İranın fars-molla rejimi İsrailin hücumlarının heyfini başqa ölkələrdən çıxmaq arzusundadır. Məlum olduğu kimi aprelin 1-də Suriyaya hava hücumu nəticəsində İranın Dəməşqdəki konsulluğunun binası dağılıb, zabitlər ölüb. İran rəsmiləri İsrailə çox sərt cavab veriləcəyini açıqlasalar da, daha çox üçüncü dövlətləri suçlamağa başlayıblar. Tehran hökumətinin ittiham etdiyi ölkələr arasında ABŞ və Qərb dövlətləri ilə yanaşı, Azərbaycan da var. Hətta İran o qədər əndazəni aşıb ki, parlamentdəki deputatlar açıq-aşkar çıxışlarında Azərbaycandakı İsrail səfirliyini vurmağı, ölkəmizdə teraktlar keçirməyi belə təklif ediblər. Azərbaycana qarşı qarayaxma kampaniyasında əsas rolu SEPAH-a bağlı kütləvi informasiya vasitələri oynayır. SEPAH-a bağlı mənbələr İsrailin Zəngilandakı “mərkəzini vurmağ"ı da təklif ediblər.
Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Sherg.az"a açıqlamasında deyib ki, Həmas-İsrail müharibəsinin alovlanmasında İran mühüm rol oynayır. Hazırki durumda vəziyyət ağır duruma gəlib çıxıb.
Ekspertin sözlərinə görə, əhalinin kütləvi qırğına məruz qalması, müharibənin ehtimal ediləndən daha uzun çəkməsi problemi daha da dərinləşdirib:
"İranın əslində nə ABŞ ilə, nə Qərb ölkələri ilə, nə də İsrail ilə real düşmənçiliyi var. Fransa kimi Qərb dövləti əksər məsələlərdə İranla eyni mövqeyə xidmət edir, eyni hədəfə vururlar. İndiki halda da Fransa kimi Qərb dövlətləri İranın hədəfini Azərbaycan, Türkiyə kimi müsəlman ölkələrə çevirməyə qismən nail olmağa çalışırlar. İran rejiminin qurulma səbəbi müsəlman ölkələrinə qarşı mövqe tutması olub. Azərbaycanın yanında Türkiyə, Pakistan kimi güclər var, ordumuz da müharibə təcrübəsi keçib və tam təchiz olunmuşdur. Biz həmişə səmimi dostluq tərəfdarı olmuşuq. İranla da Türkiyə ilə necədirsə, əlaqələrin, münasibətlərin o cür olmasını arzu etmişik. Ancaq İran daxildəki soydaşlarımızın haqlarını tapdaladığı üçün özü özündən xofludur. Həm də onların siyasi ideoloji xəttində Türkiyə ilə Azərbaycanın, digər türk ölkələrinin arasında maneə yaratmaq var. Bu rejim qurulanda ola bilsin müəyyən öhdəlik götürüblər. Məhz ABŞ də İranı İraqda, Suriyada, Yəməndə müsəlman qanı tökülməsindəki roluna görə qələmini qırmaq fikrində deyil. Çünki ABŞ-nin əli çatmadığı problemləri İran yaradır. Məlumdur ki, rejim terrora meyllidir. Bunlara rəğmən, Azərbaycana qarşı İranın ittihamları, iddiaları tamamilə əsassızdır. Gücü ABŞ və Qərb ölkələrinə çatmayan İran Azərbaycanı zəif görürsə tamamilə yanılır".