Partlamağa hazır bomba: Fransa Ermənistanı niyə silahlandırır?

Fransanın tutduğu mövqe beynəlxalq konvensiyalara ziddir. Hər zaman ermənilərə havadarlığı ilə tanınan Fransa Azərbaycana qarşı növbəti çirkin niyyətini sərgiləyir. Fransa özünü BMT və beynəlxalq prinsiplərə sadiq sivil dövlət kimi yox, irticaçı ölkə kimi aparır və kolonizator simasını gizlətmir. Eyni zamanda Azərbaycana qarşı bütün addımları nəticəsiz qalan və Prezident İlham Əliyevə məğlub olan Makron indi Ermənistanı yeni müharibəyə hazırlaşdırır.

Məsələ ilı bağlı “Sherg.az”a danışan politoloq Aytən Qurbanova bildirib ki, Fransanın imperialist çıxışları heç də yeni yaranmış maraqların təzahürü deyil: 
“Otuz ilə yaxın davam edən danışıqlar dövründə də Fransa “vasitəçi” olduğu halda Ermənistanın işğalçılıq siyasətindən diqqəti yayındırmaq cəhdləri ilə sülhü mümkünsüz edən tərəflərdən biri olub. Bugün də biz eyni Fransanın əsassız və qərəzli iddialarının Ermənistanın işğalçılıq siyasətindən diqqəti yayındıraraq Azərbaycanı hədəf göstərmək cəhdlərinin şahidi oluruq. Təbii ki, bu addımların arxasında dayanan ən böyük səbəb Azərbaycanın hərbi-diplomatik uğurları nəticəsində yaranmış yeni reallıqlara kölgə salaraq regiona nüfuz etmək cəhdləridir. Bu istiqamətdə Ermənistanın alət olaraq istifadə etməyə davam edərək sözdə “sülh” çağırışları belə ifadə edilir. Amma əsl niyyətinin sülh deyil, məhz qarşıdurma yaradaraq yeni münaqişə ocağına çevirmək olduğunu onun bütün addımları bariz şəkildə sübut edir”.

Xanım politoloq qeyd edib ki, diplomatik masa arxasında Azərbaycana qarşı heç bir təsir gücünün olmadığını görən Makron indi də Ermənistana silah və hərbi texnika “hədiyyə” etməklə regionda hərbi varlığını sübut etməyə çalışır:
“Bu addımlarını əsaslandıraraq diqqət çəkməmək üçün də Ermənistana qarşı Azərbaycan tərəfindən olan xəyali “təhdidlərdən” danışır. Qısaca ifadə etsək, Ermənistan bugün Yelisey sarayının, Ağ evin, Kremlin, rəsmi Tehranın və ya “görünməyən” bir sıra başqa siyasi dairələrin maraqlarının toqquşduğu “alət dövlət” kimi Cənubi Qafqazın təhlükəsizliyi üçün hədə olaraq hər an partlamağa hazır potensial bombadır. Çünki bu qədər “ağanın” təsir gücünün olduğu bir dövlət heç vaxt öz daxilində belə sabitliyə nail ola bilməz, nəinki davam edən sülh danışıqlarında qətiyyətli mövqe nümayiş etdirərək götürülən öhdəlik icra edə bilsin. İstisnasız olaraq bu vəziyyət də Fransanın maraqlarının ifadə olunması üçün əlverişli şərait formalaşdırır. Amma Ermənistanın “ağalarının” kimliyindən və ya maraqlarının nə qədər məkrli olmasından asılı olmayaraq, onların qarşısında öz mövqeyini, təhlükəsizliyini müdafiə etmək gücünə sahib qətiyyətli, qalib Azərbaycan var və olmağa da davam edəcək”.