Ölkəmizdə baş tutan tədbirlər Azərbaycanın dünya üçün əhəmiyyətini artırır
Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi olan ölkə imicini qazanıb
Beynəlxalq səviyyəli forumların keçirildiyi əsas şəhərlərdən birinə çevrilən Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir. İyunun 4-6-da regionun enerji sahəsində mühüm hadisə olan Bakı Enerji Həftəsi keçiriləcək. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - “Caspian Power” və 29-cu Bakı Enerji Forumu. Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.
Bakı Enerji Həftəsində 37 ölkədən 300-dəkşirkət iştirakını təsdiq edib. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15%-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40%-i isə tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.
2024-cü ildə Bakı Enerji Həftəsi əhəmiyyətli bir sıra əlamətdar hadisələrə təsadüf edir.Belə ki, bu il Respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Bu əlamətdar hadisəBakı Enerji Həftəsinin proqramında da öz əksini tapıb. Müasir müstəqil Azərbaycanın banisi, Azərbaycanın yeni enerji strategiyasının müəllifi, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın dünyanın neft ixracatçılarından birinə çevrilməsində mühüm rol oynayıb. Məhz "Əsrin müqaviləsi"nin imzalanması ilə müstəqil Azərbaycanınyeni enerji strategiyasının əsası qoyulub.
Eyni zamanda bu il Beynəlxalq Xəzər Neft və Qaz “CaspianOil&Gas” sərgisinin təsis edilməsindən 30 il ötür. Belə ki, ilk dəfə 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərgi təşkil olunub və həmin dövrdən etibarən, “CaspianOil&Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib.
Millət vəkili Azər Badamov “Serg.az”a açıqlamasında deyib ki, son dövrlərdə Azərbaycan artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. Ölkə konqres və sərgi fəaliyyətlərində fəal iştirak edir, inkişaf etmiş infrastruktura malikdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və geniş miqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. Belə genişmiqyaslı hadisə ərəfəsində enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha vurğulayacaqdır:
“4-6 iyun tarixlərində keçiriləcək Bakı Enerji Həftəsi dünyanın diqqətini ölkəmizə yönəldəcək. Bu il keçiriləcək tədbirlər xüsusi əhəmiyyət daşıyır. Çünki, bu dəfə keçiriləcək enerji həftəsinin gündəliyi daha genişdir və yaşıl enerji ilə bağlı məsələlər də daxil edilib. Bakı Enerji Həftəsinə 37-dən çox ölkədən 300-dən çox şirkətin qatılacağı gözlənilir. Həm də tədbirin açılış mərasiminə dövlət başçımızın qatılması və ABŞ, İngiltərə və Türkiyənin dövlət başçılarının təbrik məktubları göndərməsi bu tədbirin dünya üçün çox əhəmiyyətli olması deməkdir. Həm də bu ilki tədbirlər Bakı Enerji Həftəsinin və əsrin müqaviləsinin imzalanmasının 30 illiyinə təsadüf olunur. Tədbirlər çərçivəsində sərgilər təşkil olunur və bu sərgilərdə neft-qaz və yaşıl enerji sahəsində dünyanın inkişaf etmiş texnologiyaları nümayiş olunacaqdır. Ölkəmiz həm neft-qaz istehsal edir, həm də yaşıl gündəliyi icra edir. Bu ilimizin “Yaşıl dünya naminə həmrəylik ili” adlandırılması və il çərçivəsində ölkəmizdə baş tutan tədbirlər Azərbaycanın dünya üçün əhəmiyyətini artırır. Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsinə böyük təcrübəsi olan ölkə imicini qazanmışdır. Bu baxımdan dünya birliyinin noyabrda keçiriləcək COP 29 beynəlxalq konfransını da Azərbaycana etibar etməsi ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi təcrübəsinə verilən böyük dəyər və qlobal məslələrin həllinə verdiyimiz töhfələrin dəyərləndirilməsi deməkdir. Həm də Bakı Enerji Həftəsi ölkəmizin iqtisadi potensialını beynəlxalq səviyyədə təbliğinə imkan verir. Bu da iqtisadiyyatımızın ayrı-ayrı sektorlarına, xüsusilə yaşıl enerji sektoruna investisiyaların axmasına yol açacaqdır.
Azərbaycan ərazicə o qədər böyük ölkə olmasa da beynəxalq səviyyədə qlobal problemlərin həllinə verdiyi töhfələri ilə böyük ölkələrin arasında özünə məxsus yerə malikdir. Bu gün Azərbaycanın qlobal arenada nüfuzlu ölkəyə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin müəyyənlədirdiyi uzaqgörən siyasi kusunu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində nail olunmuşdur”.