Elşad Musayev: “Yüksək vəzifələrə çəkilmiş elə gənclər var ki, heç JEK-də texnik də işləməyə qadir deyil”
İyunun 27-də Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. İclasda Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğuna dair sorğuya baxılıb. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev alınan qərara əsasən, növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyanın 981-ci maddəsinə uyğun hesab edildiyini deyib. Xatırladaq ki, Milli Məclis Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən bəzi millət vəkillərinin təklifinə əsasən növbədənkənar deputat seçkilərinin keçirilməsi üçün Prezidentə müraciət ünvanlamışdı. Vurğulanmışdı ki, bütün ölkə ərazisində keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması zəruridir. Növbəti seçkilərdə müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar. Parlament seçkilərinin növbədənkənar keçirilməsini zəruri edən əsas səbəb isə seçkilərin vaxtının COP29 sammiti ilə eyni vaxta düşməsidir. Parlament seçkiləri 2024-cü il noyabrında keçirilməli idi. Amma həmin ay Azərbaycanda COP29 keçiriləcək. Belə bir mötəbər tədbirlə eyni vaxtda seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsi mümkün deyil. Seçkilərin vaxtının dəyişməsi həm COP29-u layiqli şəkildə keçirməyə imkan verəcək, həm də bu mötəbər tədbir zamanı ölkə parlamentinin tam fəaliyyətdə olması təmin ediləcək.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev "Sherg.az"a deyib ki, bu addımlar zərurətdən irəli gəlirdi. Partiya rəhbəri hakim YAP-ın təşəbbüsünü və Milli Məclisin növbədənkənar seçkilərlə bağlı Prezidentə müraciətini doğru və yerində addım sayıram:
"Növbədənkənar prezident seçkisi keçiriləndə də hamıdan əvvəl demişdim ki, bu, önləyici və doğru təşəbbüsdür. İndi də eyni şeyi deyirəm. COP29 çox böyük bir tədbirdir və ölkəyə təxminən 80 min adamın gələcəyi gözlənilir. Bununla yanaşı, Azərbaycan-Ermənistan arasında hələ sülh bağlanmayıb, müəyyən gərginliklər var. O baxımdan seçki vaxtının irəli çəkilməsini doğru hesab edirəm. Ehtimal ki, növbədənkənar parlament seçkisi sentyabr ayının ilk bazar gününə düşəcək ki, o da sentyabrın 1-nə təsadüf edir. Yeni dünya düzəni qurulur, yeni xəritələr cızılır, yaxın regionlarda müharibələr gedir. Belə dövrdə çox çevik hərəkət etmək lazımdır. İdarəetmədə, parlamentdə çevik, enerjili, çalışqan adamlar lazımdır. Amma görünən odur ki, indiki parlamentdə əyləşənlərin əksəriyyəti gözləntilərə adekvat deyil. Mən illərdir siyasətlə məşğulam, deputatların 20-25 nəfərini ancaq tanıyıram. Halbuki 125 dairəni təmsil edən deputatların hamısı tanınmalıdır. Söhbət kiminsə yaşından getmir. Elə gənc deputatlar var ki, özünü yüz yaşlı ağsaqqal kimi aparır, o təfəkkürlə danışır. Yeni düşüncəli, enerjili, müasir dövrün çağırışlarına cavab verən deputatlara ehtiyac var. Niyə Avropa Parlamentində Azərbaycana qarşı qətnamə qəbul olunur və böyük əksəriyyət lehinə səs verir. Çünki parlamentarilərimiz AP üzvləri ilə yaxşı işləmirlər, əlaqələr zəifdir".
E.Musayev bəyan edib ki, Milli Məclisi süni surətdə cavanlaşdırmaq olmaz: "Qanunvericilikdən xəbərsiz olan gənclər parlamentin işinə necə töhfə verə bilər?! Yüksək vəzifələrə çəkilmiş elə gənclər var ki, heç JEK-də texnik də işləməyə qadir deyil. Seçilən deputatların da fəaliyyəti iki istiqamətdə olmalıdır. Birinci tərəf qanunvericiliklə məşğul olmaq, ikincisi isə seçicilərlə, yerli sakinlərlə işləməyi, onların problemlərini gündəmə gətirməyi, həll etməyi bacarmalıdır. Böyük Azərbaycan Partiyası hər zaman seçkilərə hazır durumdadır. Təbliğat materiallarımız hazırdır. Prezident seçkisində iştirak edən, parlamentdə təmsil olunmayan yeganə partiya biz idik. Vətəndaşlarla çoxsaylı görüşlər keçirtdik, böyük imkanlar qazandıq, ölkənin hər yerində təmaslarımız, əlaqələrimiz oldu. Bunlar bizə parlament seçkisində də kömək edəcək".