Yolumuz inkişafa doğru: Qarabağ və Şərqi Zəngəzur dirçəlir

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

  Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlanmış yenidənqurma işləri davam edir. Bu ərazilər vahid konsepsiya əsasında bərpa olunur, iqtisadi və sosial infrastrukturun yaradılması istiqamətində mühüm layihələr həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi, istehsal, xidmət, ticarət, nəqliyyat, logistika və digər sahələrin yaradılması dövlət siyasətinin əsas prioritetlərindən biridir.
 Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, Qarabağ iqtisadi zonasının inkişafı və quruculuq işlərinin aparılması üçün 5 prioritet istiqamət müəyyən edilib və bu layihələrin 2030-cu ilə qədər başa çatdırılması nəzərdə tutulur. Məlumat üçün bildirək ki, ötən həftə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilib. Məqsəd sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarının və biznes perspektivlərinin təqdim edilməsi, dövlət-özəl sektor əməkdaşlığı modeli üzrə müzakirələrin təşkili olub. Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Həmçinin işğaldan azad edilmiş ərazilərdə görülən işlərə, özəl sektorun inkişafı məqsədilə həyata keçirilən tədbirlərə həsr olunmuş film nümayiş etdirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət və biznes təmsilçilərinin iştirakı ilə keçirilən birgə tədbirlərin müsbət ənənəyə çevrildiyini, bugünkü görüşün də regionun inkişafına və özəl sektorun güclənməsinə töhfə verəcəyini vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində böyük uğurlar əldə edilib. Prezident İlham Əliyev azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına böyük diqqət yetirir. Azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri iqtisadi və sosial inkişaf üçün yeni imkanlar açıb. Regionda biznesin inkişafı üçün yaradılan şərait, dövlət-sahibkar işbirliyi müstəvisində yeni layihələr reallığa çevrilib. İşğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi dirçəlişi vətəndaş olaraq hər birimiz üçün əsas prioritetdir. Dövlət bu sahədə üzərinə düşən öhdəlikləri yerinə yetirir, biznes üçün bölgədə əlverişli şəraiti təmin edir. Vurğulanıb ki, bölgəyə biznes subyektlərinin artan marağı nəzərə alınsa, belə fürsətlərdən yararlanmaq həmişə asan olmayacaq. Nazir azad olunmuş ərazilərə ilk vaxtlarda investisiya yatırmış sahibkarlara təşəkkürünü bildirib. Qeyd edilib ki, azad olunmuş ərazilərin biznes imkanları ilə bugünkü tədbir çərçivəsində tanış olmuş bəzi sahibkarlar artıq bölgədə öz layihələrini reallaşdıracaqları ilə bağlı qərar veriblər. Regionda əhalinin iş yerləri və mənzillə təmin olunması məqsədilə müvafiq qurumlarla birgə iş aparıldığı da diqqətə çatdırılıb. İqtisadiyyat naziri işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, buradakı sənaye parkları, biznes üçün yaradılan əlverişli şərait barədə məlumat verib. Qeyd edilib ki, özəl təşəbbüsləri hərtərəfli təşviq etmək və dövlət-özəl sektor tərəfdaşlığını inkişaf etdirməklə regiona investisiya qoyuluşunun artırılması hədəflənir. Bundan başqa, bölgədə biznes qurmaq istəyən sahibkarların maliyyə imkanlarına çıxışı İqtisadiyyat Nazirliyinin müvafiq qurumları tərəfindən təmin edilir, eləcə də banklarla bu sahədə birgə mexanizmin hazırlanması gündəmdədir. Daha bir stimul isə azad edilmiş ərazilərdə ölkədə istehsal olunmayan məhsul istehsalı ilə məşğul olan sahibkarların istehsal etdikləri məhsulun alışının təşkil edilməsidir ki, bunun da üzərində iş aparılır. Nazir sahibkarları Qarabağ və Şərqi Zəngəzurda biznes imkanlarından səmərəli şəkildə yararlanmaqda və bölgənin iqtisadi reinteqrasiyasına töhfə verməkdə fəal olmağa dəvət edib: “Hər qarışı bizə doğma olan bu torpaqların dirçəlişi üçün dövlət-özəl sektoru olaraq bərabər çalışmalıyıq. Sahibkarlarımızın həmrəylik və birlik olaraq, milli dəyərlərimizə sadiq qalaraq Qarabağın iqtisadi yüksəlişinə töhfə verəcəyinə ürəkdən inanırıq”.
  Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, bu sahədə dövlət, biznes və ictimai strukturlar arasında əməkdaşlığın inkişafı, Qarabağa əhalinin qayıdışı barədə məlumat verib. Qeyd edilib ki, bölgədə, o cümlədən Ağdam, Füzuli və Xocavənd rayonlarında sürətli bərpa və yenidənqurma işləri aparılır. Regionda infrastruktur layihələri uğurla reallaşdırılır. İşğaldan azad edilmiş ərazilərin böyük iqtisadi, o cümlədən sənaye, aqrar və turizm potensialı var. Sahibkarların bu potensialdan geniş və səmərəli istifadə etməsi onların bölgədə uğurlu biznesini təmin edəcək, Qarabağın dirçəlişinə böyük töhfə verəcək. Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov işğaldan azad olunmuş ərazilərin dirçəlişinin ölkəmiz və onun iqtisadiyyatı üçün önəmini qeyd edib. Şuşada yenidənqurma işləri, tarixi və mədəniyyət abidələrinin bərpası, sosial infrastrukturun tikintisi, sakinlərin ata-baba yurdlarına qayıtması məsələlərindən danışıb. Bildirilib ki, Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi olan Şuşanın əvvəlki şöhrəti artıq özünə qayıdır. Sürətlə bərpa olunan şəhər bölgədə beynəlxalq tədbirlər məkanına çevrilib. Bununla yanaşı, Şuşada uğurla fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı artır, burada əlverişli işgüzar mühit üçün münbit şərait var. 
  Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev azad edilmiş torpaqlarımızda, o cümlədən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilanda aparılan bərpa və quruculuq işlərindən, layihələrdən bəhs edib. Vurğulanıb ki, bölgədə xarici və yerli sərmayədarların diqqət və marağına səbəb olan effektiv və innovativ layihələr gerçəkləşdirilir. Regionda yaşıl layihələrin icrası bu baxımdan xüsusilə qeyd olunmalıdır. Cəbrayıl, Qubadlı və Zəngilanın təbii resurs və imkanları, iqtisadi və biznes potensialı barədə məlumat verilib, burada sahibkarlıq üçün böyük imkanlar olduğu bildirilib. Nümayəndə heyəti Xankəndi şəhəri ilə tanış olub. Şəhərin istehsal müəssisələrinə baş çəkən sahibkarlara buranın iqtisadi potensialı, yeni yaradılmış infrastruktur və həyata keçirilməsi təklif edilən investisiya layihələri barədə məlumat verilib. Bununla yanaşı, sahibkarlar və müvafiq dövlət qurumlarının nümayəndələri Xankəndi şəhərinin tarixi, burada görülən bərpa işləri və şəhərin sənaye mərkəzinə çevrilməsi istiqamətində aparılan işlər barədə məlumatlandırılıb. Qeyd olunub ki, işğal vaxtı separatçılar tərəfindən xarici görünüşü dəyişdirilmiş tikililərin əvvəlki siması qaytarılır, binalarda bərpa işləri aparılır, eləcə də biznes fəaliyyətinin genişləndirilməsi tədbirləri görülür. Tədbir çərçivəsində sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanları və biznes perspektivləri təqdim edilib, dövlət-özəl əməkdaşlığı modeli üzrə müzakirələr aparılıb. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan güzəşt və azadolmalar, digər dövlət dəstəyi tədbirləri, bu ərazilərin bərpa və iqtisadi reinteqrasiyasında sahibkarların rolu mövzularında panel müzakirələr təşkil edilib. Sahibkarlara bu ərazilərdə həyata keçirilməsi təklif edilən investisiya layihələri, məhsulların ixrac potensialı, logistika imkanları təqdim edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

