Deputat: Ordumuz və xalqımız hər senariyə hazır olmalıdır

Düşmənlərimiz istənilən vaxt öz çirkin niyyətlərinə əl ata bilər.

Azərbaycanda respondentlərin 55,8%-nin fikrincə, ötən ilin əvvəllərində Qarabağ ətrafında gedən hərbi-siyasi proseslərin, ekoloji aksiyaların və sərhəd nəzarətinin təmin olunmasının ardından çətin dövr artıq geridə qalıb.
Bu Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticəsində məlum olub. Respondentlərin 27,2%-i “hazırda çətin dövrdən keçirik” cavabını qeyd edərkən 15,7%-i çətin dövrün irəlidə olduğunu bildirib.
Sorğunun nəticələrinin respondentlərin sosial-demoqrafik parametrlərinə görə təhlili onların rəylərində müxtəlif amillərin təsirli olduğunu göstərib. Yaş artdıqca “çətin dövr geridə qalıb” mövqeyində olanların sayında daha çox artım qeydə alınıb. Bu mövqe ali təhsillilərin 55,1%-i, dövlət sektorunda işləyənlərin 69,4%-i və təqaüdçülərin 62,5%-i tərəfindən ifadə olunub. “Hazırda çətin dövrdən keçirik” cavabı əsasən kişilərlə müqayisədə qadınların, həmçinin aztəminatlı qrupların rəylərində yer tutub.

STM-in sorğusunu dəyərləndirən millət vəkili Azər Badamov isə “Sherg.az”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunda iştirak edən respondentlərin çoxluğu ilə razılaşdığını deyib. Millət vəkilinin sözlərinə görə,  Cənab Prezident İlham Əliyev Xankəndidə səs verməklə Dağlıq Qarabağ məsələsinin tabutuna son mismarını vurdu və dəfn edildi: 
“Artıq Azərbaycanda belə bir inzibati ərazi mövcud deyil. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları var və bu ərazilərdə suverənliyimiz təmin olunaraq üçrəngli dövlət bayrağımız dalğalanır. Amma bu o demək deyil ki, bundan sonra özümüzü rahat hiss edib passivləşməliyik. Üç il əvvəl  müharibə başa çatsa da, bu gün bizim daha çox güclənməyimiz tələb olunur.  Qərbdəki ağaları Ermənistanı yenidən silahlandırır. Məqsədləri isə Ermənistanı növbəti müharibəyə hazırlamaqdır. 5 aylıq sükutdan sonra, Fransanın cızdığı senarisi üzrə 14 fevraldan başlayaraq  şərti sərhəddə atəşkəsin pozulduğunu da görürük. O cümlədən Fransanın hərbiçiləri tərəfindən ermənilərə təlimlərin keçirildiyini də müşahidə edirik. Bütün bu proseslər gözümüzün qabağında baş verə-verə, biz necə rahat ola bilərik?”. 

A.Badamovun sözlərinə görə, Qarabağ münaqişəsi bitsə də, ordumuz və xalqımız hər bir senariyə hazır olmalıdır. Əgər Ermənistan Qərbin dəstəyi ilə şərti sərhəddə hücum edib müəyyən strateji hündürlükləri işğal edərək danışıqlar masasında üstünlük qazanmaq planını işə salmaq istəsə, biz buna  dərhal reaksiya verməli və düşmənin həmləsinin  qarşısını tez zamanda almalıyıq: 
“Bu baxımdan müharibənin başa çatdığı üç ildən artıq bir dövrdə dövlət başçımızın tapşırığı ilə yeni ordu birləşmələri yaradılır. Orduya müasir silahlar alınır və mütəmadi olaraq hərbi təlimlər keçirilir.  Bu gün ordumuz 44 günlük Vətən müharibəsində döyüşdüyündən daha güclüdür. Keçən ilin 20 sentyabrda keçirdiyimiz bir sutkalıq hərbi əməliyyatda Ermənistanın 15 minə yaxın silahlını təslim etməsi ordumuzun yeni gücünün göstəricisidir. Amma biz heç vaxt arxayınlaşmamlıyıq. Düşmən hər zaman öz çirkin niyyətlərinə əl ata bilər. Ordumuz  da daima düşmənin hər hansı  bir təxribatına və ya hücumuna cavab vermək iqtidarında olmalıdır. Bizim qarantımız ancaq öz gücümüz və ordumuzdur”.