Türk Dövlətləri Təşkilatının güclənməsi zamanın diktəsidir -ŞƏRH

Məsələ ondadır ki, türk dövlətlərinin vahid təşkilatda birləşməsi və gələcək perspektivləri bəzi qlobal dairələri narahat edir
 
 
 "Türk Dövlətləri Təşkilatının gələcək inkişafına dair mənim baxışlarım tamamilə aydındır. Əminəm ki, bu təşkilatın çox böyük gələcəyi var". Bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında deyib. Təşkilatı daha da yüksək səviyyəyə qaldırmaq üçün ortaq səylərin lazım olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya çapında güc mərkəzinə çevirməliyik: "Bu gün bir neçə beynəlxalq təşkilat var, bəziləri böhran içində, bəziləri tənəzzüldə, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdə". Həqiqətən, Azərbaycan Türk Dövlətləri Təşkilatının üzvləri, Mərkəzi Asiya ölkələri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biridir. TDT-nin başlıca vəzifələrindən biri də bir-birinin təəssübünün çəkilməsi və xarici siyasət məsələsində ortaq mövqedən çıxış etməsidir. Bu, təşkilatın beynəlxalq arenada çəkisinin artmasına müsbət təsir göstərən amillərdəndir. Hazırda qlobal miqyasda qarışıqlıq hökm sürür. Dünyanın dinc bucağı, demək olar ki, qalmayıb. 2022-ci ilin yanvarında Qazaxıstanda, həmin ilin iyulunda Özbəkistanda baş verən hadisələr, Qırğızıstan-Tacikistan sərhədində davamlı münaqişələr, Əfqanıstanda “Taliban”ın yenidən hakimiyyətə gətirilməsi və başqa məsələlər türklərin yerləşdiyi regionun da daim təhdid altında olduğunu deməyə əsas verir. İki ildir davam edən Rusiya-Ukrayna müharibəsi, oktyabrın 7-də başlayan HƏMAS-İsrail müharibəsi beynəlxalq ictimaiyyəti ikiyə bölüb. Hər iki bölgə ilə Türk dünyasının yaxın, uzaq əlaqəsi var. Belə hadisələrə münasibətdə orta xəttin tapılması daha faydalı olur. Azərbaycanın həyata keçirdiyi meqalayihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi və bu iqtisadi dəhlizlər ətrafında yaradılan böyük quruculuq və infrastruktur işləri diqqətəlayiqdir. Əlavə olaraq, Azərbaycan etibarlı tranzit ölkə kimi öz mövqeyini artıq sübut edib və Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 2023-cü ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artıb. Azərbaycanın ikitərəfli əlaqələrinə də nəzər yetirsək görə bilərik ki, bir çox sahələr üzrə türk dövlətləri ilə əlaqələr dərinləşir.
 
Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı "Sherg.az"a deyib ki, ənənəvi birliklərdən fərqli olaraq dünyada yeni siyasi-iqtisadi birliklərin formalaşması prosesi gedir. Professor diqqətə çatdırıb ki, bir sıra ölkələr öz güclərini vahid nöqtədə birləşdirərək ayaqda qalmaq və inkişaf etmək mübarizəsi verirlər: 

"Türk Dövlətləri Təşkilatının güclənməsi zamanın diktə etdiyi prosesdir. Məsələ ondadır ki, türk dövlətlərinin vahid təşkilatda birləşməsi və gələcək perspektivləri bəzi qlobal dairələri narahat edir. Türk birliyinin ətrafında daha çox qüvvələrin birləşəcəyi ehtimalından ehtiyatlanırlar. Türk Dövlətləri Təşkilatının əsas siyasi, iqtisadi və hərbi güc mərkəzinə çevriləcəyindən qorxurlar. O baxımdan TDT-yə qarşı ittihamlar, böhtanlar bundan sonra da davam edəcək. Azərbaycanın aktiv şəkildə yer aldığı Türk Dövlətləri Təşkilatının güclü olması arzulanandır. Azərbaycan strateji mövqeyi etibarı ilə Türk Dövlətləri Təşkilatının əsas güc mərləzi rolundadır və qurumun inkişafına ən çox töhfə vermə gücündədir. Təşkilatın genişlənməsi və daha da güclənməsi Azərbaycanın milli maraqlarını təmin etmək baxımından önəmlidir".