"ToplumTv"-nin toplumu aldatması - Yeni faktlar aşkarlandı

“Toplum TV”-nin xaricdən cəlb olunmuş qeyri-qanuni qrant vəsaitləri hesabına fəaliyyət göstərdiyini əks etdirən yeni məlumatlar ortaya çıxıb. Hazırda bu iş üzrə saxlanılan şəxslər müxtəlif beynəlxalq donor təşkilatlarının qrant layihələrindən pul əldə ediblər. Bu təşkilatların arasında Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi", "People in Need", “Zinc Network”, “Open İnformation Partnership”, “Transitions”, “OC Media” və digərləri var. Məlum olub ki, həmin təşkilatlardan ayrı-ayrı layihələr adı altında külli miqdarda qeyri-qanuni maliyyə vəsaiti cəlb olunub. 

Bu vəsaitlər həm xarici ölkələrdə nağdlaşdırılaraq müxtəlif yollarla ölkəyə gətirilib, həm də ölkə daxilində əsas məqsədi gizli saxlanılan bank hesabları vasitəsilə nağdlaşdırılıb. Şəbəkə formasında həyata keçirilən bu proses zamanı qanunvericilik pozularaq, layihələrin heç biri Ədliyyə Nazirliyində qeydə aldırılmayıb. Layihələr üzrə verilən vəsaitlər isə hissələrə bölünərək, Azərbaycan, Gürcüstan və bəzi Avropa ölkələrindəki banklar üzərindən köçürmələr edilib. Şəbəkənin qeyri-qanuni maliyyə vəsaitləri əldə etdiyini əks etdirən faktlarla təqdim olunan videoda tanış olmaq mümkündür. Videoda əksini tapmış sənədlər təsdiqləyir ki, vəsait hissələrə bölünərək nağdlaşdırılıb. Şəbəkə üzvləri diqqət çəkməmək üçün bu üsula əl atıblar. Lakin məbləğləri topladıqda müxtəlif layihələr adı altında, əslində, ölkəyə qeyri-qanuni olaraq külli miqdarda vəsaitin cəlb olunduğunu görmək olar. Demokratik Təşəbbüslər İnstitutunun təsisçisi rəhbəri Akif Qurbanov xarici təşkilatlardan qrantlar əldə etmək üçün müvafiq sənədlər hazırlayaraq təqdim edib. O, eyni zamanda, “III Respublika Platforması”nın təsisçisi və spikeridir. Ələsgər Məmmədlinin hüquqi təsisçisi olduğu “Toplum TV”-nin redaksiyası da Demokratik Təşəbbüslər İnstitutunun ofisində fəaliyyət göstərir. Beləliklə, “Toplum TV”-nin Demokratik Təşəbbüslər İnstitutu ilə koordinasiyası təmin edilib. Araşdırmalardan aydın olur ki, məhz Demokratik Təşəbbüslər İnstitutunun üzvü Əli Zeynalov 2021-ci ildən 2024-cü ilədək hər ay yuxarıda qeyd olunan təşkilatlardan pul vəsaitləri əldə edib. Əli Zeynalov bu vəsaitləri əldə etmək üçün müxtəlif xarici və yerli banklarda açdığı hesablardan yararlanıb. Əldə olunmuş vəsait isə “Toplum TV”-yə, əməkdaşlara və hələlik məlum olmayan digər məqsədlərə sərf olunub. Qeyd olunmalıdır ki, əvvəlki dövrdə də ABŞ tərəfindən Azərbaycanda analoji fəaliyyətin təşkil edilməsi və idarə olunması, bu prosesin 1990-cı illərin sonlarından başlayaraq artan xətt üzrə inkişaf etdirilməsinə dair çoxsaylı faktlar var. Azərbaycanda ABŞ-ın Milli Demokratiya İnstitutunun (NED), USAİD-in və digər təşkilatların fəaliyyəti, NED-in Azərbaycan üzrə ofisinin rəhbəri olmuş Aleks Qriqorevsin təşkilatçılığı ilə 2011-2012-ci illərdə bu məqsədlərə 2 milyon ABŞ dolları həcmində vəsait xərcləndiyi, həmin dövrdə gənclərin Bakıda Fəvvarələr meydanında itaətsizlik aksiyalarının keçirilməsi, hətta “molotov kokteylləri”ndən istifadə edilməsinin planlaşdırılması da müəyyən edilmiş faktlardır. Qərbin Azərbaycanda yaratdığı şəbəkəyə yerlərdə rəhbərlik edən şəxslərin bu prosesdə fəal iştirakı, onların məsələnin mahiyyəti barədə xəbəri olmayan gəncləri öz dövlətinə qarşı fəaliyyətə cəlb etmələri mahiyyət etibarilə öz təsdiqini tapır. Buna görə də bu prosesə aldadılaraq cəlb olunmuş şəxslər sərbəst buraxılır. Ancaq onlarda cəlb olunduqları fəaliyyətin mahiyyətini dərk etməli və gələcəkdə bu tipli anti-milli fəaliyyətdən kənar durmalıdırlar. Hazırda həbsdə olan şəxslər də istintaq orqanları ilə əməkdaşlıq etməlidirlər.

