Türkiyə Ermənistan üçün nəfəsdir, dirilişdir -RƏY

Ancaq Azərbaycanla sülh sazişi bağlanmadan Ankara sərhədlərini İrəvanın  üzünə açmayacaq
 
 
 Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Ermənistan Türkiyə ilə münasibətlərin tam nizamlanması, diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması istiqamətində davamlı səylər göstərir. O bildirib ki, bu münasibətlər uğurlu olarsa, region üçün müsbət dəyişikliklər ola bilər. İyulun 2-də Türkiyə Ermənistan nümayəndələri ilə görüşdən imtina edib və bunun səbəbi ilə bağlı heç bir açıqlama verilməyib. Bundan əvvəl Ermənistan Milli Assambleyasının sədri Ruben Rubinyan jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan hökuməti Türkiyə ilə quru sərhədlərin açılmasına ümid edir. Türkiyə-Ermənistan sərhədlərinin açılmasının mümkünlüyünü Türkiyə Prezidenti Ərdoğan 2020-ci il noyabrın 9-da Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından sonra bildirib. Qeyd edək ki, 1991-ci ildə Ermənistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edəndə onu tanıyan ilk ölkə Türkiyə olub. Lakin bir il sonra Türkiyə Ermənistanla sərhədini bağlayıb. Buna səbəb Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi olub. 2023-cü il yanvarın 6-da Türkiyə ilə Ermənistan arasında yüklərin birbaşa hava daşınmasına qoyulan qadağa aradan götürülüb. Bildirilib ki, bu, iki ölkənin xüsusi nümayəndələrinin səyləri nəticəsində əldə olunan razılaşmadır. Ermənistan mətbuatı yazır ki, hazırda üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanlarını nəzərdə tutan başqa bir razılaşmanın da ən qısa zamanda həyata keçiriləcəyi gözlənilir.

 Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az”a deyib ki, Türkiyə öz qəti və konkret mövqeyini əvvəldən bəlli edib. Ona görə də Ankara hökuməti İrəvanın tələsik təşəbbüslərinə və müsbət reaksiya vermir. Ekspertin sözlərinə görə, Ankaranın tələbi odur ki, Ermənistan Azərbaycanla olan bütün məsələləri həll etməlidir:
 "Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanarsa, kommunikasiyalar bərpa edilərsə, sərhədlərin müəyyənləşməsi prosesi irəliyə doğru gedərsə, Türkiyə ilə münasibətlərin normallaşması asan məsələdir. Xatırladım ki, 1991-ci ildə Cənubi Qafqaz ölkələri müstəqilliklərini elan etdikdən sonra Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər qurulub. Ancaq sonrakı dövrdə məhz Azərbaycan ərazilərinin işğal faktına görə Türkiyə Ermənistanla sərhədləri bağlayıb və əlaqələri dondurub. Türkiyənin mövqeyi hər zaman qəti olub. Dövlət rəhbərliyi səviyyəsində də bəyan olunub ki, bu məsələdə Ermənistanın yeganə çıxış yolu Azərbaycanla münasibətləri normallaşdırmaqdır. İlk növbədə Bakının İrəvan qarşısındakı tələbləri, şərtləri yerinə yetirilməlidir. Azərbaycanla münasibətlər düzəlmədən Ermənistan-Türkiyə əlaqələrinin normallaşacağını gözləmək və buna ümidlənmək doğru deyil".
 
Ermənistan hər vəchlə Türkiyə ilə əməkdaşlığın bərpasını arzulayır:
 "Türkiyə ilə münasibətlərin düzəlməsi, sərhədlərin açılması boğulan Ermənistan üçün nəfəsdir, dirilişdir. Türkiyə böyük bazardır və çoxlu işçi qüvvəsinə ehtiyac var. Ermənistanla iqtisadi əlaqələrin dərinləşməsi ermənilərin iqtisadi sıçrayışına səbəb olar. Ancaq Ermənistan dərk etməlidir ki, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına son qoymadan, sülh bağlanmadan əlaqələrin qurulması mümkünsüzdür".