Ukrayna prezidenti Vladimir Zelenski Pasxa bayramı münasibəti ilə müraciət edib.
Pasxa mesajında Rusiyanın hücumlarına toxunan Ukrayna lideri Vladimir Zelenski , “Ukrayna və müharibələrdən əziyyət çəkən bütün xalqlar üçün əsl sülh yaxınlaşsın” deyib.
“Mən ukraynalıları və bu gün Pasxa bayramını qeyd edən bütün xristianları salamlayıram”, – deyən Zelenski mesajında ukraynalılara Rusiyanın hücumlarından qorunmağa çağırıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, sosial media hesabında paylaşım edən Zelenski, "Bu bayram bizə qaranlığın hakim olmasına imkan verməyəcək ruhun gücünü xatırladır. İradənin kölgədə qalmasına imkan verməyəcək. Ailələri, millətləri və qitələri birləşdirəcək"- deyib.
Zelenki sözlərinə belə davam edib: "Elə bir gecə, elə bir gün yoxdur ki, Rusiya terroru həyatımıza qəsd etməsin. Dünən gecə yenə insanlara qarşı raketlər və "Şahed" pilotsuz uçuş aparatları atdılar.
Amma biz özümüzü müdafiə edirik, dözürük, ruhumuz təslim olmur və bilirik ki, ölümün qarşısını almaq olar. Həyat qalib gələ bilər”.
Ukrayna lideri sonda qeyd edib: "Bu gün şərdən qorunmaq üçün edilən bütün dualar qəbul olunsun. İnanc bütün xeyirxah ürəkləri birləşdirsin və evlərini müdafiə edənləri gücləndirsin. Qoy bütün Ukrayna və müharibələrdən əziyyət çəkən bütün xalqlar üçün əsl sülh yaxınlaşsın".