"Ermənistan baş naziri Nikol Paşinyanın təklif etdiyi "ikitərəfli mexanizm" anlayışı əvvəla praktiki olaraq mümkünsüzdür".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Azər Qasımov deyib.
Ekspert bildirib ki, bu, həm cəbhə boyu müşahidəçi, həm də infrastruktur tələb edən işdir:
"Bunun maliyyə tərəfi də başqa məsələdir. Sərhəd boyu nə qədər adam yerləşdirmək lazımdır ki, onlar atəş açılan kimi bunu dərhal qeyd etsinlər və tədbir görsünlər. Bunun üçün 24 saat müşahidə edən növbəli müşahidəçi nöqtələri yaradılmalıdır. Yoxsa, bir neçə adamla sərhədin min kilometrdən çox ərazisində nə müşahidə aparılacaq? Avropa Birliyinin rəsmisi T.Klaarın misal gətirdiyi AB-nin Gürcüstanda missiyası gürcü torpaqlarının işğalını izləməkdən başqa nəyə nail olub ki?! indi biz onların iş prinsiplərini niyə örnək götürək".
Analitik vurğulayıb ki, oradakı monitorinq missiyası təqaüdçü hərbçilər, polis və kəşfiyyat orqanı işçiləri üçün təşkil edilmiş istirahət yeridir:
"Ona görə 15 ildir Gürcüstandan getmək istəmirlər. Paşinyan öz ordusuna edə bilmədiyi nəzarəti ört-bastır etmək üçün oyun oynayır. Bizim ordumuzda kimin harada, nə vaxt atəş açmasını bütün ordu rəhbərliyi bilir. Onların əmrindən kənar bir güllə belə erməni tərəfinə atılmır. Təlimata görə, erməni tərəfindən atəş ediləndə həmin atəş nöqtəsinin susdurulması üçün atəş əmri verilir. İrəvan öz ordusunun intizamını düzəltsin və ordudakı təxribatçı, agentura şəbəkəsini təmizləsin. Ondan sonra qəfil atışma olmayacaq. Ermənistan tərəfi bu təkliflə şərti sərhəddə təhlükəsizliyini təmin etmək üçün Azərbaycanın əli ilə özünü qorumaq niyyəti güdür".
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan şərti sərhədlərdə baş verən atəşkəs pozuntularını araşdırmaq üçün "ikitərəfli mexanizm"in yaradılmasını təklif edib.