Çingiz Qənizadə: Heç bir ölkə terrordan sığortalanmayıb

Mütləq ağır cəza olmalıdır

 “Gələcək təhlükələrdən özümüzü qorumaq üçün Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrinə dəyişiklik edilməlidir”
 
 
 Hesab edirəm ki, terrorla mübarizə məqsədilə Cinayət Məcəlləsindəki müvafiq maddələri daha da kəskinləşdirmək lazımdır.
Bu fikirləri Milli Məclisin dünənki  plenar iclasında  millət vəkili  Siyavuş Novruzov  deyib. Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə istər Vətən müharibəsində, istərsə də antiterror əməliyyatları zamanı həm Ermənistan, həm də onun havadarları tərəfindən Azərbaycanda sosial xarakterli fövqəladə vəziyyət yaratmağa nə qədər cəhd göstərildisə, nə qədər terror törətməyə çalışıldısa, hüquq-mühafizə orqanları bunların baş tutmasına imkan vermədi.
 Deputat vurğulayıb ki, Azərbaycanı, həmçinin müxtəlif yanğınlarla sınağa çəkməyə çalışdılar: “Bu halda da Fövqəladə Hallar Nazirliyi belə məsələləri aradan qaldırıb. Azərbaycanda terror aktının törədilməsinə icazə verilməyib”.
 O əlavə edib ki, terrorun əsas mənbəyi maliyyə, çirkli pullardır: "Hesab edirəm ki, Cinayət Məcəlləsindəki müvafiq maddələri daha da kəskinləşdirmək lazımdır. İstər mətbuat, siyasi partiya, QHT, istərsə də hərbçilər olsun, əgər kimsə mənbəyi məlum olmayan vəsait alırsa, bunun qarşısı dərhal alınmalı, mənbəyi araşdırılmalıdır. Çünki o maliyyə ölkədə hər hansı neqativ addımın atılmasına istifadə olunacaq. Heç kim qarşılıqsız pul vermir, verilən pulların sifarişi də var".

 Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə “Sherg.az”a açıqlamasında deyib ki, Milli Məclisdə narahatlıq doğuran və müzakirə olunan məsələ  təkcə Azərbaycanı yox, bütün dünya dövlətlərini narahat edən çox ciddi  problemdir: 
“Dünyada və regionda baş verən gərginliklər, müharibələr və terror hadisələri ilə bağlı araşdırma aparan zaman  onların arxasında maddi maraqlar, pul vəsaitləri və sifarişlər durur. Maliyyə faktoru olmasa dövlətlərə qarşı hər hansı bir cinayətlərin törədilməsi qeyri-mümkündür. Heç kim qarşılıqsız pul vermir, verilən pulların əvəzində mütləq hansısa sifariş, terror tələbləri olur.  Moskvadakı “Krokus Siti”də yaşanan qanlı terror əməlini törədən cinayətkarlar da elə ilkin dindirilmə zamanı bu dəhşətli əməli onlara ödənilən müəyyən məbləğ qarşılığında etdiklərini etiraf ediblər. Haqlı olaraq dövlətlər öz təhlükəsizliyini və sabitliyini təmin etmək üçün özlərinin Cinayət qanunvericiliklərində müəyyən  dəyişikliklər edib, müvafiq maddələri sərtləşdirmək barədə düşünürlər. Elə Rusiya  Federasiyasında terrorçuluq  və digər ağır cinayətlərlə bağlı ölüm hökmünün bərpası müzakirə predmetinə çevrilib. Hətta məndə olan məlumata görə, yaxın günlərdə bu məsələ  Rusiya Dumasında da gündəmə gətiriləcək. Avropa Şurasının tələblərindən biri budur ki, üzv dövlətlər ölkələrində ölüm hökmünü icra etməməlidir. Rusiya isə AŞ-də fəaliyyətini dondurduğu üçün bu cəzanın tətbiqi onlar üçün çətin olmayacaq”.

 Ç.Qənizadənin fikrincə, elə Avropa Şurasının özü də bu barədə ciddi düşünməlidir.  İndiki situasiyada Şuraya üzv dövlətlərin heç biri bu cür terrordan sığortalanmayıb: 
“Dövlətlərə və günahsız insanlara qarşı bu cür amansız terror əməli törədən insanlar mütləq şəkildə ən ağır cəza almalıdır. 140 insanın həyatına bais olan 4-5 terroristin 20-25 il həbsxanada qalıb, sonra da heç nə olmamış kimi həyatlarına davam etməsi başadüşülən deyil. Odur ki,  gələcək təhlükələrdən özümüzü qorumaq üçün mütləq Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrinə dəyişiklik edilməli, həm də mənbəyi bilinməyən pul vəsaitlərinin leqallaşdırılmasına şərait yaradan hallar aradan qaldırılmalı və bu vəsaitlər müsadirə edilməlidir. Prokurorluq orqanlarının, hüquq-mühafizə və təhlükəsizlik xidmətinin nümayəndələri ilə  parlamentarilər arasında  bu cinayətlərin ağır nəticələri  müzakirə edilərək  qanunvericilikdə bu və ya digər formada cəzaların sərtləşdirilməsinə baxılmalıdır”.