Azərbaycanda İran təsirinə düşmüş müxtəlif şəxslərə qarşı dövlətin güc orqanları hər zaman ayıq-sayıqdır
Azərbaycanda İranın molla rejimini təbliğ edənlərə qarşı əməliyyatlar davam edir.
Bu barədə MOUZE Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində Astara rayon sakinləri Bəxtiyar Məmmədov, Eyvaz Baxşıyev, Biləsuvar rayon sakini Rahil Ağayev, Neftçala sakinləri Hüseyn Rzayev, Nəsrəddin Nəsirov və MBH üzvü Ceyhun Hacıyev tutulublar. Qeyd edək ki, əməliyyatla bağlı rəsmi məlumat yoxdur.
Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, ilahiyyatçı Tural İrfan isə “Sherg.az”a açıqlamasında deyib ki, mövcud vəziyyət Azərbaycan daxilində İran şəbəkəsinin təmizlənməsini labüd edir:
“Azərbaycanda İran təsirinə düşmüş müxtəlif şəxslərə qarşı dövlətin güc orqanları hər zaman ayıq-sayıqdır. Bu tədbirlər sırasında saxlanılanların sayı ona görə azalmır ki, İran ölkəmizdə uzun illər ərzində bu şəbəkəni qurub, özü də din pərdəsi altında. Müxtəlif səbəblərdən bunu inkişaf etdirməyə zəmin tapıblar. İkinci Qarabağ savaşından sonra artıq bıçaq sümüyə dirəndi və bu şəbəkənin daxildə təhlükəsi ciddi hiss olunmağa başladı. Nəticədə uğurlu əməliyyatlar, ciddi tədbirlər görüldü.
İran əsasən din amilindən sui-istifadə edərək insanların inancı vasitəsilə onları özünə çəkir. Məlumdur ki, İran həm islama, həm də beynəlxalq qanunlara, qonşuluq münasibətlərinə hər zaman xələl gətirir və uzun illər Ermənistana dəstəyini gizlətmir. Hazırda da Zəngəzurda hərbi baza yaratmaq istəyini dilə gətirir.
Biz isə hər zaman qonşuluq dəyərlərinə hörmətlə yanaşıb tarixi bağlılığımızı unutmamağı tövsiyə etmişik. İran isə ögey münasibət bəsləyərək bizi absurd məsələlərdə ittiham etməyə çalışıb, ölkəmizdə terror aktına yol verib. Səfirliyimizə qarşı hücum aktı həyata keçirilib bunun fonunda.
Ola bilsin, əvvəldən bizdə də müəyyən boşluqlar olub ki, İran ölkəmizdə bu qədər insanı təsir altına sala bilib. Ancaq son müharibədən sonra, Azərbaycan Qarabağı azad etdikdən sonra İran sanki daha çox narahat olmağa başladı və öz təsirinə saldığı mənbələri daha da aktivləşdirməyə çalışdı”.
T.İrfan hesab edir ki, dövlətimizin təhlükəsizlik orqanları daima yad təsirlərə düşüb təhlükə yaradan şəxslərə qarşı mütəmadi tədbirlər görməli, şübhəli şəxsləri nəzarətə almalıdır:
“Ölkəmizdə tam dini tolerantlıq hökm sürür. İranın özündə dinlə bağlı problemlər var, Azərbaycanda yox. Ona görə din adı ilə çıxış edib hansısa siyasi fikirlər adı altında xarici maraqları ölkəmizdə təxribat dili ilə ifadə etmək istəyənlərə qarşı hər zaman nəzarət və tədbirlər görülməlidir”.