Ermənistan tərəfindən sərhəddə təxribatlar davam edir. Müdafiə nazirliyindən verilən məlumata görə, aprelin 12-i saat 16:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Son günlər şərti sərhədlərdə davamlı təxribatlar baş verməkdədir. Ermənistan tərəfi təxribat cəhdlərini inkar etməyə çalışsa da, rəsmi Bakının tutarlı arqumentləri və beynəlxalq təşkilatlara müraciəti sayəsində təxribatları etiraf etməyə məcbur qalır. Amma görünən odur ki, erməni tərəfini təxribatlara təhrik edən kənar güclər var. Şərti sərhədlərdə baş verən insidentlərin Fransanın təhriki ilə olması şübhə doğurmur. Fransanın Azərbaycana qarşı qərəzli münasibəti heç kimə sirr deyil. Rəsmi Paris istər 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli razılaşmadan, istərsə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra ciddi narahatlıq keçirərək regionda diplomatik aktivliyini artırmışdır. Bu təxribatlar Ermənistanın başda Fransa olmaqla bir sıra dövlətlər tərəfindən silahlandırılmasının nəticəsidir və onun sülh müqaviləsinin imzalanmasından yayınmasını sübut edir. Avropa bürokratiyası Fransanın Cənubi Qafqazda uğur qazanmasında birbaşa maraqlıdır. Ona görə də, Aİ rəhbərliyi Fransanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində fəal iştirakçı olmasına hər vasitə ilə kömək edir. Fransa terrorçu, keçmişi bəşəriyyətə qarşı ağır cinayətlərlə dolu bir ölkədir. Afrikadakı müstəmləkələrində törətdiyi vəhşiliklər, soyqırımı və qətllər, ona qarşı çıxan, soyqırımı, etnik təmizləmə siyasətini qəbul etməyən siyasətçilərin öldürülməsi Fransanın heç zaman humanist dövlət imici formalaşdırmasına imkan verməyəcək. Görünən odur ki, Ermənistan yenə də hansısa beynəlxalq dəstəyə inanıb Azərbaycana qarşı təhlükəli addımlar atır. Son dövrdə Cənubi Qafqaza müdaxilə etməyə cəhd göstərən Fransa regionda qüvvələr balansını dəyişməyə çalışır. Ermənistan beynəlxalq müstəvidə Azərbaycana qarşı aqressiv ritorikanı davam etdirir. Cənubi Qafqazda ciddi geosiyasi proseslər gedir.
Beynəlxalq Münasibətıər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov "Sherg.az"a deyib ki, Ermənistan tərəfinin təxribatları artan xətt üzrə davam edəcək.
Ekspert vurğulayıb ki, aprelin 5-dən sonra Ermənistanın mövcud hakimiyyəti daxilində belə bir fikir formalaşıb ki, onlar Qərblə hərbi ittifaq mərhələsinə qədəm qoyublarsa, deməli Qərb erməniləri qoruyacaq:
"Ermənistan idarəçiləri bu cür düşüncəyə düşüblər. Digər yandan Ermənistan ordusu daxilində həm Rusiyanın, həm Qərbin İranın, həm də indiki müxalifətin adamları, qrupları var. Son günlər şərti sərhədlərdə baş verən təxribatların formasından və hansı istiqamətə yönəlməsindən asılı olmayaraq, istənilən halda bütün məsuliyyət İrəvanın ayağına yazılır. Düzdür, əvvəlcə təkzib edirlər, sonra etiraf edirlər. Hətta cinayət işi də açırlar. Amma təxribatlar ümumilikdə prosesə zərbə vurur. Problem ondadır ki, Paşinyan ordu üzərində nəzarəti həyata keçirə bilmir. Ordu daxilindəki məlum qruplmalar xaricdən aldıqları sifarişləri rahat şəkildə icra edirlər. Bu da kənar güclərin bölgəmizlə bağlı niyyətlərinin bariz nümunəsi və onun nəticəsidir. Paşinyan hökuməti orduda və digər sahələrdə nüfuzunu möhkəmlətməsə, baş verən təxribatların qarşısını almasa, Azərbaycanın səbri, xoşgörüsü tükənə bilər. Təbii ki, istənilən təxribata artıqlaması ilə cavab vermək iqtidarındayıq. Sadəcə İrəvanın etirafı və təxribatı törədənlərə cinayət işi açması Bakının təmkinli davranmasına səbəb olur. Lakin erməni tərəfinin ardıcıl təxribatlarına göz yumulmayacaq. Paşinyan hökuməti ciddi tədbirlər görməlidir. Təxribatları oyun halına gətirmək olmaz. Belə cəhdlər sadəcə Ermənistsnın deyil, regionun təhlükəsizliyinə ciddi təhdid yarada bilər".