"Son dövrlər bir sıra Qərb dairələri, o cümlədən Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klaar tarixin zibil yeşiyinə göndərilmiş separatçı meyilləri yenidən dirçəltməyə çalışan ünsürlərlə təmaslarını aktivləşdiriblər".
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib. Qeyd edilib ki, yayılmış məlumatlara görə, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bu yaxınlarda Toyvo Klaar və bəzi digər Qərb dairələri ilə görüşlər keçirib: "Xatırladaq ki, Oskanyan "dağlıq qarabağ respublikasının" mövcud olmayan "parlamenti" tərəfindən Azərbaycanın ərazi bütövlüyü əleyhinə fəaliyyət üçün yaradılmış hansısa "komissiya"ya sədrlik edir. Qərb dairələrinin Oskanyan kimiləri ilə təmasları siyasi riyakarlığın bariz nümunəsi olmaqla, Azərbaycan əleyhinə yeni gərginlik mənbəyi yaratmağa xidmət edir. Necə olur ki, Toyvo Klaar Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı çıxmayan Qərbi Azərbaycan İcması ilə təmaslardan qaçır, amma Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü açıq-aşkar təhdid edən, Xocalı qatili, irqçi Robert Koçaryanın xarici işlər naziri olmuş, reallıqdan tamamən uzaq düşmüş, populist Vardan Oskanyan ilə görüşür? Toyvo Klaar kimilərinin biz Qərbi azərbaycanlıların qayıdış hüququnu danması, bu hüququn yalnız ermənilərə aid olmasını iddia etməsi gecə-gündüz "demokratiya"dan, "insan hüquqları"ndan danışanların əslində məsələlərə dini və etnik təəssübkeşlik prizmasından yanaşmasını sübut edir". Bəyanatda bildirilib ki, militarist gündəliyə malik "qurumlar"ın, Vardan Oskanyan ağılda olanların başçılıq etdiyi hansısa "komissiya"nın Ermənistan ərazisində rahat fəaliyyət göstərməsi, sürətlə silahlanan bu ölkənin Azərbaycanla sülhdə maraqlı olmadığını və revanşizm mövqeyindən çıxış etdiyini göstərir. "Ermənistan sözdə sülhdən danışıb, reallıqda isə Okampo və Oskanyan kimi ünsürlərlə işləyib vəziyyəti gərginləşdirən xəttindən əl çəkməlidir", - deyə məlumatda qeyd olunub.
Millət vəkili Hikmət Babaoğlu “Sherg.az”a vurğulayıb ki, Toyva Klaar və Vardan Oskanyanın görüşü zamanı müzakirə edilən məsələlər Azərbaycanın daxili işlərinə qarışmaqdır:
“Hansısa ölkənin daxili işlərinə qarışmaq insan hüquqları məsələsi hesab edilə bilməz. Müəyyən bir ölkənin ərazisində yaşamış etnik qurupu, bu dövlətin ərazi bütövlüyünü parçalamaq üçün istismar etmək olmaz. Klaar və Oskanyanın etdiyi bundan ibarətdir. Azərbaycan yeni reallıq yaradır. Bu reallıqlar fonunda Azərbaycanın suverenliyini, konstitusiyanı qəbul etməyən etnik ermənilər könüllü şəkildə ərazilərimizi tərk etdilər. Yəni sözügedən məsələ onların problemidir. Belə olan halda onları yenidən təşkilatlandırıb, Azərbaycana qarşı müxtəlif məqsədlər üçün istifadə etmək separatizmə xidmət göstərməkdir. Separatizm isə beynəlxalq hüquq və Avropa dəyərləri tərəfindən rədd edilir”.
H.Babaoğlu qeyd edib ki, Klaar və Oskanyan etnik separatizmin hallandırılmasına xidmət edən bölücülərdir:
“Eyni zamanda beynəlxalq hüquqa qarşı çıxan və onu saymayan subyektlərdir. Ona görə də onlar bu məqsədlərinə heç zaman çatmayacaqlar. Onların məqsədi Azərbaycan əleyhinə beynəlxalq kampaniya yaratmaqla Ermənistanda rəsmi Bakıya qarşı formalaşan revanşist cəhdləri motivasiya etməkdir. Azərbaycan isə heç zaman onun ərazinə qarşı yenidən hansısa aqressiya səbəbindən ideoloji, siyasi vasitələrlə nəyisə həyata keçirməyə icazə verməz. Yaxşı olar ki, belə görüşlərdə Klaar və Oskanyan Ermənistandan qovulan azərbaycanlıların hüquqlarından danışsın. Eyni zamanda 300 000 azərbaycanlının öz tarixi torpaqlarına qayıtması məsələsinin zəruri olduğunu Vardan Oskanyana başa salsın".