SOCAR Türkiyə İsrailə xam neftin satılması ilə bağlı ittihamlara cavab verib.
Sherg.az xəbər verir ki, şirkət bu barədə ittihamları əsassız adlandırıb.
“Son vaxtlar regionda baş verən geosiyasi dəyişikliklər fonunda SOCAR Türkiyə və qrup şirkətləri bir müddətdir bəzi təxribatçılar tərəfindən həm sosial şəbəkələr üzərindən, həm də fiziki hərəkətlərlə hücuma məruz qalıb. Bu təxribatçı qruplar guya İsrailə xam neft satdığıma dair əsassız ittihamlar irəli sürərək sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar edir, eyni zamanda, şirkət binasına, əməkdaşlarımızın təhlükəsizliyini təhlükə altına qoyaraq hücumlar edirlər. İstanbuldakı Baş ofisimizə 12 mart, 29 may, 31 may və 2 iyun tarixlərində, Bursadakı "Bursagaz" ofis binamıza 24 may tarixində həyata keçirilən və şiddət səviyyəsi artan təxribatçı hərəkətlərin davam etdirilməsi şirkətimizin işçilərinin həyat təhlükəsizliyi üçün təhlükə yaradır.
Ana şirkətimiz olan Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın irəli sürdüyü vizyona uyğun olaraq, biz bütün fəaliyyətimizi beynəlxalq biznes müqavilələri çərçivəsində həyata keçiririk. Bu kontekstdə SOCAR-ın hazırda İsrailə xam neft satması ilə bağlı iddialar əsassızdır və məqsədyönlü şəkildə ictimaiyyəti çaşdırmaqdır. Qlobal neft bazarının özünəməxsus xüsusiyyətləri var və hasil edilən xam neft ticarət şirkətləri tərəfindən və ya bu şirkətlər vasitəsilə satılır.
Təchizatçı şirkətlərin xam nefti hansı ölkələrə göndərdiklərini və ya ondan hansı məqsədlər üçün istifadə etdiklərinə nəzarət etmək və ya müdaxilə etmək imkanı yoxdur. Bu çərçivədə SOCAR digər neft şirkətləri kimi, tədarük etdiyi məhsulların ticarətini müvafiq ticarət şirkətləri ilə ticarət əlaqələri çərçivəsində həyata keçirir.
SOCAR Türkiyə olaraq sərmayələrimiz və əməkdaşlığımız Türkiyə ilə Azərbaycan arasındakı möhkəm qardaşlıq və dostluq bağları, strateji müttəfiqlik və xalqlarımızın qarşılıqlı maraqları əsasında formalaşır”.