İrəvanda gərginlik: Keşiş hərəkatına dəstək verən bölgə rəhbərləri hökümətin hədəfinə tuş gəlib -ŞƏRH

“Yaxın vaxtlarda Sünikdə (Zəngəzur – red.) gərgin proseslərin baş verəcəyi gözlənilir”. Bu iddia ilə “Hraparak” çıxış edib.
Nəşr yazır ki, Baş nazir Nikol Paşinyan administrasiyası bir zamanlar hökumət əleyhinə çıxan icma rəhbərlərini işdən azad etmək qərarı verib: bura Gorus, Qafan, Kəcaran və başqa icmaların liderləri daxildir.
İddiaya görə, müxalif kəsimin nümayəndələri olan bu şəxslər hökumətlə razılığa gəlməsə, hətta həbs olunma ehtimalları var. Bir müddət əvvəl N.Paşinyanın bölgəyə səfəri zamanı onun adamlarından Robert Qukasyan həmin şəxslərlə danışıb, onları hökumətlə barışdırmağa çalışsa da, müsbət nəticə əldə olunmayıb. Baş nazirin bununla seçkiöncəsi mühüm vəzifələrdə “təmizlik” həyata keçirməyə başladığı bildirilir. Onun növbədənkənar seçkilər halında hər şeyə hazırlıqlı olmağa çalışdığı, bütün maneələri aradan qaldırmaq istədiyi qeyd olunur. Başqa bir iddia isə demarkasiya prosesinin Tavuşla sərhəddən sonra Zəngəzur istiqamətində davam etdirilməsidir. Paşinyanın prosesə çətinlik yarada biləcək icma liderlərini yavaş-yavaş “zərərsizləşdirməyə” çalışdığı deyilir.


Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Anar Əliyev bildirib ki, Ermənistan mətbuatının məlumatlarına, əsasən, rəsmi İrəvan daxilində vəziyyət kifayət qədər gərgin olaraq qalmaqdadır:

“Xüsusilə də keşiş Baqrat Qalstanyanın rəhbərliyi altında mövcud hakimiyyətə qarşı Ermənistan daxilində formalaşdırılan xalq müqaviməti özünü doğrultmadıqdan sonra hökümətin rəqiblərinə qarşı hücuma hazırlaşdığı bildirilir. Keşiş hərəkatına dəstək verən bəzi bölgə rəhbərləri hökümətin hədəfinə tuş gəlib. Bu istiqamətdə müəyyən addımların atılması ilə bağlı məlumatlar səsləndirilir. Hesab edirəm ki, bu Nikol Paşinyanın hökümətini qoruyub, möhkəmləndirmək istiqamətində ata biləcəyi addımlarla bağlıdır. Çünki Baqrat Qalstanyanın rəhbərliyi altındakı hərəkat ictimaiyyət tərəfindən dəstək almadıqdan sonra Paşinyan yeni müxalif cəbhənin yaranacağı ehtimalını əvvəlcədən nəzərə alaraq qabaqlayıcı addımlar həyata keçirmək məcburiyyətindədir”.


Analitik qeyd edib ki, Rusiya və Qərbdəki erməni diaspor təşkilatları, rəsmi Moskvanın Paşinyanla dil tapmağın mümkün olmayacağını fikirləşən dairələr Ermənistan daxilində müqavimət formalaşdırmaqla hakimiyyəti devirərək öz yaxın şəxslərini hökümətə gətirmək istəyirlər:
“Bunu çox yaxşı dərk edən Paşinyan və komandası isə mövcud situasiyanı özləri üçün fürsət bilərək qabaqlayıcı addımlar atmağa səy göstərirlər. Nikol Paşinyanın region rəhbərlərini öz yanına çəkmək planlarının reallaşmayacağı təqdirdə, onların həbs olunacağı ilə bağlı informasiyalar yaymaqla həmin şəxsləri psixoloji təsir altında saxlamağa çalışır. Hesab edirəm ki, bu rəsmi İrəvan daxilində Ermənistanın növbəti ata biləcəyi hazırlıq prosesidir. Çünki Ermənistan nə qədər havadarlarının dəstəyi ilə silahlanmağa və sülh prosesini uzatmağa çalışsa da, yaxşı anlayırlar ki, Azərbaycanın yaratdığı yeni reallıqlar şəraitində sözügedən hadisəni sonsuza qədər davam etdirə bilməyəcəklər. Zaman keçdikcə Azərbaycanın tələbləri Ermənistan üçün daha da ağırlaşır. Ona görə də Ermənistanda İlham Əliyevin irəli sürdüyü və beynəlxalq təşkilatların ikitərəfli razılaşmaların təməl prinsipi kimi qiymətləndirdiyi 5 təməl prinsipinə əməl etmək məcburiyyətində olduqlarını dərk edirlər. Nikol Paşinyan həm Zəngəzur dəhlizi, həm də sərhədlərin demarkasiyası ilə bağlı güzəştlərin ediləcəyiylə bağlı cəmiyyəti hazırlamaq istiqamətində müəyyən gedişlər etmək məcburiyyətindədir”.