Bu, Azərbaycanın qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə liderlik etmək niyyətini göstərir
COP29 dünyanın ən əhəmiyyətli tədbirlərindən biri olmaqla yanaşı, bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan üçün bir çox mühüm fürsət yaradır. COP29 ilk növbədə ənənəvi enerji mənbələri olan neft və qazdan asılılığın azaldılması və enerji diversifikasiyası, bərpa olunan enerjiyə keçid istiqamətində mühüm irəliləyişləri hədəfləyən ölkəmiz üçün yeni investisiya imkanları təqdim edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında Azərbaycanın artıq qlobal aktor rolunda çıxış etməsindən, COP 29-un əhəmiyyətindən söz açıb.
Prezident deyib ki, COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edirik: “İqlim dəyişikliyinin təsirinin ölkəmizdə də hiss olunduğunu, Xəzər dənizinin səviyyəsinin ildən-ilə aşağı düşdüyünü vurğulayan Azərbaycan Prezidenti bildirib: “Xəzər dənizinə axan çaylar başqa ölkələrdən qaynaqlanır. Bizim bu təbii fəlakətlə bağlı heç bir məsuliyyətimiz yoxdur. Biz buna çox ciddi yanaşmalıyıq. Biz əlimizdən gələni edəcəyik ki, yeni su bəndləri və kollektorları inşa edək”.
Politoloq İlyas Hüseynov isə “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanın 2024-cü ildə COP29-a sədrliyi həm regional, həm də qlobal səviyyədə mühüm bir hadisədir. Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizə sahəsində dünya miqyasında atılan addımlarda Azərbaycanın oynayacağı rol həm ölkəmizin qlobal miqyasda nüfuzunu artırır, həm də Qlobal Şimal və Qlobal Cənub arasında körpü funksiyasını yerinə yetirir:
“Azərbaycanın COP29-a sədrliyini 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu, ölkəmizin qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə liderlik etmək niyyətini göstərir. Azərbaycanın sədrliyi ilə COP29, qlobal iqlim dəyişikliyi ilə mübarizədə yeni təşəbbüslər və layihələr irəli sürməyi hədəfləyir. Bu, xüsusilə Qlobal Cənub ölkələri üçün vacibdir, çünki bu ölkələr iqlim dəyişikliyinin təsirlərindən daha çox əziyyət çəkirlər. COP29 çərçivəsində bərpa olunan enerji mənbələrinin istifadəsi və yayılması sahəsində yeni təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır. Bu həm Qlobal Şimal, həm də Qlobal Cənub ölkələri üçün enerji təhlükəsizliyini təmin etməyə və karbon emissiyalarını azaltmağa kömək edəcək”.
Politoloqun sözlərinə görə, Azərbaycanın COP29-a sədrliyi, ətraf mühitin qorunması və biomüxtəlifliyin saxlanılması sahəsində qlobal səyləri birləşdirəcək: “Bu, Qlobal Şimal və Qlobal Cənub ölkələri arasında ekoloji balansın təmin edilməsinə kömək edəcək. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə sahəsində mühüm təcrübəyə malikdir. Ölkəmiz bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, enerji səmərəliliyinin artırılması və ətraf mühitin qorunması sahəsində bir sıra mühüm addımlar atıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və bu xüsusda ölkəmizdə çoxsaylı kiçikmiqyaslı tədbirlər də keçiriləcək. Əsas məqsəd isə ekologiyanın qorunması, bu istiqamətdə problemlər aşkar edilməsi və həlli istiqamətində müzakirələrin aparılmasıdır. Azərbaycanda bu sahədə mühüm işlər görülür. Zənnimcə, COP29 tədbirini də Azərbaycan uğurla həyata keçirərək dünyada da ekologiya sahəsinə mühüm töhfə verəcək.
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə sahəsində əldə etdiyi təcrübə və beynəlxalq əməkdaşlıq sahəsində qazandığı uğurlarla, bu rolu uğurla yerinə yetirəcək. Qlobal Şimal və Qlobal Cənub arasında qarşılıqlı anlaşma və əməkdaşlığın artırılması, texnologiya və innovasiya transferi, maliyyə resurslarının səfərbər edilməsi və təhsil-maarifləndirmə sahəsində körpü rolunu oynamaqla, Azərbaycan qlobal səviyyədə davamlı inkişaf məqsədlərinə çatmağa kömək edəcək. Azərbaycanın COP29-a sədrliyi həm ölkəmiz, həm də dünya üçün mühüm bir hadisədir. Bu rol iqlim dəyişikliyi ilə mübarizə sahəsində qlobal səyləri birləşdirəcək və daha ədalətli, dayanıqlı bir gələcək qurmağa töhfə verəcək. Gələcəyin qurulmasında Azərbaycanın bu mühüm rolu, iqlim dəyişikliyi ilə mübarizədə qlobal liderlik və məsuliyyət nümunəsi olacaq”.
İ.Hüseynov deyib ki, burada ekologiya ilə yanaşı siyasi təhlükəsizlik, iqtisadi, ticari, enerji, nəqliyyat məsələləri də müzakirə olunacaq: “Məhz COP29 tədbiri çərçivəsində Azərbaycan gündəliyi müəyyənləşdiriləcək. Məsələn, ekologiyaya mina təhdidinin olmasına təsir edən bir panel də olacaq. Bu da Azərbaycanın təşəbbüsüdür”.