Kreml bununla əhalini Kiyev hökumətindən narazı salmağa çalışacaq
Rusiya Müdafiə Nazirliyi Kursk vilayətində vəziyyəti sabitləşdirmək üçün tədbirlər həyata keçirməyə davam edir. Bu barədə vilayətin qubernatorunun səlahiyyətlərini icra edən Aleksey Smirnov Rusiya müdafiə nazirinin müavini Andrey Buliqa ilə görüşdən sonra bildirib. O, vəziyyətin ağır olduğunu etiraf edib.
Qeyd edək ki, Ukrayna qoşunlarının Kursk vilayətinin Suca şəhərini tamamilə ələ keçirdiyi barədə məlumat yayılıb. Bundestaqın müdafiə komitəsinin rəhbəri Markus Faber deyib ki, Kursk əməliyyatı Rusiya rəhbəri Vladimir Putinin heç nəyə nəzarət etmədiyini göstərdi və onun varisi ilə danışıqlar üçün yaxşı zəmin yaranıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Kursk yaxınlığında ruslara qarşı hücumu gözlənildiyindən də yaxşı gedir: "Bu addım rus xalqına göstərir ki, onların diktatoru heç nəyə nəzarət etmir və hərbi rəhbərlik öz vəzifələrini yerinə yetirə bilmir. Putinin varisi ilə sülh danışıqları üçün yaxşı əsas yaranıb. Həmçinin Putinlə Beynəlxalq Cinayət Məhkəməsində danışıqlar üçün əsas formalaşıb". O qeyd edib ki, belə bir əməliyyat rusları Ukraynanın şərqindən xeyli sayda qoşun çıxarmağa məcbur edir: "Bu, gərginliyi azaldır, buna görə də "Leopard 2" tankları haqqında danışmaq üçün yaxşı səbəb var. Ukraynaya hərbi yardımımız təhlükəsizliyimizə ən yaxşı sərmayədir. Hər gün Rusiya təhlükəsinin potensialını azaldır".
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Ukraynanın Kursk vilayətində keçirdiyi hərbi əməliyyatlara qarşı Rusiyanın müqavimət oxu təşkil etməkdə çətinlik çəkdiyi açıq görünür. Ekspert bildirib ki, Rusiyanın çətinliklə üzləşməsinin bir neçə səbəbi var:
"Rusiyanın hərbi-siyasi elitasında mümkün güc qarşıdurması və hakimiyyət uğrunda rəqabətin qızışması Kurskdakı proseslərə də təsirsiz ötüşmür. Digər bir məsələ odur ki, Rusiya həmin istiqamətdə sərhədində müəyyən boşluqları doldura, təhlükəsliyi təmin edə bilmir. Rusiyanın kəşfiyyat imkanlarının zəif olması da burada mühüm rol oynayır. Əgər Ukraynanın Kursk əməliyyatını Rusiyanın kəşfiyyatı əvvəlcədən ifşa edə bilməyibsə, yaxud məlumatları əldə etsə belə bunu rəhbərliyə çatdırmayıbsa, deməli, Kreml ciddi problematik durumla qarşı-qarşıyadır. Hazırda Ukrayna qoşunları Kurskun Qərb və Şimal-Qərb istiqamətində irəliləyir. Rusiya isə buna qarşı mübarizəni anti-terror əməliyyatları ilə pərdələməyə çalışır. Lakin bir məsələni də diqqətə çatdıraq ki, Rusiya həmin əraziyə briqadaları, korpusları cəlb etməyib. Daha aşağı səviyyəli qüvvələri bölgədə cəmləşdirir".
Analitikin fikrincə, Rusiya çətinliklərlə qarşılaşarsa, Ukraynaya qarşı apardığı hərbi kampaniyada mülki hədəfləri vuraraq əhalini Kiyev hökumətindən narazı salmağa çalışa bilər:
"Fakt və real mənzərə ondan ibarətdir ki, Ukrayna müharibəni Rusiya ərazisinə daşımaqda olduqca qətiyyətli və cəsarətli davranır. Lakin bunun strateji nəticələri barədə danışmaq tezdir. Çünki qoşunların dislokasiyası və Rusiya ərazisində möhkəmlənməsi problemi görünməkdədir. Ukrayna iki cəbhədə diqqətini daimi saxlaya bilməz. Bu, Rusiya üçün də keçərlidir. Ukraynanın əsas məqsədi Rusiyanı öz hədəflərindən çəkindirməkdir. Ukrayna Kursk vilayətində əməliyyatlarla nümayiş etdirdi ki, Rusiya Kiyevə qarşı kapitulyasiya sənədi ilə çıxış etmək iqtidarında deyil. Ancaq düşünürəm ki, Kreml hələ də öz ambisiyalarından geridə qalmayıb. Ukrayna öz ərazilərində rusların irəliləməsinin qarşısını ala bilməzsə, daha ciddi problemlərlə üzləşə bilər".