Azərbaycan mina terroru ilə təkbaşına mübarizə aparır

Təəssüf ki, bu sahədə beynəlxalq birliyin ciddi dəstəyi hiss olunmur

“Bu təhdid təkcə insan həyatı üçün təhlükə yaratmır, həm də dayanıqlı inkişafa mane olur”


  Azərbaycan üzləşdiyi mina təhlükəsi problemini müxtəlif beynəlxalq platformalarda mütəmadi olaraq qaldırır. Bununla bağlı Bakıda beynəlxalq tədbirlər keçirilir. Dünən də Zəngilan şəhərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransı öz işinə başlayıb. Bu il mayın 30-31-də keçirilən 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının mövzusu “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması”dır. Konfransın birinci günü Zəngilan, ikinci günü isə Bakı şəhərində baş tutub. Konfrans, ölkəmizin mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır.
  Tədbirdə beynəlxalq ictimaiyyət tərəfindən yüksək diqqət göstərilir. Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında, ümumilikdə 75 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksəkvəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunurlar.
Konfrans mina partlayışı nəticəsində zərər çəkmiş Tamam Cəfərovanın mina qurbanları adından dünya ictimaiyyətinə müraciəti ilə başlayıb.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev iştirakçıları salamlayıb. O bildirib ki, beynəlxalq konfransın Zəngilanda işə başlamasının böyük rəmzi mənası var. Zəngilanın Ağalı kəndi yenidən qurulan və keçmiş məcburi köçkünlərin qayıtdığı ilk yaşayış məskənidir. Bu miqyasda işlərin aparılması məhz minaaxtaranların gərgin əməyi sayəsində həyata keçirilir, insanların təhlükəsizliyi təmin edilir və minaların ətraf mühitə təsiri azaldılır.
  Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Hikmət Hacıyev dünyanın üzləşdiyi mina probleminin ətraf mühitə təsiri məsələlərinin müzakirəsi məqsədilə bir araya gələn konfrans iştirakçılarına təşəkkür edib, konfransın işinə uğurlar arzulayıb.
  Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov ölkəmizin üzləşdiyi mina probleminin təsirinin aradan qaldırılmasına beynəlxalq dəstəyin artırılmasının zəruriliyini diqqətə çatdırıb. O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizin 10 min 285 kvadrat kilometri mina və partlamamış hərbi sursatlarla müxtəlif səviyyələrdə çirklənmiş hesab olunur. Vüqar Süleymanov kənd təsərrüfatı, əkinçilik üçün münbit torpaqların, eyni zamanda saysız-hesabsız heyvan və bitki növlərinin, çaylar, göllər, bulaqlar, kəhrizlər və su quyularının mina və müharibənin digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirklənməsi, habelə minaların mənfi təsirinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.
  BMT baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç nitqində minatəmizləmə fəaliyyətinin ətraf mühitin bərpası və milli inkişaf proqramları ilə inteqrasiyasının vacibliyini vurğulayıb. Bildirib ki, minaların ətraf mühitə təsirini azaltmaq missiyası yalnız partlayıcı sursat problemini aradan qaldırmaq deyil, eləcə də gələcək nəsillər üçün təhlükəsiz həyat, kənd təsərrüfatı və biomüxtəlifliyin təmin edilməsidir. Başlıca məqsəd zərərçəkmiş torpaqları inkişaf edən ekosistemlərə və davamlı icmalara çevirməkdir.
  Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev konfransda videomüraciətlə çıxış edərək bildirib ki, COP29-un məqsədlərinə uyğun olaraq, biz iqlim davamlılığı məsələlərini minatəmizləmə və yenidənqurma səylərimizə inteqrasiya etməyə çalışırıq. Hədəfimiz işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonası yaratmaqdır. Ekosistemləri bərpa etməklə və dayanıqlı təcrübələri yenidən tətbiq etməklə biz bu torpaqları yaşıl zonaya çevirməyi hədəfləyirik.
Qarabağda 1,5 milyona yaxın yerüstü minanın zərərsizləşdirilməsi 12600 ton karbon tullantısı ilə nəticələnə bilər. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov deyib. Onun sözlərinə görə, bu minaların humanitar problemlərdən əlavə, ətraf mühitə də zərər yetirdiyini vurğulayır. S.Poladov qeyd edib ki, Azərbaycan minatəmizləmə problemlərinin həlli üçün əvvəlki kimi beynəlxalq birlik və donorlarda iştirak etməlidir: "Ümid edirik ki, bu maliyyə dəstəyi yaxın illərdə artacaq".
  Qeyd edək ki, 44 günlük Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsindən sonra qarşıda duran ən başlıca vəzifə ərazilərin minalardan təmizlənməsidir. İşğal dövründə Ermənistan ərazilərin sıx şəkildə minalanmasını təmin edib. 30 ilə yaxın təcavüzkar dövlət Azərbaycan ərazilərində yaşayış yerlərini, tarixi, dini mədəni abidələri dağıdıb talan etməklə yanaşı sonrakı yaşayış və bərpa üçün də böyük problemlər yaradıb.
  Azərbaycan hazırda Ermənistanın 30 illik işğalı zamanı bölgədə basdırdığı minalar səbəbi ilə ekoloji böhranla üz-üzədir. Təəssüf ki, Ermənistanın miras buraxdığı minaların partlaması nəticəsində həmin ərazilərdə demək olar ki, tez-tez çoxlu sayda mülki şəxs, o cümlədən hərbi qulluqçular həyatını itirirlər. Ermənistan Azərbaycanın işğaldan azad edilmiş rayonlarında basdırdığı minaların xəritələrini paylaşmaqdan imtina edir və rəsmi məlumatlara görə, Qarabağın minalardan təmizlənməsinin ən azı 10 il çəkəcəyi təxmin edilir.

  Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Sherg.az”a açıqlamasında  bildirib ki, postmünaqişə dövründə dünyanın diqqətinin işğaldan azad edilmiş ərazilərdəki mina probleminə cəlb edilməsi baxımdan bu cür  beynəlxalq tədbirlərin keçirilməsi vacib məsələdir:
 “Lakin bir az da gecikmiş tədbirdir.  İşğal ərazilərində piyadalar əleyhinə minaların basdırılması beynəlxalq hüquqla qadağan edilmiş bir haldır. Mülki əhaliyə qarşı yönəldilmiş bu cür addımlar qəbuledilməzdir.  Çox təəssüflər olsun ki, 44 günlük Vətən müharibəsindən sonra işğal olunan ərazilərdə 360-dan artıq vətəndaşımız mina qurbanı olub. Cənab Prezident İlham Əliyev Xocalıya səfəri zamanı da bu mövzuya toxundu ki, Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib. Müharibədən 4 il keçməsinə baxmayaraq, Ermənistanın mina terroru davam edirsə, deməli, BMT  bu məsələyə çoxdan diqqət ayırmalı idi”.

  Ç.Qənizadənin sözlərinə görə, “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” təkcə Azərbaycanın yox, bütün dünyanı narahat edən bir məsələdir: 
“Azərbaycan ərazilərinin yerüstü mina və partlamamış hərbi sursatlar formasında "dağıdıcı miras" buraxmaqla, bioloji müxtəlifliklə zəngin münbit landşaftları ölü zonalara çevirib. Bu təhdid isə təkcə insan həyatı üçün təhlükə yaratmır, həm də dayanıqlı inkişafa mane olur. Azərbaycanın təkbaşına mübarizə apardığı mina probleminin dünya ictimaiyyətinə çatdırılması, həyata keçirilən minatəmizləmə tədbirlərinin hər biri Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilir. Təəssüf ki, Azərbaycana bu sahədə beynəlxalq birliyin ciddi dəstəyi hiss olunmur. Ümid  edirəm ki, ANAMAvə BMT-nin  birgə təşkilatçılığı ilə keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” konfransı  Azərbaycanın  mina probleminin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayacaq. Bu tədbirlərdən sonra  digər beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Ermənistandan mina xəritələrini Azərbaycana təhvil verməyi tələb edəcək. Eyni zamanda işğaldan azad olunan ərazilərin minadan təmizlənmə prosesində maddi və texniki dəstək nümayiş etdirəcəklər”.