Ekoloji böhran: Hər il 4 milyondan çox insan ölür

Aİ-92 markalı benzin dünyanın əksər ölkələrində ekoloji zərərinə görə istifadə edilmir


Atmosferdəki karbon qazının (CO2) miqdarı 1880-ci ildən bəri 45 faiz artaraq rekord həddə çatıb. Səbəb isə insan fəaliyyəti, istehsal və istehlakın davamlı artması, iş və qalıq yanacaqların həddindən artıq istifadəsidir. Xüsusən də benzin və dizel yanacağının istifadəsi karbon qazının əhəmiyyətli dərəcədə emissiyasına səbəb olur. Bu yanacaqlar nəqliyyatda və sənayedə geniş istifadə olunur, nəticədə ətraf mühitə ciddi mənfi təsirlər olur.

Dünyanın bütün ölkələrində benzin və dizel yanacağının hər hansı mövcud ekoloji cəhətdən təmiz yanacaqla əvəz edilməsinin təşviqi bir çox danılmaz üstünlüklərə malikdir. Eko-yanacaq iqlim problemlərinin həllində ən təsirli üsullardan biri kimi qəbul edilir. Benzin və dizel yanacağının ekoloji dərəcəli yanacaqlarla əvəz edilməsinin məqsədi işlənmiş qazlardakı yüksək zəhərli birləşmələrin miqdarını mümkün qədər azaltmaq və ya nəqliyyat vasitələri üçün ən təhlükəsiz, ən təmiz növlər yaratmaqdır. Ətraf mühitə zərərli olmayan yanacaqlara gəldikdə, bunlar qaz qarışıqları, bio birləşmələr, etil məhsullarıdır. Bir çox ölkələr və şirkətlər benzin və dizel yanacağından asılılığını azaltmaq üçün fəal şəkildə elektrik avtomobillərinə keçirlər. Məsələn, Norveç 2025-ci ilə qədər daxili yanma mühərrikli avtomobillərin satışını tamamilə dayandırmağı planlaşdırır. Braziliya benzin və dizeldən daha təmiz yanacaq olan şəkər qamışından istehsal edilən etanoldan geniş istifadə edir.

4 milyondan çox insanın ölümünə səbəb olur

Araşdırmalara görə, Aİ-92 markalı benzin və dizel yanacağının istifadəsi ətraf mühitə və iqtisadiyyata ciddi mənfi təsir göstərir. İstixana qazlarının, azot oksidlərinin və hissəciklərin emissiyaları havanın keyfiyyətinin pisləşməsinə, xəstəliklərin artmasına və əhəmiyyətli iqtisadi itkilərə səbəb olur. Bu nəticələri minimuma endirmək üçün alternativ enerji mənbələrini fəal şəkildə inkişaf etdirmək, ekoloji proqramlara sərmayə qoymaq və ekoloji cəhətdən təmiz texnologiyalardan istifadəni təşviq etmək lazımdır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, havanın çirklənməsi hər il 4 milyondan çox insanın vaxtından əvvəl ölümünə səbəb olur. Dizel yanacağı xüsusilə təhlükəlidir, çünki o, ağciyərlərə və hətta qan dövranına dərindən nüfuz edərək ürək-damar və tənəffüs orqanlarında problemlər yarada bilən incə hissəciklərin əsas mənbəyidir.
Aİ-92 markalı benzin dünyanın əksər ölkələrində ekoloji zərərinə görə istifadə edilmir. Hazırda 50-yə yaxın ölkədə Aİ-92 markalı benzin işlənilmir. Onların sırasında Türkiyə, Polşa, Macarıstan, Çexiya, Avstriya, Latviya, İspaniya, Estoniya, İsveçrə, İsveç, Norveç, Niderland, Fransa, Danimarka və Belçika da var. Göründüyü kimi Avropa ölkələrinin 99 faizi ekoloji baxımdan əlverişli olmadığı üçün bu benzindən istifadə etmir. Nəticədə elektromobillər populyarlaşıb. Bu tip nəqliyyat vasitələrindən istifadə hazırda dünyada bir dəb halını alıb. Həmin dəb də ona yönəlib ki, daxiliyanma mü­hərrikli avtomobillərdən atmosferə atılan tullantıların miqdarını minimuma endirməklə planetimizdə daha dayanıqlı ekoloji vəziyyət yaradılsın.
Qeyd edək ki, Azərbaycanda  da benzinin keyfiyyəti həmişə istehlakçıları ciddi narahat edib. Sürücülərin 85%-dən çoxu yanacaqdoldurma məntəqələrində satılan yanacağın keyfiyyətindən narazıdır. Bunun səbəbi köhnə Sovet texnologiyası ilə istehsal olunan, müasir ekoloji tələblərə cavab verməyən benzinin daha müasir avtomobillərdə istifadəsinin mümkünsüzlüyündən və ya yaratdığı problemlərdən qaynaqlanır.  

Elektromobilə keçmək istəyənlərin sayı hər keçən gün çoxalır


Əhalinin Aİ-92 markalı benzin və dizellə bağlı narazılığı artdığından, elektromobilə keçmək istəyənlərin sayı hər keçən gün çoxalır.
Onu da deyək ki, son illər ölkəmizdə nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviq edilməsi sahəsində təhlillərin, qiymətləndirmələrin aparılması və müvafiq təkliflərin hazırlanması üzrə icaslarda ekoloji təmiz nəqliyyata keçidin dəstəkləyici tədbirləri müzakirə olunur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “Təmiz ətraf mühit və “Yaşıl artım” ölkəsi” prioritetlərdən biridir. Prioritetlər toplusunda qeyd edilir ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir.

