2023-cü ildə Türkiyə vətəndaşları Ermənistanın paytaxtı İrəvanda çoxmərtəbəli yaşayış binalarından ümumilikdə 3 mənzil alıblar.
Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Həmçinin Azərbaycan vətəndaşlarının da 2022-ci ildə biri İrəvanda, digəri Loridə (Loru mahalı) olmaqla iki daşınmaz əmlak aldıqları iddia edilib, lakin onların kimliyi açıqlanmayıb.
Məlumatda qeyd olunur ki, Azərbaycan vətəndaşları 2023-cü ildə Ermənistanda ev almayıblar.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Tofiq Abbasov söyləyib ki, Bu faktlar diqqətlə yoxlanılmalıdır:
“Müxtəlif mənbələr belə xəbərlər yayırlar və bunun reallığa nə qədər yaxın olması sual doğurur. Ümumiyyətlə Türkiyə vətəndaşlarının Ermənistana tez-tez gəlişi barədə məlumatlar yayılır. Türkiyədə Ermənistanla münasibətlərin bərpa edilməsi, diplomatik əlaqələrin yaranması ilə bağlı tərəfdarların olması sirr deyil. Yəni barışığa həm Ermənistanda, həm də Türkiyədə hazır olan qüvvələr mövcuddur. Bu istiqamətdə məqsədə gedən yol isə enişli-yoxuşludur. İlk növbədə isə Azərbaycan və Ermənistan arasında münasibətlərin bərpası ilə şərtlənir. Şəxsi zəmində vətəndaşların hansısa əlaqələri varsa, onlar İrəvan və digər şəhərlərdə mənzil alıb, mülkiyyət sahibi ola bilərlər. Əgər Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlanarsa, vətəndaşlar Ermənistandan ev ala bilərlər. Onların isə ilk növbədə təhlükəsizliyi təmin edilməlidir. Hesab edirəm ki, bu məsələlər rəsmi orqanların diqqət mərkəzindədir. Azərbaycan vətəndaşları kimi şəxslər hümanitar fəaliyyət adı altında casusluqla məşğul idilər. Daha sonra onlar zərərsizləşdirildi. Eyni zamanda Ermənistan vətəndaşları da Azərbaycanda casusluqla bağlı yaxalanıblar. Əgər gələcək zamanda hansısa Azərbaycan vətəndaşı Ermənistanda ev almaq istəsə, ilk öncə niyyətini bildirməlidir. Azərbaycan tərəfindən buna heç bir etiraz olmaz. Amma erməni cəmiyyətinin Azərbaycan vətəndaşlarını özlərinin ətrafında nə qədər istəməsi sual altındadır”.