Dünya artıq Azərbaycanda sabitlik olduğunu anlayır
Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək.
COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur.
Qeyd edək ki, COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaq olur.
Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplayırlar.
İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçınılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər.
COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi və Azərbaycanın iqlim dəyişikliyinin təsirinin azaldılması istiqamətində fəaliyyəti qlobal səviyyədə təqdir edilir. Xarici ekspertlər Azərbaycanın külək və günəş enerjisinə investisiyalar ilə yaşıl gündəliyə sadiqliyini, Xəzər dənizindəki külək stansiyalarından əldə edilən yaşıl enerjinin Avropaya ötürülməsi üçün Qara dənizin altından elektrik kabelinin çəkilməsi istiqamətində tədbirləri və COP29 barədə yüksək gözləntiləri xüsusi vurğulayırlar. Bu açıqlamalar ölkəmizin ənənəvi enerjidən bərpa olunan enerjiyə keçidi təşviq edən başlıca aktorlardan birinə çevrildiyini təsdiqləyir.
Yerli mütəxəssislər isə hesab edir ki, ölkəmizin bu tədbirə ev sahibi seçilməsi Azərbaycanın qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıda bildiyinin və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini göstəricisidir. Tədbirin Azərbaycanda keçirilməsi isə onun bu istiqamətdə daha da tanınmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə şərait yaradacaq.
Qeyd edək ki, Avropa Komissiyası BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını uğurla keçirmək üçün COP29 komandası ilə sıx əməkdaşlıq edəcək. Bunu Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson martın 1-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu toplantısı ilə bağlı Azərbaycan mətbuatına açıqlamasında bildirib.
O, Avropa İttifaqının Azərbaycanın COP29 konfransında 2030-cu ilədək bərpaolunan enerji imkanlarını üçqat, enerji effektivliyi üzrə tədbirləri isə ikiqat artırmaqla bağlı qlobal öhdəliyə qoşulmasını müsbət qarşıladığını vurğulayıb.
Kadri Simsonun sözlərinə görə, “Yaşıl enerji” üzrə ikinci Məşvərət Şurasında əsas diqqət Azərbaycanda dənizdə külək və günəş enerjisi üzrə böyük imkanların, eləcə də, regional səviyyədə fiziki qarşılıqlı əlaqələrin və bazar inteqrasiyasının inkişafına yönəldiləcək.
COP29-un Azərbaycanda keçirilməsinin kifayət qədər əhəmiyyətli bir hadisə olduğunu vurğulayan millət vəkili, professor Kamilə Əliyeva isə “Sherg.az”a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə ölkəmizin nüfuzu günbəgün artmaqdadır:
“Azərbaycanın müstəqil siyasət aparması, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşması, eləcə də, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkəmizə hörməti artırıb”.
COP29-un ölkəmizdə keçirilməsinin həm də böyük siyasi əhəmiyyəti olduğunu vurğulayan K.Əliyevanın sözlərinə görə, bu cür mötəbər tədbirin Azərbaycana həvalə edilməsi dünya dövlətlərinin ölkəmizə etimadının bariz nümunəsidir:
“Artıq hər kəs Azərbaycanda sabitlik olduğunu anlayır. Azərbaycan dünyada qlobal təşəbbüslərin və beynəlxalq tədbirlərin təşkilatçısı kimi günü-gündən nüfuzunu daha da möhkəmləndirir. Bu baxımdan COP29 beynəlxalq tədbirinin ölkəmizdə keçirilməsi olduqca əhəmiyyətli tarixi hadisədir”.
Ölkəmizin irimiqyaslı və nüfuzlu beynəlxalq tədbirlərini hər zaman çox yüksək səviyyədə keçirdiyini diqqətə çatdıran millət vəkili COP29 konfransının da uğurla keçəcəyini deyib:
“İlin sonunda bütün dünyanın gözü iki həftə boyunca Azərbaycanda olacaq. Təxminən 70-80 min xarici qonağın Bakıya səfəri gözlənilir. Ölkəmiz bu mötəbər tədbirə də uğurla ev sahibliyi edəcək. Azərbaycan xalqı, mötəbər təşkilatlar, dövlətlər də ölkəmizin COP29-a uğurla ev sahibliyi edəcəyindən əmindir”.
K.Əliyevanın sözlərinə görə, dünyada neft və qaz ölkəsi kimi tanınan Azərbaycan dövləti başçısının yürütdüyü siyasət nəticəsində artıq “yaşıl enerji” ölkəsinə çevrilir:
“Yaxın gələcəkdə Azərbaycanda istehsal olunan "yaşıl enerji" də dünya bazarlarına çıxarılacaq. Bir sıra Avropa dövlətləri Azərbaycandan alacağı "yaşıl enerji" sayəsində öz enerji təhlükəsizliyini möhkəmləndirəcək. Cənab Prezidentin müvafiq Sərəncamına əsasən, “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması da bu məsələdə xüsusi önəm daşıyır. Bu əlamətdar hadisə Azərbaycanın dünyada baş verən iqlim dəyişiklikləri, qlobal istiləşmə fonunda alternativ yollar axtarılması, yaşadığımız dünyanın qorunub-mühafizə edilməsi istiqamətində irəli sürdüyü mühüm təşəbbüslərdən biridir. Bu Sərəncam həm də ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası, su ehtiyatlarından səmərəli istifadə olunması, alternativ enerji mənbələrinin axtarılması zərurətinin önəmini özündə ehtiva edir”.