Bu hadisə Azərbaycanın ərazi bütövlüyünə və təhlükəsizliyinə dəstəklə yanaşı, bütün dünyaya verilən siyasi-diplomatik mesaj olacaq
Rusiyanın Xankəndidə konsulluq açması barədə Karasinin açıqlaması məsələsi ciddi müzakirə predmetinə çevrilib. İki gündür məsələ media və sosial platformalarda müzakirə edilir.
Xatırladaq ki, bu fikri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin səsləndirib. O, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib ki, Rusiya Xankəndidə Baş Konsulluğunun açılışına hazırlıqda Azərbaycanın dəstəyinə ümid edir.
Lakin Karasinin bu mövqeyi yerli ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiya Xankəndidə konsulluq açmaq əvəzinə Kreml sahibinin belaruslu həmkarı Aleksandr Lukaşenko kimi Bakıdan sonra Şuşanı ziyarəti konsulluq xidməti açmaqdan daha faydalı olar: “Rusiya Xankəndidə niyə konsulluq xidməti açmaq istəyir? Axı Xankəndidə Rusiya vətəndaşı yoxdur, hərbçiləri də bölgəni tərk edib. Türkiyənin Şuşada konsulluq xidməti açılmadan Rusiyanın Qarabağda konsulluğunun açılması doğru deyil. Görünür, Kreml konsulluq xidməti vasitəsilə yenidən Qarabağa qayıtmaq və itirdiyi mövqeləri bərpa etmək istəyir. Bu isə Azərbaycanın maraqlarına cavab vermir”.
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl isə deyib ki, Rusiya Federasiyasının Xankəndidə konsulluq açması Azərbaycan üçün heç bir təhlükə yaradası deyil, əksinə, Xankəndinin suveren Azərbaycan ərazisi olduğunu qəbul etdiyinin göstəricisidir.
İ.İsmayıl həmçininn qeyd edib ki, bu, baş tutsa da, Türkiyənin Şuşada konsulluq açmasından tez ola bilməz: “Türkiyə isə konsulluq açmaq ideyasını Xankəndi hələ azad olunmamışdan əvvəl elan etməklə erməni separatçılarına mesaj vermişdi ki, perspektivdə heç bir status olmayacaq. Rusiya Qafanda da konsulluq açmaq niyyətindədir və məqsəd təsir gücünü qorumaq, Qərbə və ya İrana güzəşt etməməkdir”.
Türkiyənin Qarabağda konsulluğunun nə zaman açılacağı sualına gəldikdə isə politoloq Oqtay Qasımov bildirib ki, yaxın zamanda Türkiyənin Şuşada konsulluğunun açılması baş tuta bilər. Onun sözlərinə görə, Türkiyə konsulluğu Xankəndidə yox, məhz Şuşada açılacaq: "Türkiyənin Qarabağda konsulluğunun açılması bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri zamanı razılaşdırılıb. O zaman bəyan edilib ki, Türkiyə Şuşada öz konsulluğunu açmaq niyyətindədir. Doğrusu, Türkiyənin bölgədə konsulluğunun dəqiq nə zaman açılacağını söyləmək çətindir, amma bu konsulluq açılacaq. Buna heç bir şübhə ola bilməz". O.Qasımov, həmçinin bildirib ki, Azərbaycana dost və yaxın olan ölkələrin də Qarabağda konsulluğunun açılması mümkündür: "Qarabağda Türkiyə konsulluğu ilə yanaşı, ölkəmizlə yüksək səviyyəli münasibətlər quran dost ölkələr, xüsusilə Pakistan və İsrailin də konsulluğu açıla bilər. Təbii ki, Qarabağda yenidənqurma və bərpa işləri başa çatandan sonra bölgədə beynəlxalq tədbirlər keçiriləcək. Bunu nəzərə aldıqda, dost ölkələrin Qarabağda konsulluq açması mümkündür".
Politoloq Qabil Hüseynli isə mövzu ilə bağlı “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan Şuşada Türkiyə konsulluğunun açılması məsələsini dərhal həll etməlidir. Onun sözlərinə görə, hazırkı mərhələdə Şuşada Türkiyə konsulluğunun açılması üçün heç bir siyasi əngəl yoxdur:
“Bu gün iki qardaş ölkənin ortaq davranışları, azad edilən ərazilərdə aeroportların qurulması, şəhərlərin yenidən tikilməsində Türkiyəyə böyük yük düşməsi baxımından konsulluq açılması da əhəmiyyət kəsb edir. Şuşada konsulluğun açılması Azərbaycanın ərazi bütövlüyünə və təhlükəsizliyinə dəstəklə yanaşı, bütün dünyaya verilən siyasi-diplomatik mesaj olacaq. Eyni zamanda rəsmi Ankaranın bu addımı Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanması və imzalanması prosesində rəsmi Bakının əlini daha da möhkəmləndirə bilər. Bütün dünya Cənubi Qafqazda sülh prosesinə münasibətdə Azərbaycan-Türkiyə İttifaqı ilə hesablaşmaq məcburiyyətində qalacaq”.