27 sentyabr: Azərbaycanın taleyinin yenidən yazıldığı gün

İnsanın ömründə elə günlər olur ki, həmin gün təkcə bir tarixi deyil, bütöv bir həyatı dəyişir. Bəzən isə bir günün taleyi milyonlarla insanın taleyinə çevrilir. 2020-ci il sentyabrın 27-si məhz belə günlərdən biri idi. O gün təkcə təqvimdə bir tarix dəyişmədi - Azərbaycan xalqının yaddaşında yeni bir səhifə açıldı.27 sentyabr xalqın illərlə içində daşıdığı həsrətin, nisgilin və ümidin başqa bir şəkil aldığı gün idi. Həmin gün Azərbaycan xalqı dünyanın harasında yaşamasından asılı olmayaraq, sanki bir yumruğa çevrildi.

Otuz ilə yaxın işğal altında qalan torpaqların azadlığı uğrunda Vətən müharibəsi başladı. İllərlə danışıqlar və sülh yolu ilə həllini gözlədiyimiz Qarabağ məsələsinin taleyi qarşıdakı cəmi 44 gündə dəyişəcəkdi.Əslində, sentyabrın 27-nə aparan yol xalqın yaddaşında daha əvvəl başlamışdı. 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən döyüşlər, xüsusilə general-mayor Polad Həşimovun və digər hərbçilərimizin şəhid olması cəmiyyətdə böyük sarsıntı yaratmışdı. Polad Həşimovun şəhid olduğu 14 iyuldan sonra küçələrə axışan insanların duyğularında bir fikir daha aydın görünürdü: xalq və torpaq itkisi ilə barışmaq mümkün deyil.Bəlkə də insanı ayaqda saxlayan ən güclü hiss ümiddir. Otuz ilə yaxın müddətdə Qarabağ bir coğrafi məkan olmaqdan çıxaraq xalqın birgə yaddaşına çevrilmişdi. O torpaqları görməyən nəsillər belə Şuşanı, Ağdamı, Füzulini, Cəbrayılı öz yaddaşlarının bir parçası kimi tanıyırdılar. Çünki Vətən yalnız üzərində yaşadığımız torpaq deyil; Vətən bizdən əvvəl yaşayanların xatirəsi, tarixi, bizdən sonra gələn nəsillərəötürəcəyimizərmağandır, yaddaşdır.Nəhayət, 27 sentyabrda 44 günlük Vətən müharibəsi başladı.

Həmin gündən etibarən zamanın axışı sanki dəyişdi. Günlər təqvimlə deyil, cəbhədən gələn xəbərlərlə ölçülürdü. Kiçikdən böyüyə, cavandan yaşlıya qədər hər kəs yeni bir kəndin, rayonun, şəhərin azad olunması xəbərini gözləyirdi. İnsanlar səhər gözlərini xəbərlərlə açır, gecə son xəbəri eşitmədən yatmaq istəmirdilər. Televizor ekranları qarşısında, telefonların işığında, sosial şəbəkələrdə hamının axtardığı eyni xəbər idi: Başqa hara azad olundu?Ön cəbhədə əsgərlər döyüşürdüsə, arxa cəbhədə xalq öz mübarizəsini aparırdı. Əsgərlər üçün ərzaq və müxtəlif zəruri vasitələr toplanır, insanlar imkanları daxilində cəbhəyə dəstək olmağa çalışırdılar. Evlərin pəncərələrindən, eyvanlardan üçrəngli Azərbaycan bayrağı asılır,küçələr, binalar, avtomobillər bayraqlarla bəzənirdi. Sanki üç rəng həmin günlərdə bir xalqın bütün duyğularını — kədərini, ümidini, qürurunu özündə birləşdirmişdi.

Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışlarında səsləndirdiyi “Dəmir yumruq” ifadəsi isə tədricən həmin birliyin rəmzinə çevrilirdi. Ön cəbhədə Azərbaycan Ordusunun əsgər və zabitləri, arxa cəbhədə isə milyonlarla insan eyni amal ətrafında birləşmişdi. Hər kəs öz sahəsində bacardığını etməyə çalışırdı. Dövlət qurumlarından sıravi vətəndaşadək cəmiyyətin müxtəlif təbəqələrində ümumi səfərbərlik və həmrəylik hiss olunurdu.Bu müharibənin görünməyən başqa bir cəbhəsi də vardı – “informasiya cəbhəsi” .Azərbaycan mediası və jurnalistikası da 44 gün ərzində öz müharibəsini aparırdı. Qarşı tərəfdən yayılan məlumatların yoxlanılması, dezinformasiyaya qarşı mübarizə, cəbhədə baş verənlərin dünyaya və xalqa düzgün, dəqiq və operativ şəkildə çatdırılması jurnalistlərin üzərinə böyük məsuliyyət qoymuşdu. Əsgərin silahı avtomat idisə, jurnalistin silahı kamerası və qələmi idi. Gecə-gündüz çalışan jurnalistlər üçün həmin günlər sadəcə peşə fəaliyyəti deyildi - informasiya savaşının bir hissəsi idi.Xalq isə hər an yeni xəbər gözləyirdi. Sanki bütün ölkəni böyük bir informasiya aclığı bürümüşdü. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı... Hər yeni azadlıq xəbəri bir şəhərin və ya kəndin adından daha böyük məna daşıyırdı. O adlar otuz ilə yaxın davam edən həsrətin bir-bir sona çatmasının rəmzinə çevrilirdi. 44 günlük hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu 300-dən çox yaşayış məntəqəsini, eləcə də mühüm strateji yüksəklikləri azad etdi.Ancaq müharibə təkcə qələbə xəbərlərindən ibarət deyildi.Hər azad olunan torpağın arxasında bir itki, hər qələbənin arxasında bir insanın taleyi vardı. Cəbhədən şəhid xəbərləri gəlirdi. Dünən övladını yola salan ana bu gün onun üçrəngli bayrağa bükülmüş tabutunu qarşılayırdı. Kiminsə atası, kiminsə həyat yoldaşı, kiminsə qardaşı və dostunun şəhid olması xəbəri bütöv xalqı kədərə bürüyürdü. Qara səmanı xalqın duası aydınladırdı. Bir ailənin ən ağır günü başqa bir torpağın azadlığı ilə eyni tarixə düşürdü. Xalq həmin 44 gündə bəlkə də ən zidd iki hissi - qəlblərindəkisonsuz kədəri və sonsuz qüruru eyni anda yaşamağın nə demək olduğunu öyrəndi.Şəhidlərimizin şəkilləri evlərdə, küçələrdə, binaların üzərində görünürdü. Onların hər biri artıq yalnız bir ailənin övladı deyildi. Onlar bütöv bir xalqın yaddaşına çevrilirdilər.Müharibə günlərində Gəncə, Bərdə və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki insanlar da həlak oldu və yaralandı. Buna baxmayaraq, həmin ağır günlərdə cəmiyyət daxilində qorxudan daha çox birlik, müqavimət və həmrəylik hissi üstünlük təşkil edirdi.Gənc, yaşlı, qadın, kişi fərq etmədən insanlar cəbhəyə getmək, vətən üçün nəsə etmək istəyirdilər. Bəlkə də 44 günün ən böyük mənalarından biri məhz burada idi: insanlar fərqli həyatlara, fərqli düşüncələrə sahib olsalar da, vətən anlayışı qarşısında bütün fərqlər ikinci plana keçmişdi.Çünki bəzən bir xalqı xalq edən onun yalnız ortaq dili, mədəniyyəti və sərhədləri deyil. Onu xalq edən birlikdə ağlaya, birlikdə arzulaması və birlikdə sevinə bilməsidir.44 gün ərzində Azərbaycan məhz bunu yaşadı. Nəhayət 8 noyabr...Şuşanın azad olunması xəbəri gəldi.

Bu, sadəcə bir şəhərin azadlığı deyildi. Şuşa Azərbaycan insanının yaddaşında Qarabağın mədəni və mənəvi simvollarından biri idi. Prezident İlham Əliyevin həmin gün Şəhidlər xiyabanından Şuşanın azad olunduğunu elan etməsi ilə uzun illərin həsrəti sanki bir neçə cümləyə sığdı.8 noyabr sonradan Azərbaycanın Zəfər Günü kimi təsis edildi.Qarabağın dağlarında üçrəngli bayrağımız yenidən dalğalanırdı.Küçələrə çıxan insanlar bir-birini tanımadan qucaqlayır, göz yaşlarını saxlaya bilmirdilər. Avtomobillərin siqnalları şəhərlərin səssizliyini pozurdu. Evlərdən, pəncərələrdən bayraqlar dalğalanırdı. Heç kim bir-birindən “niyə sevinirsən?” deyə soruşmurdu. Çünki cavab hamı üçün eyni idi.Bu, bir nəfərin sevinci deyildi.Bu bütöv bir xalqın sevinci idi.Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin üçtərəfli bəyanatının qəbul edilməsi ilə 44 günlük müharibənin hərbi mərhələsi başa çatdı.Otuz ilə yaxın davam edən həsrətin taleyi 44 gündə dəyişmişdi.Ancaq Zəfərin böyüklüyü yalnız azad olunan torpaqların sahəsi ilə ölçülə bilməz. Onun ən böyük mənası bəlkə də xalqın özünə olan inamını yenidən hiss etməsində idi. Bu müharibə milli yaddaşın yalnız keçmişi xatırlamaqdan ibarət olmadığını göstərdi; lazım gəldikdə həmin yaddaşın məsuliyyətini daşımaqdır.Bu zəfərin arxasında şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, ailələrin göz yaşları, bütöv bir xalqın birliyi,həmçinin Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti dayanırdı. Bəlkə də tarix kitabları gələcək nəsillərə həmin günləri hansı şəhərin hansı tarixdə azad edildiyini, hansı əməliyyatın necə keçirildiyini rəqəmlər, xəritələr və rəsmlərlə izah edəcək. Amma tarix kitablarının tam ifadə edə bilməyəcəyi başqa bir həqiqət də qalacaq: “44 gündə Azərbaycan vətəndaşının nə hiss etdiyi.”Gecə yarısı gələcək bir xəbəri gözləmək...Azad olunan kəndin adını eşidəndə sevincdən ağlamaq...tanımadığın bir şəhidin şəklinə baxıb onu öz doğman kimi hiss etmək...Küçədə tanımadığın insanla qucaqlaşmaq...Bir bayrağa baxarkən eyni anda həm kədərlənmək, həm qürurlanmaq...44 günün psixoloji yaddaşı məhz bunlardan ibarət idi.

İllərin həsrəti 44 günün hesabına bir anlıq iki kəlməyə bərabər oldu “Qarabağ Azərbaycandır !”

Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik...

Nəcəf Nəcəfov,

Bakı Slavyan Universiteti, jurnmalistika fakültəsi