"Biz bütün fransız əsgərlərini öldürəcəyik!"- Rusiya mediasından müharibə bəyanatı


Hərbi ekspertlər, analitiklər və hətta dövlət liderləri deyirlər ki, Fransanın Ukraynaya qoşun göndərməsi qlobal müharibəyə, hətta qlobal nüvə müharibəsinə gətirib çıxaracaq. 
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, məsələ ilə bağlı gün ərzində açıqlamalar verən Rusiya rəsmisi alovun üzərinə sözün əsl mənasında benzin töküb. Moskvanın bəyanatı dünya mediasında rezonans doğurub.
Artıq ikinci ilini tamamlayan Rusiyanın Ukraynanı işğal etdiyi müharibə bütün xaosu ilə davam edir. 2023-cü ilin yayında Qərb müttəfiqlərinin intensiv silah dəstəyi ilə ikinci əks-hücum əməliyyatına başlayan Ukrayna ordusu ərazisinin beşdə birini işğal edən rus qoşunlarını dəf edə bilməyib. 1000 kilometrdən çox uzanan cəbhə xəttində baş verən ölümcül toqquşmalar nəticəni dəyişməsə də, rus işğalçıları 2022-ci ilin mayından sonra ilk ciddi qələbəsini ötən ay Avdiivkanı ələ keçirməklə əldə etdilər. Donetsk yaxınlığındakı Avdiivka şəhəri müharibədən əvvəl də atışmaların davam etdiyi bir nöqtə idi.

Fransa prezidenti Emmanuel Makron fevral ayında Rusiyanın Ukrayna müharibəsində məğlubiyyətinin Avropanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıdığını bildirib. Makron deyib ki, Ukraynaya daha çox hərbi yardım göndərilməsini müzakirə etmək üçün bir araya gətirdiyi Avropa liderləri Ukraynaya qoşun göndərilməsi ilə bağlı konsensusa gələ bilməyiblər. Makron, "Lakin heç bir variant gözardı edilməməlidir. Biz Rusiyanın qalib gəlməsinin qarşısını almaq üçün lazım olan hər şeyi edəcəyik" deyib.

Makronun Qərb ölkələrinin Ukraynaya qoşun göndərməsi gündəminə ABŞ başda olmaqla bir çox ölkə reaksiya verib. Avropa ölkələri arasında İngiltərə və İtaliyanın reaksiyaları diqqət çəkdi.

Məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putin deyib:

 "Nüvə münaqişəsi təhlükəsinin olduğunu başa düşmürlərmi? Bu müharibə nəticəsində sivilizasiya yox ola bilər. Güclü Rusiya olmadan möhkəm qlobal nizam mümkün deyil. Ərəb ölkələri və Latın Amerikası ilə əlaqələri gücləndirmək vacibdir”.

 
Rusiyanın rəsmi mediası TASS Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun  açıqlamalarına yer verib. Fransanın Ukraynaya hərbçi göndərmək ehtimalını dəyərləndirən Tolstoy deyib: “Ukrayna ərazisinə gələcək bütün fransız əsgərlərini öldürəcəyik. İndiyədək Ukraynaya gələn 367 fransız muzdlu əsgəri aşkarlanıb, onlardan 147-si zərərsizləşdirilib".