"Şəhərdə 5 milyon əhali yaşayır. 2 milyona yaxın avtomobil var. Hər il də artır. Bu avtomobillər ümumilikdə 4-5 milyon tona yaxın benzin yandırır. Daxiliyanma mühərrikindən atmosferə buraxılan qazlar havanı həm isidir, həm də zəhərləyir"
Havanın temperaturu rəsmi olaraq 37 dərəcə göstərilir. Lakin havanın faktiki istiliyinin bundan çox yüksək olması elə bu gün kimi aydındır. Məlum məsələdir, Milli Hidrometeorologiya Xidməti özü də hər zaman etiraf edir ki, temperatur kölgədə hesablanır. Kölgədə temperatur 37-dirsə, açıq havada gümin ki 38-39, bəlkə də 40 dərəcə olar. Nəzərə alaq ki insanlar işə kölgədə gedib gəlmirlər.
Kondisionersiz avtobuslar və hətta metro vaqonlarının da olmasını əlavə etsək, durum kritik görünür. Yaxın bir neçə gün ərzində də temperatur yüksək olacaq. İyun ayı başlananda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirmişdi ki, iyun ayının birinci ongünlüyündən sonra temperatur yüksələcək: “Yayın birinci ayı olan iyun ilin ən uzun günləri ilə fərqlənir. İyun ayı ərzində temperaturun tədricən yüksəlməsi müşahidə olunur. Son 30 illik məlumatların təhlili göstərir ki, birinci ongünlüyün ikinci yarısında temperatur qeyri-bərabər paylansa da, ayın 10-dan sonra mütləq maksimum temperatur xeyli artır. Ən isti iyun ayı 1998 və 2010-cu illərdə olub. Ən isti hava isə 2020-cı ilin iyunun 3-də Bakıda qeydə alınıb. Həmin gün havanın temperaturu 40,4 dərəcə təşkil edib. İyun ayında ən sərin hava isə 1996-cı ilin iyunun 2-də Bakıda qeydə alınıb. Həmin gün havanın temperaturu 8.1 dərəcə olub”. U.Tağıyeva bildirib ki, bu il iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Deməli, iyun ayının isti günləri hələ qarşıdadır. Şəhərdə isə nəfəs almaq mümkün deyil və bunun da səbəbləri var.
Ekoloq Ənvər Əliyev “Sherg.az”a açıqlamasında havanın qeyd edilən temperaturdan daha yüksək hiss olunmasının səbəblərini izah etdi:
- Hava çox istidir. Son 2 gündə həqiqətən temperatur çox yüksəlib. 37 dərəcə göstərlir, amma 40 dərəcə kimi hiss edilir. Hava çox isti və bürküdür. Bunun da səbəbləri var. Havanın temperaturunu yüksəldən təkcə günəş şüalarının istiliyi deyil. Mühitin də əhəmiyyətli təsiri var. Tutaq ki meşəlik ərazilər olsaydı, temperatur 37 yox, daha az olacaqdı. Mühit deyiləndə şəhərdəki antropogen mühit nəzərdə tutulur. Məsələn, asfalt örtüyü. Asfalt örtüyü həddindən çox qızıb. İndiyədək gecələr sərin olurdu, indi gecələr də temperatur yüksək olur, sərinlik yaranmır. Bu da asfalt örtüyünün çox qızmasıyla bağlıdır. Mən tədqiqat aparımışam, torpaq üst qatında, temperatur 70 dərəcəyədək qızır. Xüsusən də asflat örtüyü. Torpağın üst qatında qızdırıcı səth həddindən artıq yüksəkdir. Digər səbəb şəhərdəki hündür və şüşə binalardır. Şüşə binalar qaytarıcı sədd rolunu oynayaraq istiliyi atmosferə geri qaytarır, havada yenidən istilik yaranır. Hündür binaların özünün istlik tutumu da çoxdur. Bakıda hazırda 5 milyon əhali yaşayır. Bunun da təsiri var. 2 milyona yaxın avtomobil var şəhərdə. Hər il də artır. Bu avtomobillər ümumilikdə 4-5 milyon tona yaxın benzin yandırır. Bu, böyük bir rəqəmdir. Daxiliyanma mühərrikindən atmosferə buraxılan qazlar havanı həm isidir, həm də zəhərləyir. Avtomobillərin üst qatından - dəmirdən də havaya əlavə istilik qalxır. Mühərrəklərdən atmosferə 260-a yaxın zərərli maddələr ötürülür. Ona görə normal nəfəsala bilmirik, insanların halı pisləşir, özlərini narahat hiss edirlər. Üstə gələk, Xəzər dənizini. Xəzər dənizində küləksiz havada üst səthdə qızmış havanın buxarları daxil olur atmosferə, nəticədə atmosferdə rütubətin miqdarı artır, nəmliyinin çoxluğuyla oksigen konsentrasiyası tərs mütənasib olur. Havada nə qədər rütubət çox olsa, oksigen bir o qədər azalır. Ən normal mühit 40-45 faiz nəmlik olan havadır. Amma Bakıda rütubətin miqdarı bəzən 70 faizə qalxır. Bu da havanı ağırlaşdırır, insanlarda diskomfort yaradır.
Ekoloq məsləhət gördü ki, yaxşısı budur, belə isti havalarda küçəyə az çıxılsın:
- Ehtiyac yoxdursa, evdən çıxmaq lazım deyil. Yaşıllıqlara qayğını artırmalıyıq, onlar bizim raat nəfəs almağımızı təmin edə bilər. Bir də sudan çox istifadə etmək lazımdır. İsti havada orqanizmin suya ehtiyacı yaranır.