Millət vəkili Elman Nəsirov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan demokratik inkişaf yolu seçmiş bir dövlətdir. 

Deputat vurğulayıb ki, bu yolu Ulu öndər Heydər Əliyev müəyyən edib: 

"Mətbuat üzərində senzuranı ləğv etməklə, ölüm hökmünü aradan qaldırmaqla və digər hüquqi addımlarla demokratik yol müəyyən edilib. Bugün də Prezident İlham Əliyev bütün sahələrdə, eyni zamanda demokratik inkişaf yolunda həmin kursu davam etdirir. Heç şübhəsiz, bugün Azərbaycanda azad mətbuat var. Nəzərə alaq ki, əhalinin 80 faizdən çoxu sosial şəbəkədən aktiv istifadə edir. Artıq sosial şəbəkə istifadəçisi sanki qəzet baş redaktoru, sayt rəhbəridir. Sosial şəbəkə istifadəçisi istədiyi fikri yaza bilir. Hətta cinayət tərkibi yaradacaq əməllər törədir. Ancaq çox vaxt cəzasız qalırlar. Bunları ona görə deyirəm ki, Azərbaycanda söz və mətbuat azadlığının guya qorunmaması ilə bağlı bəyanlar tamamilə yalan, uydurma və iftiradır. Hansı beynəlxalq qurum, qeyri-hökumət təşkilatı bu məsələni gündəmə gətirirsə, bilin ki, bu, çirkin geosiyasi niyyətlərin həyata keçirilməsi üçün vasitədir. "Demokratiya" adı altında Azərbaycana təzyiq göstərmək istəyənlər mətbuat azadlığının olmaması ilə bağlı yalanları tirajlayırlar. Əgər kimsə ölkəmizin qanunlarını pozubsa, mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdır. Heç kim hüquqi dövlətdə qanunun fövqündə dayana bilməz. Hamı, istənilən peşə sahibi qanun qarşısında bərabərdir. Media sahəsində çalışan şəxslər düşünməməıidir ki, o, digərlərindən fərqlidir, toxunulmazdır, fövqəladə səlahiyyətə, immunitetə malikdir".

Parlament üzvü vurğulayıb ki, "Toplum tv" və "abzasmedia"nın fəaliyyəti araşdırılanda məlum olur ki, onlar media, jurnalist adı altında tamamilə bu peşənin mahiyyətinə, fəlsəfəsinə zidd olan mövqe ortaya qoyublar: 

"Onların fəaliyyəti konkret qanun pozuntuları ilə müşayiət olunur. Xarici donorlar vasitəsi ilə ölkəmizdə qanunazidd hərəkətlərə rəvac verirlər. Növbədənkənar prezident seçkisi zamanı məlum oldu ki, "Toplum tv"nin bir sıra əməkdaşları xüsusi hazırlıqlar keçiblər. Məqsəd seçki məntəqələrində kiçik qüsurları şişirtmək, tirajlamaq, seçki nəticələrinə kölgə salmaq olub. Bununla bağlı təkzibedilməz faktlar üzə çıxıb. Eyni zamanda qaçaqmalçılıq faktları, donor təşkilatları sıx təmasları aşkarlanıb. Heç bir halda xarici donor təşkilatı pulunu havayı yerə bu qurumlara verməz. Bunun qarşılığında tələblər var. Pulu verən mahnını da sifariş edir. Reallıq budur. O baxımdan bəzi şəxslərin saxlanmasını demokratiyanın boğulması kimi təqdim etmək yolverilməzdir".

Aydın Baxış