukraynada xeyli sayda mülki şəxslər həlak olur. Ümumiyyətlə sülh təşəbbüsünü müsbət dəyərləndirmək lazımdır. Amma Lavrovun təklif etdiyi prinsip ilə Ukrayna və ona dəstək verən Qərb ölkələrinin razılaşacağı şübhəlidir. Çünki Kiyevin tələbi bütövlükdə Kırım da daxil olmaqla Rusiya qoşunlarının bölgədən çıxarılmasıdır. Rəsmi Moskva isə bunu qəbul etmir. Hesab edirəm ki, indiki məqamda Zeleniskinin Rusiya ilə masa arxasına oturması vacibdir. Ukraynanın vəziyyəti çox çətindir və savaşı davam etdirmək potensialı yoxdur. Rusiya isə bu durumdan istifadə edir”.