Vardanyan Avropa Məhkəməsinə müraciət etməyi planlaşdırır -PARLAMENTARİDƏN ŞOK AÇIQLAMA

Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan haqda seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən şikayətə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Ruben Vardanyanın şikayəti təmin edilməyib.

Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən millət vəkili Fazil Mustafa bildirib ki, Ruben Vardanyan və digər terrorçuların əməllərinə hüquqi qiyməti Azərbaycanın Hüquq Mühafizə və Xüsusi Xidmət orqanları verir:

“Vardanyanın törətdiyi cinayət əməlləri ilə bağlı sübutlar əsaslı olduğu üçün məhkəmə şikayəti təmin etməyib. Vardanyan bu mərhələni keçib Avropa Məhkəməsinə müraciət etməyi planlaşdırır. Amma onun cinayətləri fonunda əsaslı dəlillər mövcuddur. Biz də çalışmalıyıq ki, mözvu ilə bağlı prosessual pozuntular olmasın və cinayətkarın törətdiyi əməlləri məhkəmədə sübuta yetirə bilək. Sözügedən prosesin sonrakı taleyi ilə bağlı kifayət qədər hazırlığımız olacaq. Vardanyanın cinayətlərini Azərbaycan məhkəmə prosesində elə sübuta yetirəcik ki, heç kim tərəfindən məsələyə fərqli baxış qalmayacaq. Çünki Vardanyan Qarabağ separatizminin əsas simalarındandır. Son dönəmlər isə özünü Qarabağın qəhrəmanı kimi təqdim etməyə çalışır. Azərbaycanı hansısa beynəlxaq yanaşmalar düşündürmür. Biz Azərbaycan qanunvericiliyinə uyğun addımlar atırıq. Həmin qanunvericilik də beynəlxaq hüququn prinsiplərinə uyğundur”.

Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib. 10 gün əvvəl istintaqı aparan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında həbs müddəti 5 ay uzadılıb.