Fransanın "bacısı"na dəstəyi: Azərbaycan düşmənçiliyi davam edir!

Paşinyanın Parisə səfərindən sonra Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) ilə Ermənistan kəşfiyyatı arasında Azərbaycan, İran, Rusiya və Türkiyə üzrə kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq əldə olunub.
Bununla bağlı Fransanın “Aqoravox” nəşri məlumat yayıb.
Məlumatda eyni zamanda Fransanın Ermənistana xüsusilə sərhədlər boyunca mövcud hərbi vəziyyətlə bağlı peyk məlumatlarını göndərməyi üzərinə götürdüyü bildirilib.

 Məsələ ilə bağlı “Sherg.az”a danışan hərbi ekspert Ədalət Verdiyev söyləyib ki, Fransa Azərbaycan və Türkiyəyə qarşı düşmən münasibətini hələ də davam etdirir: 
“Ermənistanın iddialarından da daha üstün fikirləri Azərbaycana  istiqamətləndirən Fransa regionda sülh və sabitliyə mane olmağa çalışır. Həmçinin Fransa təhlükəsizlik məsələsində tamamilə sahibsiz qalan Ermənistanı öz çətiri altına çəkməklə müdafiə, hücum silahları və kəşfiyyat məlumatları ilə təmin etməklə bağlı üzərinə öhdəlik götürür. Bunlar isə birmənalı şəkildə Azərbaycana qarşı düşmənçilik siyasətidir”. 

Hərbi ekspert vurğulayıb ki, Ermənistan müharibədən əvvəl də digər havadarlarından silah-sursat və kəşfiyyat məlumatları əldə edirdi:
“Amma bu Ermənistanı Vətən müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən qorumadı. Fransa indiyə qədər heç bir ölkənin təhlükəsizliyinə zəmanət verməyib. Fransanın fərari ordusuna malik Ermənistan dövlətinə verdiyi dəstək İrəvanı Bakı qarşısında götürdüyü öhdəliklərdən azad edə bilməyəcək. Ermənistanın bu gün təhlükəsizliyinə zəmanət verə biləcək ölkə Azərbaycan və Türkiyə birliyidir. Hansısa digər ölkənin bu məsələdə öhdəlik götürməsi Ermənistanın süqutu ilə nəticələnə bilər”.