2023-cü ilin sentyabr əməliyyatından sonra Qarabağdakı separatçı rejimin ləğvi elan olunsa da, Ermənistanda separatçıların təşkilatlanması və fəallaşması davam edir. Ermənistan paytaxtında üzərində “Arsax bayrağı” dalğalanan “Arsax nümayəndəliyi”nin saxlanması,
Vardan Oskanyanın rəhbərliyi ilə «Arsax xalqının vətənə qayıdışı”nı koordinasiya edəcək komissiyanın yaradılması,
20 fevral Qarabağda separatçı hərəkatın başlamasının ildönümü günü “Arsax” “rəhbərləri”nin yenidən üzə çıxması, Ermənistanın mətbuatında yayılan məlumatlara əsasən, keçmiş separatçı rejimin “nümayəndələri”nin gizli olaraq Ermənistan parlamentinin fraksiyaları və siyasətçilərlə çoxsaylı görüşlər keçirməsi buna sübütdur.
Bütün bunlar Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqda bəyanatlarına ziddir və Ermənistanın danışıqlar prosesində qeyri-səmimi yanaşmasını sübut edir.
Ermənistan Nikol Paşınyan bəyan etdiyi Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, onda öz ərazisində Azərbaycana qarşı ərazi iddialar ilə çıxış edən separatçıların fəaliyyətinə dərhal son qoymalıdır.
Məsələ ilə bağlı “Sherg.az”a danışan politoloq Natiq Miri bildirib ki, bu gün “Dağlıq Qarabağ” separatçı rejiminin qalıqlarının aktivləşməsi müəyyən güc mərkəzlərinin geosiyasi maraqlarına xidmət edir:
“İndiki vəziyyətdə separçıların fəallaşması heç də Ermənistandakı mövcud hakimiyyətin siyasi maraqlarını ifadə etmir. Çünki bəzi qüvvələr bu qayəni aktiv saxlamaqla Qarabağdan öz xoşu ilə köçmüş erməniləri Nikol Paşinyan hökümətinə qarşı qaldırmaq istəyirlər. Eyni zamanda Nikol Paşinyanı istefaya göndərmək üçün növbəti etiraz dalğasına başlanılır. Buna görə də on minlərlə Azərbaycanı tərk etmiş erməniləri prosesə cəlb etməyə çalışırlar. Məsələnin arxasında Rusiya izləri görünməmiş deyil. Amma separatizmin basdırılmaması üçün konkret maraq və maliyyələr var. Yəni bunun arxasında təkcə Rusiya deyil, eyni zamanda erməni diasporu da dayanır. Rusiya, Fransa, Amerika kimi ölkələrdə yaşayan erməni diasporası hər zaman Qarabağda separatizm qayəsinin qalmasına çalışıblar. Çünki bu onların regionda müəyyən maraqlarını təmin etməsi üçün həmişə alət olaraq istifadə edilib”.
Ekspert onu da qeyd edib ki, xarici erməni diasporları 30 il Azərbaycan torpaqlarını işğalda saxlamaqla milyardlar qazanıb:
“Bu gün də separatçı rejimi yenidən dirçəltmək həm Nikol Paşinyan hakimiyyətinə, həm də Azərbaycana qarşı beynəlxalq səviyyədə təsir mexanizmidir. Nikol Paşinyan höküməti də bununla bağlı müəyyən dirəniş göstərir. Nikol Paşinyan seperatçı rejimlə bağlı Azərbaycanın həssas olduğunu yaxşı bilir. Paşinyan Ermənistanın ərazi bütövlüyünün tanınmasını istəyir. Əgər Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan hərəkət etsə və separatizm qayəsinin yenidən aktivləşməsinə şərait yaratsa, öz hakimiyyətinin maraqlarını ifadə etmiş olacaq”.