Prezident “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi” haqqında 7 mart 2024-cü il tarixli Sərəncamında isə qeyd edilib ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolunu nəzərə alaraq dayanıqlı və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması daha təmiz və dayanıqlı nəqliyyat sisteminə keçidi sürətləndirmək üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, elektrik nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini, zəruri infrastrukturun inkişafını, habelə ümumi nəqliyyat sisteminə inteqrasiyanı təmin edən normativ hüquqi bazanın formalaşdırılması zəruridir.

Şübhəsiz ki Prezident İlham Əliyevin  sərəncamı Azərbaycanda elektromobil­lərin kütləviləşməsinin, onlardan geniş istifadə olunmasının qarşısında duran maneələrdən birinin aradan qaldırılmasına yönəlib. Həmin maneə isə ölkəmizdə elektromobillərin elektrik enerjisi ilə doldurulması şəbəkəsinin azlığı ilə bağlıdır. Hazırda belə məntəqələrə yalnız Bakı şəhərinin bəzi yerlərində rast gəlmək mümkündür. Rayonlarımızın əksəriy­yətində isə bu şəbəkələr, demək olar ki, yoxdur. Bu səbəbdən də elektriklə işləyən avtomobillərdən istifadə edənlər konkret olaraq uzaq məsafələrə səyahət etməkdə çətinlik çəkirlər. Rayonlarda yaşayanlar isə, demək olar ki, elektromobillərdən istifadə etmirlər. Düşünürlər ki, elektromobil alsalar, rayonda onu istismar edə bilməyəcəklər. Bu olduqca aktual problemdir. Çünki Azərbaycan təkcə Bakı şəhərindən ibarət deyil. Avtomobilləşmə prosesinə ölkənin hər yerində eyni şəkildə yanaşılmalıdır.

Azərbaycanın  karbon emissiyalarının azaldılmasına töhfələrimiz təkcə sözdən ibarət deyil

Sərəncamda o da nəzərdə tutulur ki, sahibkarlıq subyektlərinin marağının artırılması, bu işin təkmilləşdirilməsi üçün qanunvericiliyə müvafiq dəyişikliklər edilsin. Böyük ehtimalla Vergi Məcəlləsində də yeni güzəştlər müəyyənləşdirilə, sahibkarlara daha əlverişli şərtlərlə kreditlərin verilməsi məsələsi ortaya çıxa bilər. Bu sahədə fəaliyyət göstərən sahibkarlara elektrik enerjisinin ucuz qiymətə satılması məsələsini də ehtimal etmək mümkündür.  Prezident sərəncamında diqqətçəkən məqam ondan ibarətdir ki, “AzərEnerji” və “Azərişığ”a elektrikdoldurma məntəqələri üçün yerlərin müəyyənləşdirilməsi, həmin obyektlərə elektrik verilişi xətlərinin çəkilməsi tapşırılıb.
Heç şübhəsiz, bütün bunlar dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasına ölkəmizin verdiyi ilkin töhfələrdir.
Axı bu  ilin noyabr ayında ölkəmizdə qlobal iqlim dəyişikliklərinin təzahürlərinə qarşı mötəbər beynəlxalq tədbir keçiriləcək. Bununla əlaqədar olaraq Prezident İlham Əliyevin məlum sərəncamı ilə 2024-cü il Azərbay­canda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Elə dövlət başçısının sərəncamında da qeyd olunduğu kimi, COP29-un Azərbaycanda keçirilməsi, Azər­baycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, 2024-cü ilin “Ya­şıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür. Ölkəmiz bununla bəyan edir ki, bizim karbon emissiyalarının azaldılmasına töhfələrimiz təkcə sözdən ibarət deyil, bu sahədə praktiki işlər də görürük. Yaxın illərdə Azərbaycanda elektriklə işləyən avtomobillərdən istifadə geniş vüsət alacaq. İl ərzində ölkəmizdə elektromobilliklə bağlı geniş proqramın  təsdiq olunması gözlənilir. 2025-ci ildən sonra isə  Azərbaycanda elektrik avtomobillərin isti­fadəsi sahəsində sıçrayış baş verəcək.
Ölkəmizdə elektromobillərdən istifadənin təşviqini nəzərdə tutan sərəncam da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Elektrik və hibrid avtomobillərdən istifadənin stimullaşdırması istiqamətində atılan addımlarla yanaşı, insanların daxili yanma mühərriklərindən imtinası ilə bağlı maarifləndirmə aparılmasına da ehtiyac var. Vətəndaşlar daxili yanma mühərriklərindən istifadənin, avtomobillərdən ayrılan karbon emissiyalarının həm öz sağlamlığına, həm də ətraf mühitə nə qədər ziyanlı olduğunu bilməlidirlər. Bundan başqa, əhali elektrik avtomobillərinə keçid üçün lazımı infrastrukturun yaradılması, yeni stansiyaların, o cümlədən elektromobillərin enerji doldurucularının 3-4 il sonra sıradan çıxması halları nəzərə alınaraq, utilizasiya müəssisələrinin qurulması, bir sözlə, elektrik və hibrid avtomobillərdən istifadə üçün lazım olan imkanların yaradılması barədə məlumatlı olmalıdır.