“Armenia Today” saytından yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dövlət büdcəsinin icrası ilə bağlı müzakirələrdə deyib ki, Ermənistan ilin sonunadək 4 ölkədə diplomatik nümayəndəlik açmaq niyyətindədir.
O, artıq İranın Təbriz şəhərində Baş Konsulluğun açılmasına qərar verildiyini bildirib.
“Təbrizlə yanaşı, Kipr və Serbiyada da diplomatik nümayəndəliklərin açılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə işlər aparılır. Eyni zamanda, Macarıstanla qarşılıqlı şəkildə səfirliklərin fəaliyyətə başlaması da planlaşdırılır”, – Mirzoyan qeyd edib.
Politoloq Məhəmməd Əsadullazadə "Sherg.az"a açıqlamasında bildirib ki, Təbrizdə Ermənistan konsulluğunun açılması İranın Azərbaycana qarşı təxribatıdır:
"Təbrizin Azərbaycan xalqında mənəvi dəyəri böyükdür. Bununla bərabər Təbrizdə çoxsaylı erməni də yaşamır. Hesab edirəm ki, İranın bu addımı normallaşmaqda olan Ermənistan-Azərbaycan münasibətlərinə zərər vermək məqsədi daşıyır. Təbrizdə Ermənistan konsulluğunun açılması rəsmi Bakı-Tehran münasibətlərinə mənfi təsir edə bilər. Ümid edirəm ki, Təbrizin aydınları, aparıcı din xadimləri bu qərarla razılaşmayacaq".
Ekspert əlavə edib ki, Təbrizdə Ermənistanın konsulluğunun açılması İranın istəyi ilə baş verir:
"İran bunu etməklə Cənubi Azərbaycanda yaşayan soydaşlarımızla əlaqələrimizi azaltmaq istəyir".