  İqtisadçı Fuad İbrahimov "Şərq"ə deyib ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri həyata keçirildikdən və minaların, silah-sursatların təmizlənmə prosesindən sonra dərhal infrastruktur bərpa edilir. Ekspertin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda zəruri infrastrukturun bərpası ilə paralel eyni zamanda "Böyük Qayıdış" prosesi də həyata keçirilir: 

"Bilirsiz ki, "Böyük Qayıdış"ın əsas istiqamətlərindən biri bölgədə dayanıqlı həyatın davam etməsi üçün biznes mühitinin formalaşmasıdır. Biznes mühitinin formalaşması da sahibkarlığın inkişafına şərait yaratmaqla mümkündür. Qarabağ və Şərqi Zəngəzurda - Ağdam və Araz vadisi İqtisadi Zonasında iki sənaye parkının yaradılmasına qərar verildi. Proses ümumən gedir. Düzdür, hələlik göstəriciləri rəqəmsal qeyd edə bilmirik. Çünki istehsal prosesi səviyyəsinə çıxmamışıq. Amma qısa zaman kəsiyində bunu da görəcəyik. Nəzərə alaq ki, Qarabağ və Şərqi Zəngəzurun təbii sərvətləri çox zəngindir. Bunun hamısının iqtisadi dövriyyəyə cəlb edilməsi üçün təcrübəmiz var. İşğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişafı üçün əlavə güzəştlər tətbiq olunur. Sahibkarlar bəzi vergilərdən, məsələn, gəlir və torpaq kimi vergilərdən 10 illiyinə azad olunur. İstehsal prosesinin başlanması üçün avadanlıqların, qurğuların ölkəyə gətirilməsi ilə bağlı idxal rüsumları alınmır. Maliyyə dəstəkləri əlçatan edilir. Kommunal xərclərdə müəyyən güzəştlər nəzərdə tutulur. Sənaye parkları ərazisində infrastrukturun çoxu hökumət tərəfindən reallaşdırılır. Bu da çox mühüm güzəştdir, çünki ciddi vəsait tələb edir. Yəni sahibkarlar üçün hər cür əlverişli şərait yaradılıb. Dayanıqlı biznes və istehsal anlayışı olan sahibkarlarımız bu güzəştlərdən yararlana biləcəklər". 

  F.İbrahimli əlavə edib ki, Ağdamdakı sənaye parkının nəzdində soyuducu sistemlərinin quraşdırılması nəzərdə tutulub:

 "Eyni zamanda ərzaq və kənd təsərrüfatı məhsullarının emal səviyyəsinə yönələcək istehsal prosesi nəzərdə tutulub. Bərdə, Tərtər, Ağcabədi, Zərdab rayonlarının camaatı da bu fürsətdən istifadə edə bilərlər. Kənd təsərrüfatı sektorunda istehsal olunan məhsulların, meyvə-tərəvəzin xammal kimi satışında müəyyən çətinlik, risklər var. Məhsullar zamanında emal olunmazsa, xarab olur və s. O baxımdan soyuducuların olması çox məqsədəuyğundur. Bu, sahibkarlar üçün maksimum imkanlar yaradır. Sənaye parkları birbaşa nəqliyyat infrastrukturuna inteqrasiya olunur ki, bu da məhsulların fərqli bölgələrə rahat daşınmasını təmin edir".