Əskiparada olan Alban məbədlərinin daha dəqiq tədqiq olunması bundan sonra başlayacaq
Sərhəd komissiyalarının razılaşmasına görə, Qazaxın Azərbaycana qaytarılacaq 4 kəndindən biri də Aşağı Əskipara kəndidir. Aşağı və Yuxarı Əskipara kəndləri arasında, dağlıq ərazidə yerləşən tarix-memarlıq abidələri arasında Qafqaz Albaniyasına məxsus kilsələr var. Aşağı Əskipara kəndinin tarixinin Albaniya dövlətinin yaranma tarixi ilə üst-üstə düşdüyü təxmin edilir. Yəni eramızdan əvvəl III minilliyi əhatə edir. Bunu kənddə yerləşən alban kilsəsi də sübut edir. Məbədin V-VIII əsrlərdə tikildiyi ehtimal olunur. Məlumata görə, Qafqaz Albaniyasının mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və əzəmətli görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük xaçdaşlar (xaç təsvirləri) var. Monastr meşədə, əlçatmaz dağlıq yerdə yerləşir. Kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnib. Yüksək mövqedə yerləşmiş əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılıb. Bu, özünəməxsus içqala, iqamətgahdır. Güman edilir ki, içqalalı kompleksi Alban hökmdarlarının iqamətgahı idi. Albaniya hökmdarlarının qış iqamətgahı olmuş Xalxal şəhərinin məhz bu yerdə lokallaşdırılması da bunu təsdiq edə bilər. Kompleksin ən çox diqqət çəkən və daha yaxşı vəziyyətdə dövrümüzə çatmış hissəsi başkilsə olan"Müqəddəs Tanrı" kilsəsidir.
AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi, albanşünas-alim Ramin Əlizadə "Sherg.az"a açıqlamasında deyib ki, Qafqaz Albaniyasının şimal-qərb torpaqları vaxtı ilə hun-türk tayfalarının Azərbaycan ərazisində sıx məskunlaşdığı bölgələrdən biri olub. Alimin sözlərinə görə, xristianlıqdan əvvəl o ərazidə hunların dini ibadət yerləri, əsasən də tenqriçilik məbədləri olub:
"Xristianlığı qəbul etdikdən sonra onların yerində kilsələr inşa olunub. Tovuz ərazisində də Hunlu dərə deyilən yer. Alban tarixçisi Musa Kalankatlı "Albaniya tarixi" adlı əsərində yazır ki,"Albaniya şimaldan Hun qalasından başlayır, cənubda Araz çayınadək olan torpaqları əhatə edir". Şimaldakı Hun qalası deyilən yer sözügedən bölgədir. Ermənilər Hun qalasının adını təhrif edərək "hunakert" adlandırırlar. Ermənilər hər zaman olduğu kimi türk mənşəli yerli toponimlərimizi ya özlərinin saxta adları ilə əvəz ediblər, ya da olduğu kimi tərcümə ediblər. "Hunakert" elə Hun qalası deməkdir. Yuxarı Əskipara və Aşağı Əskipara adından da göründüyü kimi qədim yaşayış məskənləridir. Eramızdan əvvəl VIII-VII əsrlərdə şimaldan kimmer türk tayfaları ərazidən axın edərək Qazax ərazisindən cənuba, Qərbi Azərbaycan torpaqlarına, Şörəyel, Ağbaba, Qəmərli kəndinə, Naxçıvana qədər məskunlaşıblar. Yəni qədim dövrlərdə Qazax kimmer tayfalarının da yurd yeri olub. Eramızın ilk əsrlərində hun tayfaları bölgədə sıx məskunlaşıb. Hunlarla Sasani imperiyası arasında döyüşlər olub. Sasanilər imperiyası 226-cı ildə Ərdəşir tərəfindən Parfiyanın yerində yaradılıb. Parfiyada Arşakilər sülaləsinə son qoyulub. Sasanilərin Araz çayından şimaldakı torpaqlarda, yəni Qafqaz Albaniyasında möhkəmlənməsinə mane olan əsas tayfa hunlar idi. Hunlar sasanilərə imkan vermirdi. Sasanilər sonrakı dövrlərdə müxtəlif vədlərlə, müəyyən ödəniş müqavilələri ilə hunları sakitləşdirə bilirlər. Buna baxmayaraq, şimalda qalalar inşa edirlər ki, hunların hücumlarının qarşısı birdəfəlik alınsın. Hun tayfaları Qafqaz Albaniyası içərisində xüsusi önəm daşıyır. Əskiparada olan Alban məbədlərinin daha dəqiq tədqiq olunması bundan sonra