SOCAR-ın Türkiyə ofisinə hücum etməkdə şübhəli bilinən “Fələstin Üçün Min Gənc” təşkilatının 13 üzvü tutulub. Saxlanılan şəxslərin izahatlarının alınacağı, sabah isə ədliyyə orqanlarına təslim ediləcəyi bildirilir.
Qeyd edək ki, bir neçə gün öncə SOCAR-ın İstanbulda yerləşən ofisinə hücum edilib. Buna səbəb kimi, "SOCAR-ın İsrailə neft satdığı" bəhanə edilib.
“SOCAR Türkiyə” isə bu gün məlumat yayaraq İsrailə xam neftin satılması ilə bağlı ittihamlara cavab verib. Şirkət yaydığı açıqlamada bununla əlaqədar ittihamları əsassız adlandırıb.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, “Fələstin üçün min gənc” hərəkatının üzvləri arasında “Marksist-Leninist Komunist partiyası”, “Gənclik Kollektivləri”, “Xalq Evləri” və PKK-nın qolu olan “İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi”də (DHKP-C)-yə bağlı dərnəklərin təmsilçiləri yer alır:
"Solçu-marksistlərlə İranmeylilərin təmsil olunduğu hərəkatın Türkiyədə xüsusilə dindar və millətçi kəsim üçün vacib olan Fələstin məsələsi ətrafında birləşməsi şübhələr yaradır. Və bunun iki mümkün səbəbi görünür. Birinci səbəb Türkiyədə hakimiyyətə qarşı bütün etiraz elektoratını bir çətir altında birləşdirməyə çalışmalarıdır. Hərəkatda bir-birinə zidd ideologiya mənsublarının təmsil olunması da bundan qaynaqlanır. Digər səbəb isə motiv kimi Fələstin məsələsini seçməklə dindar və millətçi kəsimi Ərdoğan-Bahçalı ittifaqından uzaqlaşdırmağa, hakim partiyanın elektoratını bölməyə çalışmaqdır".
Ekspert əlavə edib ki, SOCAR-ın hədəf seçilməsi də Türkiyə ictimai rəyində - dindar və millətçi kəsimdə Azərbaycanla bağlı mənfi obrazın yaradılması və bu kəsimləri rəsmi Ankaranın Bakı ilə münasibətlərinə etiraz etməyə sövq etmək ola bilər:
"Bakı-Ankara xəttində problemlər xüsusilə Cənubi Qafqazda maraqlı güclərin gündəliyinə uyğundur. Bu baxımdan, hücumun təşkilatçısı olan “Fələstin üçün min gənc” hərəkatında təkcə ziddiyyətli ideologiyalar yox, həm də müxtəlif güclərin maraqlarının olduğunu demək mümkündür".