Yaxın zamanda irəliləyiş olacaq -Proqnoz

Türkiyə Ermənistana sərhədi açmaq, viza məsələsini asanlaşdırmaq kimi şirnikləndirici nəfəslik açır
 
 
 İrəvan və Ankara arasında münasibətlərin normallaşması prosesi üzrə xüsusi nümayəndələr - Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan və Sərdar Kılıç arasında görüş baş tutub. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. Xüsusi nümayəndələrin görüşü sərhədin Türkiyə tərəfində keçirilib. Görüşdən əvvəl Rubinyan və Kılıç təmir edilmiş Marqara keçid məntəqəsini gəziblər. Tərəflər diplomatik-rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Onlar normallaşma prosesini heç bir ilkin şərt irəli sürülmədən davam etdirməyə razı olduqlarını vurğulayıblar. Eyni zamanda əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər. Xatırladaq ki, bu formatda sonuncu görüş 2022-ci il iyulun 1-də Vyanada baş tutub. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar normallaşma prosesi üzrə Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin sərhəddəki görüşünü vacib adlandırıb. Klaar vurğulayıb ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması və kommunikasiyaların yenidən açılması Cənubi Qafqazın daha sabit və firavan olması üçün vacib elementlərdir.

 Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a deyib ki, Türkiyə-Ermənistan münasibətləri Azərbaycan-Ermənistan əlaqələrinə bağlıdır. Onun sözlərinə görə, belə xırda görüşlər, razılıqlar isə təbiidir:
 "Çünki əlaqələri Türkiyə tam kəsə bilməz və hər halda diplomatik tələblərə uyğun davranır. Fəqət, Azərbaycan-Ermənistan arasında mümkün sülh müqaviləsi və yekun yaxınlaşma qərarları hələlik təxirə düşür. Bu da təkcə Azərbaycandan asılı deyil. Görünən odur ki, təkcə Ermənistandan da asılı deyil. Çünki yaxın günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyanın İranın başçısı Əli Xamenei ilə görüşündə o bildirdi ki, Zəngəzur dəhlizinə qarşıdır və bu yolun açılması Ermənistan üçün də zərərlidir. Həmçinin İran, Fransa və Hindistan Ermənistanı dayanmadan silahlandırır. Görünən odur ki, Ermənistan sülhə yaxınlaşan kimi havadarları, kənar qüvvələr İrəvanı bu addımdan çəkindirirlər. Türkiyənin isə Ermənistanla əlaqələri belə bir zəmində hələlik mövsümi xarakter daşıyır. Həmçinin bu bir mesaj və səmimiyyət göstəricisidir ki, əgər Ermənistan boynuna düşən məsuliyyəti dərk edib istər Azərbaycan, istərsə də Türkiyəyə qarşı iddialarından əl çəkib razılığa gəlsə, yollar da açıla bilər, digər əlaqələr də bərpa oluna bilər. Yaxud Türkiyə Ermənistanla hansısa münasibətləri quracağı halda İrəvan bundan ruhlanıb vəziyyəti yenidən gərginləşdirməyə cəhd göstərə bilər".

Analitik vurğulayıb ki, Türkiyə Ermənistana sərhəddi açmaq, viza məsələsini asanlaşdırmaq kimi şirnikləndirici nəfəslik açır: 
"Lakin Ermənistan-Azərbaycan münasibətləri lazımi səviyyədə olmasa, bu nəfəslik qəfil qapadıla bilər. Bu da Ermənistanın ziyanına, iqtisadi zərərinə gətirər. İrəliləyiş yoxdur görüntüsü olsa da, hesab edirəm ki, görünən kimi deyil. Ermənistan tərəfi münasibətlərdə irəliləyiş etməsə də, Azərbaycan, Türkiyə ilə yerdə qalan məsələlərin həlli üçün birgə fəaliyyət göstərir. Mümkünsüzdür ki, Türkiyə Azərbaycanın maraqlarına zidd addım atsın. Mövcud vəziyyətə uyğun siyasi proseslər davam edir. Türkiyə-Ermənistan arasındakı qeyd edilən məsələlərin həlli Azərbaycanla həlli təxirə düşən vəzifələrin yerinə yetirilməsi şərti ilə həyata keçiriləcək. Yəni Türkiyə Ermənistanla bir addım atır, Ermənistan da Azərbaycanla bir addım atır. Yaxın zamanda hadisələrdə müsbət mənada müəyyən inkişafın olması gözlənilir".