Parlamentari: Silahlanma fonunda Paşinyanın Azərbaycanla sülhdən danışması qeyri-səmimi yanaşmadır

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün keçirdiyi mətbuat konfransında Azərbaycanla sülh prosesindən danışıb və bir çox məqama dair fikirlərini bəyan edib. Paşinyan konstitusiya, silahlanma və digər məsələlərlə bağlı Bakını ittiham edib. Əsassız iddialarla Azərbaycanı suçlayan baş nazirin ritorikasının kifayət qədər sərtləşdiyi nəzərdən qaçmayıb. Məlum olduğu kimi Azərbaycan Ermənistan klonstitusiyasında ərazi iddialarını əks etdirən maddələrin çıxarılmasını tələb edir. Paşinyan isə iddia edir ki, guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var. Onun sözlərinə görə, buna rəğmən, İrəvan Azərbaycan Konstitusiyasının dəyişdirilməsi məsələsini qaldırmır, çünki saziş layihəsində artıq bənd var ki, tərəflər sazişə əməl etməmək üçün öz daxili qanunlarına istinad edə bilməzlər. Halbuki, Azərbaycan Konstitusiyasında heç bir qonşuya ərazi iddiası yoxdur! Paşinyan ATƏT-in Minsk Qrupunun ləğvi məsələsinin də sühdən sonra mümkünlüyünü gündəmə gətirir. Baş nazirin fikrincə, sülh bərqərar olandan sonra bu formatın mövcudluğu suallar yarada bilər: "Yeganə sual vaxtdır. Və indi bu mövzunu müzakirə etməyə dəyərmi?". Ermənistan baş naziri absurdcasına silahlanmaya, Fransa və Hindistanla hərbi-texniki əməkdaşlığa da haqq qazandırıb. Erməni baş nazir Azərbaycanın konstitusiya tələbinə cavabındakı kimi, bu mövzuda da Bakını şərləməyə başlayı: “Biz bilirik ki, Azərbaycan silahları, məsələn, İtaliyadan alır. Niyə Azərbaycan İtaliyadan silah ala bilər, Ermənistan isə Fransadan ala bilməz? Azərbaycan Pakistandan silah alır. Niyə Azərbaycan Pakistandan silah ala bilər, Ermənistan isə Hindistandan ala bilməz? Deyirlər ki, Qərb Ermənistanı silahlandırır. Azərbaycan Slovakiya, Serbiya və Bolqarıstandan silah alır. Ən azı üç AB ölkəsi Bakı ilə hərbi-texniki əməkdaşlıq edir. Azərbaycan İsraildən külli miqdarda silah alır. Bu barədə hər gün danışmasaq da, bizdə kəşfiyyat məlumatları var”. Baş nazir həmçinin iddia edib ki, Azərbaycanın hərbi xərcləri görünməmiş dərəcədə yüksəkdir - ÜDM-in 17 faizi, Ermənistanda isə 4-5 faizdir: “Məhz buna görə də İrəvan eskalasiyanı təsirsiz hala gətirmək və qarşısını almaq üçün sərhəddə pozuntuların araşdırılması mexanizmini təklif edib”. Qeyd edək ki, artıq Azərbaycan XİN Ermənistan baş nazirinin bu yalanlarının bir qisminə cavab verib. Azərbaycanın İtaliyadan silah alması, o cümlədən hərbi xərclərinin guya ÜDM-in 17 faizi qədər olması haqda sözləri tamamilə böhtan və ağ yalandır. Azərbaycanın 2024-cü ilin yanvar-may aylarında (5 ay üçün) ümumi daxili məhsulu 48 milyarddan bir az çox olub. Bu hesabla 2024-ci il üçün ÜDM 115 milyard civarında ola bilər. Əgər hərbi xərclərimiz ÜDM-in 17 faizi civarında olsaydı, onda 20 milyardlıq bir rəqəmdən danışmaq lazım gələrdi ki, bu da bütövlükdə dövlət büdcəsinin yarısı deməkdir. Əksinə, Stokholm Beynəlxalq Sülhün Öyrənilməsi İnstitutunun (SİRPİ) yaydığı ötənilki hesabata görə, 2023-cü ildə Ermənistan ÜDM-in 5,5 fazini, Azərbaycan isə 4,6 faizini hərbi xərclərə ayırıb. 2022-ci ildə isə Ermənistan ÜDM-in 4,1 faizini, Azərbaycan isə 3,8 fazini hərbi xərclərə ayırmışdı. Beləliklə, Ermənistanın hərbi xərcləri necə artırdığını beynəlxalq institutlar da müqayisəli şəkildə təqdim edirlər. Üstəlik, nəzərə alaq ki, Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən Ermənistan iqtisadiyyatı sürətlə böyüyür və deməli, ÜDM də kəskin artır, onda Ermənistanın hərbi xərclərini kəskin artırdığı göz önündədir. Halbuki SİRRİ Ermənistan büdcə qaydalarına görə hərbi xərclərin ÜDM-in 4 faizini keçməməli olduğunu elan etmişdi. Məsələnin digər tərəfi isə hərbi-siyasi amillərlə bağlıdır. Ermənistan işğalçı ölkədir və Azərbaycan ərazilərini 30 il işğalda saxlayıb. Qalib və öz torpaqlarını azad edən ölkə kimi Azərbaycanın Ermənistanın silahlanmasına nəzarət etmək hüququ var. Müharibə qaydalarına görə, işğalçı ölkə məğlub edildikdən sonra onun yenidən silahlanmasına məhdudiyyət qoyulmalıdır. Ancaq Fransa, ABŞ və Rusiya Ermənistanın məğlub ölkə kimi masaya oturmasına və işğalçı kimi cəzalanmasına imkan vermirlər. Əksinə, hər vəchlə bu ölkəni silahlandırır və birgə hərbi təlimlər keçirirlər. Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialar tamamilə yanlışdır. Bu məsələdə Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir. Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil. İlk Azərbaycan Respublikası dövründə hansı ərazilərin Azərbaycanın tərkibində olduğu, onların nə zaman Ermənistan tərkibinə qatıldığı isə tarixi faktlardır və bu faktları danmaq mümkün deyil. Bu heç bir halda hal-hazırda, Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddialarının olması anlamına gəlmir. Ermənistan baş nazirinin problemlərin gözardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir. Ermənistan sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməlidir.

Millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan baş naziri Nikol Paşinyanın söylədiyi fikirlər ziddiyyətlidir və biri digərini təkzib edir. 

Deputatın sözlərinə görə, bir yandan Azərbaycanla sülh əldə etməyə çalışan Paşinyan digər tərəfdən Ermənistanın silahlanması, xüsusən hücum silahlarının alınması üçün xüsusi fəallıq göstərir: 

"Hətta beynəlxalq hesabatlardan görünür ki, son bir illə müqayisədə Ermənistan heç vaxt indiki qədər sürətlə silahlanmayıb. Silahlanmaq üçün bu qədər maliyyə xərcləməyib. Ona görə də silahlanma fonunda Paşinyanın Azərbaycanla sülhdən danışması qeyri-səmimi yanaşmadır və Bakını ittiham etməsi yersizdir. Digər məqam ondan ibarətdir ki, Azərbaycanın təklifləri və birmənalı sülh mövqeyi ilə bağlı Ermənistanın konkret yanaşması yoxdur. İrəvan sülh sazişi layihəsində olan 17 bənddən 13-nün razılaşdığını bildirir və bu razılaşma əsasında anlaşma təklif edir. Vurğulayır ki, sülh sənədində hər məsələ tam həll oluna bilməz və s. Ancaq sülh anlaşması konseptual sənəd olmalıdır və burada heç bir narazılıq olmamalıdır. Digər 4 maddə ilə bağlı razılaşmanın sonra saxlanması Ermənistanın qalıcı sülhlə bağlı mövqeyində əmimi olmadığının göstəricisidir. Əgər söhbət yekun sülhdən gedirsə, müəyyən hissəsini razılaşdırıb, qalan hissəsi ilə bağlı yeni müharibə vəziyyəti yaratmaq yolverilməzdir". 

Parlament üzvü vurğulayıb ki, açıq və gizli silahlanaraq Azərbaycana təzyiq etmək, beynəlxalq havadarlara bel bağlamaq sülh niyyətindən xəbər vermir: 
"Ən pisi isə Paşinyanın Azərbaycan Konstitusiyasını fərqli şəkildə manipulyasiya etməsidir. Azərbaycan Konstitusiyasında Ermənistandan fərqli olaraq, heç bir ölkənin ərazisinə iddia olmadığı halda baş nazir hər iki ölkənin konstitusiyalarını eyniləşdirməyə çalışır. Bu da Paşinyanın sülh istəmədiyinin başqa göstəricisidir. O baxımdan düşünürəm ki, Paşinyanın açıqlamasında yeganə məsələ ATƏT-in Minsk qrupunun gələcəyi ilə bağlı səsləndirdiyi fikirdir. Amma baş nazir bu məsələni də abstraktlaşdırır. Yəni faktiki sülh olarsa, belə bir qurumun fəaliyyət göstərməyinə doğrudan da ehtiyac olmadığını bildirir. Amma faktiki sülhün olması üçün də konkret addımlar atmır. Ermənistan baş nazirinin sülhlə bağlı mövqeyi dəqiqləşdirilməli və aydınlaşdırılmalıdır. Çünki əks təqdirdə regionda gərginlik daha da artacaqdır və bu, Ermənistanın lehinə olmayacaq".