başlayacaq. Bəzi mənbələrdə həmin abidələri erkən orta əsrlər dövrünə aid edirlər. Ərəblərin Azərbaycanı işğal etdiyi dönəmdə albanlar xristianlığı qoruyub saxlayıb, kilsələr inşa ediblər. IX-X-XI əsrlərə aid olduğu hesab olunan tikinti qalıqları var. Amma orada mağaralar, qədim yaşayış məskənləri də var ki, türk tayfalarının yaylaqlarının yerləşdiyi coğrafiyaya daxildir. Qədim türk tayfaları - hunlar və barsillər həmin torpaqlara ermənilərin hücumlarının qarşısını alıblar. Borçalı sözü həmin barsil tayfalarının adı ilə bağlıdır. Musa Kalankatlı "Albaniya tarixi"ndə barsillərin, hunların, peçeneklərin birlikdə yadellilərə qarşı - ermənilərə qarşı döyüşündən bəhs edir. Alban Arşakilər sülaləsinin hökmdarlarının qış iqamətgahı olan Xalxal şəhərinə V əsrin ortalarında Anadoludan ermənilər hücum ediblər və orada möhkəmlənməyə cəhd ediblər. Orada qanlı döyüşlər gedib. Bölgə Qafqaz Albaniyası üçün çox mühüm ərazi olub və qədim Azərbaycan torpağıdır. Təkcə dini abidələr yox, orada kurqan məbədləri də geniş yayılıb. Ermənilər Birinci Qarabağ müharibəsi dövründə, ondan əvvəl həmin bölgədə qanlı hadisələr, qətliamlar törədiblər. Əslində, ermənilərin kənd sakinlərinə qəddarlığının səbəbi məhz əhalinin Azərbaycan türkləri olmasıdır. Ona görə də tariximizi, irsimizi məhv etmək üçün müxtəlif üsullardan istifadə etdilər. Alban məbədlərinin də memarlığında dəyişiklik edərək "erməniləşdirməyə" çalışdılar".
Alim vurğulayıb ki, Alban məbədi Yuxarı Əskipara ilə Aşağı Əskipara kəndinin arasında yerləşir, amma Yuxarı Əskipara kəndinə daha yaxındır:
"Ehtimal olunur ki, Xalxal şəhərinin qala divarları orada olub və onun içərisində kilsələr tikilib. Məbəd monastr kompleksi olub. Orada xristian məktəbləri ilə yanaşı, "Müqəddəs Tanrı" kilsəsi də var və günümüzə yaxşı gəlib çatıb. Qala divarlarına əsasən demək olar ki, ora uzun müddət türk tayfalarının yadellilərə qarşı mübarizə apardığı bölgələrdən biri olub. Erməni tarixçiləri Qafqaz Albaniyasından danışarkən "kürün sağ-sol sahilləri" məsələsini ortaya atırlar. Kürün sağ sahilində Qafqaz Albaniyasının yerləşmədiyini iddia ediblər. Amma Xalxal şəhəri, Əskipara məbədi Qafqaz Albaniyasının şimal-qərb sərhədinin Cənubi Qafqazın hüdudlarına qədər əhatə etdiyini göstərir. İnşallah, arxeoloji cəhətdən daha dəqiq öyrənilər və yeni faktlar üzə çıxar. Son tikililərin XI əsrədək tikildiyi ehtimal olunur. Xalxal şəhərinin adı ilə V əsr hadisələrində çəkilir. İlk xristian kilsələrinin qalıqları həmin dövrə aid edilir. Amma eramızdan əvvəl VIII əsrin sonu, VII əsrin əvvəllərində kimmer tayfalarının məskunlaşdığı bölgə olub. Alban Arşakilərindən xeyli əvvəl həmin ərazidə hunlar məskunlaşıb. Bu da Qafqaz Albaniyasında hun tayfalarının üstünlük təşkil etdiyini göstərir".
R.Əlizadə bir ehtimalı da diqqətə çatdırıb: "Qazax-Tovuz-Gədəbəy bölgəsi, Borçalı qıpçaq türk tayfalarının orta əsr dövründə sıx məskunlaşdığı ərazilər olub. Orada uzun müddət xristianlığın qalması, hətta XI-XII əsrə gəlib çıxması, şübhəsiz, qıpçaqların adı ilə bağlıdır. Türk tayfalarının qərb qolunu təşkil edən əsas tayfalar - qıpçaq və oğuz qrupu idi. Qıpçaqlar xristian kimi qaldılar, o dönəmlərdə islamı qəbul etmədilər, oğuzlar isə islamı qəbul etdilər. Bölgədəki, Yuxarı Əskipara kəndindəki kilsənin divarlarında tapılan xaçdaşları da məbədin xristian qıpçaqlara xas olduğunu sübut edir. Albanların özlərinin də qıpçaq türklərinin bir qolu olması son dönəmlərdə aparılmış tədqiqatlarda əksini tapıb".