Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransı öz işinə başlayıb.
Cari ilin 30-31 may tarixlərində keçirilən 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının mövzusu “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması”dır.
Bu gün mina və partlamamış hərbi sursatlar hələ də dünyanın bir çox ölkəsində insan təhlükəsizliyini təhdid edən kəskin problemlərdən biridir. Müharibə bitdikdən on illər sonra belə insanların həyatını təhlükəyə atmaqla yanaşı, minalar sosial-iqtisadi inkişafa, ətraf mühitə, mədəni irsə, münaqişədən sonrakı bərpa və inkişaf təşəbbüslərinə və nəticə etibarilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərinə ciddi şəkildə mane olur.
Mina partlayışları insanların həyatına təhlükə yaratmaqla və ümumiyyətlə yaşamaq hüququnu sual altına qoymaqla bərabər ətraf mühitə də böyük ziyan vurur. Belə ki, partlayışlar zamanı yaranan plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların strukturuna mənfi təsir göstərir. Uzun müddət torpağın içində qalan minalar zərərli kimyəvi reaksiyalara gətirib çıxarır. Minalara görə istifadə olunmayan torpaqlar təbii eroziyaya və aşınmaya məruz qalır. Bu baxımdan, bugünkü konfransın Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 öncəsi təşkil edilməsi xüsusi önəm daşıyır.
Hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a söyləyib ki, ANAMA və BMT İP-nin birgə təşkilatçılığı ilə başlayan ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransı müsbət addımdır:
“Belə tədbirlərə Azərbaycan əvvəllər də ev sahibliyi edib. Lakin bu konfranslardan sonra BMT üzvu olan ölkələr Azərbaycanın ən böyük problemi olan mina və partlamayan sursatların təmizlənmə prosesinə ciddi yardım göstərməyib. Bu gün Azərbaycan ərazilərində bir milyon yarımdan çox mina və partlamamış sursat mövcuddur. Digər tərəfdən partlamamış sursatların içərisində beynəlxaq konvensiya ilə qadağan olunmuş ağ fosfor və kaset sursatları da var. Həmin sursatların partlaması əraziyə və əhaliyə ciddi ziyan verir. Eyni zamanda, Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi xarabalığa çevrilib. Ərazilərin böyük hissəsi minalarla çirkləndirilib. Ermənistanın Azərbaycana qarşı işğal siyasəti nəticəsində 3440 nəfər azərbaycanlı mina terroruna məruz qalıb. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra isə mina qurbanlarının sayı 361 nəfərdir. Onlardan 68-i həyatı itirib. Təəssüflər olsun ki, beynəlxalq təsisatlar baş verən mina terroruna görə Ermənistanı heç zaman qınamayıb. Sözügedən konfrans əhəmiyyətli olsa da, beynəlxalq təsisatlardan ciddi dəstək gözləmirəm. Həmin təsisatlar yalnız mənasız uzun cümlələr quraraq danışmağı bacarırlar”.