Parlamentari: Rüşvətçi Avropa siyasətçiləri aldıqları vəsaitə görə dəfələrlə Azərbaycana böhtanlar atıb

Başqalarına “demokratiya” dərsi verməyə çalışan qurum gizli oyunlardan xilas ola bilmir
Avropa Parlamenti (AP) böyük korrupsiya bataqlığına çevrilib. 2022-ci ildə Avropanı sarsıdan “Qətərqeyt” qalmaqalı buna sübutdur. Bu korrupsiya hekayəsinin əsas oyunçuları spiker müavini Eva Kaili, Avropa Parlamentinin deputatları Mark Tarabella, Andrea Kozzolino, Pier Antonio Panzeri və Nikolo Fiqa-Talamanka idi. Onların hamısı rüşvət almaqda və Aİ siyasətinə təsir etmək cəhdində ittiham olunurdular. Buna görə də AP-də maliyyə fırıldaqları adi hala çevrilib. Bu günlərdə “Politiko” saytının materialı da bunu təsdiqləyir. 

“Köhnə qitə”də yenə köhnə qal­maqallar yeni formada gündəmi zəbt edib. ABŞ-nin “Politico” saytı yazır ki, Belçika polisi ötən çərşənbə günü Avropa Parlamentində reydlər keçirib. Brüssel­dəki şəxsi iqamətgahda və Strasburq ofi­sində aparılan axtarışlar “Avropanın səsi” internet saytında “Rusiya propaqandası­nı” təbliğ etmək üçün avrodeputatlara pul ödənildiyi iddia olunan “Rusiyaqeyt” ilə bağlıdır. Belçika hüquq-mühafizə orqan­larından bildirilib ki, “Avropa Parlamenti əməkdaşının bunda mühüm rol oynadı­ğına dair əlamətlər var”. 

Demokratiyadan dəm vuran qurumda baş verən hadisələri “Sherg.az”a dəyərləndirən millət vəkili Asim Mollazadə söyləyib ki, Avropa Parlamentində rüşvətxorluq halları birinci dəfə deyil: 

“Avropa Parlamentinin spikeri korrupsiyaya görə həbs altındadır. Bundan sonra da belə hallar davam edəcək. Korrupsiyaya qurşanan Avropa siyasətçiləri dəfələrlə utanmadan aldıqları vəsaitə görə Azərbaycana böhtanlar atıb və təhqirlər ediblər. Təkcə Avropa Parlamentində deyil, eynilə Avropa Şurasında da korrupsiya hadisəsinə rastlaşmaq mümkündür. Məsələ ilə bağlı Hüquq Mühafizə və Xüsusi Xidmət orqanları mübarizə aparır və həmin şəxslər həbs edilir”.