Putin Paşinyanla telefon danışığından sonra Əliyevə zəng etməklə Azərbaycan-Rusiya geosiyasi karyerasının gedə biləcəyi yerləri dəqiqləşdirir
“Azərbaycan-Rusiya danışıqlarındakı “Zəngəzur atmosferi” Ermənistanın onsuz da məhdud seçim imkanlarını aradan qaldırır”
Dünən Rusiya Prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevə zəng edib. Ölkə rəhbərləri bir neçə gün öncə Prezident V.Putinin Azərbaycana dövlət səfərinin nəticələrindən məmnunluqlarını ifadə ediblər. Prezidentlər səfər çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində aparılan fəaliyyətin Azərbaycan ilə Rusiya arasında tərəfdaşlıq və strateji müttəfiqlik münasibətlərinin daha da güclənməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər. Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda vəziyyət müzakirə olunub. Vladimir Putin Rusiyanın Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazır olduğunu deyib.
Telefon danışığı zamanı Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb. Xatırladaq ki, Vladimir Putin avqustun 18-19-da Azərbaycanda dövlət səfərində olub. Bundan sonra o, Bakıda Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı apardığı danışıqların yekunu olaraq Ermənistan Baş naziri Nikol Paşinyanla avqustun 23-də telefon danışığı zamanı müzakirələr aparıb.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az”a açıqlamasında vurğulayıb ki, Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığından sonra Əliyevə zəng etməklə Azərbaycan-Rusiya geosiyasi karyerasının gedə biləcəyi yerləri dəqiqləşdirir. Analitik vurğulayıb ki, Rusiya Ermənistanla bağlı əldə etdiyi və ya elə göstərməyə çalışdığı heyranedici kəşfiyyat məlumatlarını Azərbaycanla bölüşməyi zəruri hesab edir və bununla Moskva iki məsələni prioritetləşdirir:
"Rusiya Azərbaycan üzərindən Ermənistana siqnallar ötürməklə Moskvanın regiondakı ambisiyalarını Qərbin sıxışdırılması tendensiyası ilə tutuşdurmağa çalışır. Rusiya regional kommunikasiyaların açılması məsələsinin təzyiq, yoxsa siyasi yolla həllini yoxlayıb nəticələri buradan yola çıxaraq təmin etmək istəyir. Putinlə Əliyevin telefon danışığında Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin (Zəngəzur dəhlizi) açılması ilə bağlı fikir mübadiləsi aparılması məsələnin Bakı-Moskva xəttində ağırlıq təşkil edən mövzu kimi diqqətdə saxlanılması deməkdir. Bu, əsasən üç məsələni aktuallaşdırır. Cənubi Qafqazda İranın Zəngəzur dəhlizinə maneə yaratması risklərinin qalması Rusiyanın Tehranla danışıqlar masasını hədsiz canlandırmasına təkan verir. Regionda Rusiya ilə Qərb arasında geosiyasi maxinasiya qurmaq üçün apardığı rəqabət Azərbaycanı düzgün strateji qərarlar verməyə məcbur edir. Bunlar, Ermənistanın silahlanmaqla regionun mərkəzi səhnəsinə çıxmağa hazırlaşdırılması fonunda aşkar şəkildə görünəcək".
Analitik qeyd edib ki, dövlət başçısı İlham Əliyevlə Putinin telefon danışığı Azərbaycan-Rusiya müzakirə siyahılarında Zəngəzur dəhlizi prioritetlərinin ön sırada dayandığını göstərir:
"Burada Kreml Azərbaycan-Ermənistan sülh gündəliyində etibarlı vasitəçi qismində görünmək istəsə də, bu, Bakı tərəfindən yüksək profilli nəticə kimi qiymətləndirilmir. Ancaq nəticədə Azərbaycan-Rusiya danışıqlarındakı “Zəngəzur atmosferi” Ermənistanın onsuz da məhdud seçim imkanlarını aradan qaldırır və Bakının şərtləri əsasında İrəvanın güzəştə getməsi üçün təzyiqlər yaradır. Prosesin sülh danışıqları və ya güc tətbiqi ilə reallaşması isə ən çox Ermənistanın güzəşt kodeksinə hansı dərəcədə əməl edib-etməyəcəyindən asılıdır".