Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin siyasəti ilə razılaşmayan xaricdəki diplomatik missiya rəhbərlərini istefaya çağırıb. Bu barədə Ermənistanın “Hraparak” qəzetində dərc olunan məqalədə yazılıb.
Bildirilib ki, bu barədə o ölkənin xaricdəki səfirlərinin İrəvanda keçirilən iki günlük toplantısında deyib.
"Hraparak" hökumətdəki mənbələrdən alınan informasiyaya əsasən bildirilir ki, qarşıdakı günlərdə bir sıra səfirlər ya N. Paşinyanın sərəncamı, ya da öz ərizəsinə uyğun olaraq geri çağırılacaq.
Öncə onu deyək ki, bu məlumatın nə qədər dəqiq olduğu hələ məlum deyil. Ola bilsin, bu, sadəcə iddiadır. Və Ermənistan iqtidarına qarşı informasiya müharibəsinin, daxildə ictimai rəy yaratmaq cəhdlərinin bir hissəsidir.
Hərçənd bu ehtimalın doğru olmaq ehtimalı da var.
Məsələ burasındadır ki, Ermənistanda daxili siyasi vəziyyətdə gərginlik hökm sürür. Bunun əsas səbəbi rəsmi İrəvanın xarici siyasət kursu ilə bağlıdır. Belə ki, bu gün Ermənistandakı Nikol Paşinyan hakimiyyəti faktiki olaraq Rusiya ilə Qərb arasında qalıb. Bu da Ermənistan müxalifətinin narazılığına səbəb olur.
Üstəgəl, rəsmi İrəvan artıq başa düşür ki, regional əməkdaşlıq mühitinin təmin olunmasının alternativi yoxdur. Bunu baş nazir dəfələrlə birbaşa və ya dolayısı yolla etiraf edib.
Amma Ermənistan hakimiyyəti sözdə dediyini əməldə icra etmək üçün lazımi siyasi iradəyə malik deyil. Bunun iki əsas səbəbi var: Birincisi, rəsmi İrəvan xeyli dərəcədə ikinci tərəflərdən, o cümlədən Vaşinqton və Parisdən asılıdır. Qərb Ermənistanı öz təsiri altına salıb. İndi də Ermənistanın xarici siyasət kursunu müəyyənləşdirir. İkincisi, Ermənistan siyasi elitasındakı daxili ziddiyyətlə bağlıdır. Müxalifət zaman-zaman iqtidarın “əl-qolunu bağlamağa” çalışır. Beləliklə, Ermənistan hakimiyyəti çətin vəziyyətə düşür.
Bu xüsusda xaricdəki diplomatlar mühüm fi qurdurlar. Çünki hər bir dövlət kimi Ermənistan da özünün xarici siyasətini xeyli dərəcədə başqa ölkələrdəki diplomatları vasitəsilə həyata keçirir.
Mümkündür ki, müxtəlif ölkələrdəki səfirlər Ermənistan hakimiyyətinin etimadını doğrultmur. Bu baxımdan xüsusilə Rusiyadakı səfiri göstərmək olar. Əgər iddia özünü doğruldarsa, onda istefaya göndəriləcək diplomatlardan birinin Ermənistanın Rusiyadakı səfirinin olması mümkündür.
Siyasi şərhçi Kənan Novruzov