Türkiyədə aeroportlara girişdə təhlükəsizlik tədbirləri gücləndirilir

Beynəlxalq Mülki Aviasiya Konvensiyasının (Çikaqo Konvensiyası) tələbləri nəzərə alınmaqla hazırlanmış Türkiyənin yeni aviasiya təhlükəsizliyi qaydalarına uyğun olaraq, qardaş ölkənin hava limanlarının girişində də təmas yolu ilə (əllə) yoxlamalar aparılacaq.

AZƏRTAC xəbər verir ki, müvafiq qanun layihəsi parlament komissiyası səviyyəsində bəyənilib və yaxın vaxtlarda Türkiyə qanunvericiləri tərəfindən plenar iclasda səsverməyə çıxarılacaq.

Yeni qanun layihəsinə uyğun olaraq, hava limanına daxil olan bütün şəxslər əl metal detektorları ilə skan edilməli, şübhə yaranarsa, təmasla yoxlamadan keçirilməlidir.

Eyni zamanda, introskop lenti ilə yanaşı, baqaj və əl yükü də əl ilə yoxlanıla bilər.

Təmas yolu ilə yoxlamadan imtina edildiyi halda, sərnişinin hava gəmisinə minməsinə icazə verilə bilməz.