Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) uzun müddətdir Azərbaycanda fəaliyyət göstərsə də, öz missiyasını yetirə bilməyib. Birinci Qarabağ müharibəsi zamanı 4 min nəfərdən artıq azərbaycanlının itkin düşməsinə baxmayaraq, BQXK-nın onların tapılaraq geri qaytarılması yönündə ardıcıl və məqsədyönlü işlər həyata keçirdiyini söyləmək çətindir. Təşkilat xeyli azərbaycanlının Ermənistanda əsir düşərgələrində saxlandığına dair dəqiq məlumata malik olsa da, bəhanələrlə özünü bu prosesdən kənarda saxlamağa çalışıb. Birinci Qarabağ müharibəsinin gedişində əsir və itkin düşmüş çox sayda azərbaycanlı haqqında indiyə qədər heç bir məlumat əldə edilməməsində BQXK-nın fəaliyyətsizliyinin böyük rolu var. Bunun əksinə, Komitənin erməni təəssübkeşliyindən qaynaqlanan fəaliyyəti sayəsində 1700-dən artıq erməni hərbçisinin cəsədi aşkarlanaraq Ermənistana təhvil verildi. İkinci Qarabağ müharibəsindən sonra Xankəndidə fəaliyyət göstərməyə başlayan BQXK öz davranışlarında beynəlxalq hüquqa, Azərbaycan qanunlarına açıq hörmətsizlik nümayiş etdirməkdən çəkinmədi. Digər tərəfdən, komitənin Xankəndidə yenidən strukturlaşması BQXK-nın Azərbaycanda faktiki olaraq iki mərkəzinin fəaliyyət göstərməsi demək idi. Azərbaycan BQXK-ya dəfələrlə müraciət edərək Xankəndi ofisinin statusunun dəyişdirilməsini tələb etsə də, qurumun rəhbərliyi bütün bu müraciətlərə məhəl qoymayıb. BQXK-nin Xankəndi ofisi qanunsuz daşımalar həyata keçirib, faktiki olaraq qaçaqmalçılıq fəaliyyəti göstərib. Vaxtilə BQXK-nin Bakı ofisinə rəhbərlik edən, hazırda isə qurumun Avropa və Şərqi Asiya departamentinin rəhbəri olan Arian Bauerin İkinci Qarabağ müharibəsindən sonra yeni savaşın alovlanacağı və onların Xankəndidə fəaliyyətinin hələ uzun müddət davam etdirməsinə ehtiyac duyulacağına demişdi. BQXK Xankəndi ofisinin artıq Bərdəyə köçərək orada fəaliyyət göstərdiyini bəyan edib. Ancaq bu da komitənin Azərbaycanda yenə iki ofislə təmsil olunduğu reallığını dəyişmir.
Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında deyib ki, son illər bizə qarşı ədalətsiz mövqe tutan, ikili standartlar siyasəti sərgiləyən beynəlxalq qurumlardan biri Beynəlxalq Qızıl Xaç Komitəsidir. Siyasi şərhçi vurğulayıb ki, BQXK əlindən gələni etdi ki, Qarabağ Azərbaycanın tabeliyindən çıxsın:
"Xankəndidəki ofislərini də İrəvana tabe etdirməklə bu mövqelərini açıq şəkildə ortaya qoydular. Dövlət suverenliyimizə hörmətsiz yanaşdılar. Ancaq bu bizim üçün yeni hadisə deyil. Bizə qarşı ədalətsiz mövqe tutan beynəlxalq qurumlar kifayət qədərdir və biz onlara qarşı çox səbr göstərmişik, müdriklik nümayiş etdirmişik. Hesab edirəm ki, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə bağlı da səbrimizi davam etdirməliyik. Onların fəaliyyətinə birbaşa xitam vermək müəyyən problemlər yarada bilər. Daha doğrusu, anti-Azərbaycan təbliğatı aparanların əlinə növbəti bəhanələr verər. Təşkilatın Xankəndindəki ofisinin fəaliyyətinə xitam verildiyi bir məqamda bizim kəskin addımlar atmağımıza ehtiyac yoxdur".
A.Səmədov bəyan edib ki, Azərbaycan hakimiyyəti öz müdrikliyi ilə son illər çox böyük uğur qazanıb:
"Bu cür təxribatçı beynəlxalq qurumlara qarşı ağıllı və səbrli siyasət yeritdiyinə görə Prezident İlham Əliyev bu qədər uğurlara nail ola bilib. Bundan sonra da bu siyasət davam etdirilməlidir və beynəlxalq qurumların ikili standart siyasəti bizi təəccübləndirməməlidir. Biz həyata keçirdiyimiz siyasətlə onların bütün səylərini, Azərbaycana qarşı yönəlmiş cəhdlərini puça çıxartmalıyıq".