Ermənistan tərəfi üçün ərazi iddiaları yerinə regional əməkdaşlığı seçmək vaxtı gəlib çatıb
“İrəvan konstitusiyasını tez dəyişərsə, sülh tezliklə təmin olunar”
Keçmiş münaqişənin başa çatması ilə bölgədə yeni reallıqların, sülh, sabitlik və əməkdaşlığın qurulması üçün yeni imkanlar yaranıb. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib. XİN rəhbəri vurğulayıb ki, yaranmış bu tarixi şəraitdə ölkəmiz hər zaman olduğu kimi dialoq və sülh tərəfdarı qismində çıxış edir: "Ermənistan tərəfi üçün ərazi iddiaları yerinə regional əməkdaşlığı seçmək vaxtı gəlib çatıb". Qeyd edək ki, Ceyhun Bayramov ötən gün bəyan edib ki, mütəmadi olaraq Ermənistanla sülh gündəliyinin prioritetləri barədə ictimaiyyətə məlumat verilir. Onun sözlərinə görə, sülh müqaviləsinin müzakirəsi üzrə açıq sualların sayı xeyli azalıb. Təəssüf ki, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiası qalmaqdadır. Sülhə tam nail olunması üçün bu amil aradan qaldırılmalıdır”.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında vurğulayıb ki, 44 günlük müharibədən sonra sülhün əldə olunmasına çoxsaylı maneələr var idi. Deputatın sözlərinə görə, bir sıra əngəllər hətta sülhü mümkünsüz edirdi:
"Azərbaycan yavaş-yavaş bu maneələri aşaraq, problemləri həll edərək 2023-cü ilin sentyabr ayında sonuncu lokal antiterror əməliyyatlarını icra etdi. Yalnız bundan sonra sülh haqqında real danışmaq imkanları yarandı. Azərbaycan Prezidenti məhz bu mərhələyə istinad edərək qeyd etdi ki, biz substantiv danışıqlara altı ay ərzində başlamışıq. Əlbəttə, altı ayda sülhün əldə olunması mümkün deyil. Sülhün əldə olunmasına, ümumiyyətlə, bir proses kimi baxmalıyıq. Bu prosesdə sonuncu maneə Ermənistanın öz konstitusiyasına dəyişiklik etməsi olacaq. Əks təqdirdə sülh mümkünsüzdür. O ki qaldı sülh sazişinin COP29 tədbiri ilə əlaqələndirilməsinə, düşünürəm ki, COP29 ayrıca və müstəsna bir məsələdir. Hər iki hadisə bir-birindən fərqlidir. Yaxşı olar ki, noyabr ayınadək tərəflər sülh sazişinə imza atsınlar. Ermənistanın buna imkanı yoxdursa, erməni ictimai rəyi hələ də Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edirsə, Paşinyan konstitusiyanı dəyişə bilmirsə, bu artıq bizim yox, İrəvanın problemidir. Çünki sülh bizdən daha çox Ermənistana lazımdır. Kommunikasiyaların açılması bizdən daha çox Ermənistana lazımdır. Ona görə də İrəvan konstitusiyasını nə qədər tez dəyişərsə, Azərbaycana qarşı ərazi iddialarını atarsa, sülh tezliklə təmin olunar. Həmçinin kommunikasiyalar açılar. Beləliklə, Ermənistan dövlətinin inkişafı üçün imkanlar yaranır".