Baş nazirin gözləntisi o yöndədir ki, ABŞ və Avropa ölkələri Ermənistanı silahlandırmağa davam edəcək
Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan konstitusiya, silahlanma və digər məsələlərlə bağlı Bakını ittiham etdi. Əsassız iddialarla Azərbaycanı suçlayan baş nazirin ritorikasının kifayət qədər sərtləşdiyi də nəzərdən qaçmadı. Paşinyan Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları olduğunu iddia etdi. Halbuki Azərbaycan Konstitusiyasında heç bir qonşuya ərazi iddiası yoxdur. Paşinyan ATƏT-in Minsk qrupunun ləğvi məsələsinin də sühdən sonra mümkünlüyünü gündəmə gətirib. Baş nazirin fikrincə, sülh bərqərar olandan sonra bu formatın mövcudluğu suallar yarada bilər. Paşinyan silahlanmaya, Fransa və Hindistanla hərbi-texniki əməkdaşlığa da haqq qazandırıb. Deyib ki, əgər Azərbaycan silah-sursat alırsa, Ermənistan niyə silahlana bilməz?! Paşinyan yalandan iddia edib ki, guya Azərbaycan Ümumdaxili Məhsulun həcminin 17 faizini hərbi məqsədlərə xərcləyir. Əslində isə bu rəqəm 4 faiz ətrafındadır. Ermənistanın isə xərcləri bundan artıqdır və rəsmi açıqlamalara əsasən, 6 faiz təşkil edib. Üstəlik, Ermənistan görünməyən büdcə vəsaitlərinə də malikdir. Bu vəsaitlərin hansı məqsədlərə sərf edildiyi müzakirə mövzusu olaraq qalır. Məsələn, Fransa tərəfindən Ermənistanın “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətində atılan addımlar büdcədənkənar xərclərə aiddir. Bu il iyulun 22-də Avropa İttifaqı Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım ayrılması nəzərdə tutulub. 2024-cü il üçün Ermənistan müdafiə büdcəsi bir milyard 400 milyon dollardan artıq olub. Bu da 2023-cü ilin xərcləri ilə müqayisədə 7 faiz çoxdur.
Politoloq Qulamhüseyn Əlibəyli "Sherg.az”a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan əvvəldən sülh prosesini uzatmağa çalışırdı. Ekspertin sözlərinə görə, baş nazir sülhün tezliklə imzalanmaması üçün bütün addımları atmaqdadır:
"Paşinyan gözləntisi o yöndədir ki, ABŞ və Avropa ölkələri Ermənistanı silahlandırmağa davam edəcək. Bu da gələcəkdə revanşizm ideyalarının baş qaldırmasına şərait yaradacaq. Ermənistan hazırda Rusiyanın orbitindən uzaqlaşaraq Qərbə sığınır. ABŞ və Fransa kimi ölkələr Ermənistanı silahlandırmaqla yeni müharibəyə təhrik etməyə çalışırlar. İrəvanın Vaşinqtonla birlikdə hərbi təlimlər keçməsi, Amerika hərbi kontingentinin müəyyən bir hissəsinin Ermənistanda fəaliyyət göstərməsi göz önündədir. "Mülki missiya" adı ilə Avropa İttifaqının xüsusi hərbi qruplaşmasının Ermənistanda hərbi və kəşfiyyat funksiyasını icra etməsi də məlumdur. Yəni Ermənistanda arxayınlıq yaranıb. Ona görə də tədricən Azərbaycanla güc dilində çalışmağa səy göstərir. Ermənistanı uzunmüddətli hərbi-siyasi təxribatlara həvəsləndirirlər. Paşinyanın ritorikasını dəyişdirən məqamlar bunlardır".
Analitik vurğulayıb ki, İrəvan hökuməti Azərbaycanla güc balansını, mövcud vəziyyəti bərabərləşdirmək niyyəti güdür:
"Azərbaycan Konstitusiyasında Müstəqillik Aktı Bəyannaməsinə istinad var. O cümlədən vurğulanır ki, indiki Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Amma bu, tarixi faktdır. Nə Müstəqillik Bəyannaməsində, nə də AXC dövründə Ermənistana qarşı ərazi iddiası var. Ərazi iddiasına əsas yaradacaq səbəb, hal, müddəa yoxdur. Amma Ermənistan konstitusiyasında açıq-aşkar Azərbaycana qarşı ərazi iddiası yer almaqdadır. Ermənistanın Müstəqillik Bəyannaməsində "Dağlıq Qarabağın Ermənistana birləşdirməsi məsələsi" əksini tapıb. Bu, birmənalı ərazi iddiasıdır, çünki erməni tərəfi Azərbaycan ərazilərinin müəyyən hissəsini "öz ərazisi" kimi qeyd edir. Ermənistan konstitusiyasında buna istinad edildiyinə görə Bakının tələbi əsaslıdır. Həm də təkcə Azərbaycana deyil, qardaş Türkiyəyə qarşı ərazi iddiası var. Erməni gerbində Ağrı dağının simvolu əks olunub. Bunlar ərazi iddialarına hüquqi əsas verən məqamlardır".
Q.Əlibəylinin sözlərinə görə, beynəlxalq müqavilələrdə daxili qanunvericiliyə istinad olunmur" fikri də yanlışdır:
"Beynəlxalq müqavilələr daxili qanunvericiliyə uyğun olaraq ratifikasiya edilir. Ən əsası isə Ermənistan etibar edilməyən dövlətdir. İndiyə kimi bir neçə sənədə imza atsa da, sonradan arxasında durmayıb. Məsələn, 10 noyabrda imzalanmış üçtərəfli bəyannaməni götürək. İrəvan hökumətinin başçısı Zəngəzur dəhlizinin açılmasına razılıq olaraq sənədə qol çəksə də, indi məsuliyyətdən qaçır. Həmçinin Qarabağdakı qanunsuz silahlı dəstələr də razılaşma əsasında çıxmadı və Azərbaycan Ordusu onları hərbi güc hesabına ərazilərindən dəf etdi. Ermənistan müxtəlif bəhanələrlə boyun qaçırmağa çoxdan alışdığı üçün İrəvanın sözlərinə etimad edilmir. 30 il ərazilərimizi işğal altında saxlamış Ermənistan öz silahlanmasına bu cür haqq qazandırır ki, niyə Azərbaycan silahlanır? Bu, absurd yanaşmadır. O zaman biz də Ermənistan ərazilərinə girək və 30 il özümüzdə saxlayaq. Belə qarşılıqlı müqayisələr qüsurludur. Azərbaycan öz ordusunu ona görə müasir silah-sursatla təchiz edir ki, torpaqları illərlə işğala məruz qalıb, ərazisi viran qoyulub, insanları qaçqın düşüblər. Bəs Ermənistan hansı əsaslarla silahlanır? Yenidən müharibəyə başlamaq və Azərbaycan torpaqlarını zəbt etmək?! Belə deyilsə, niyə müdafiə yox, məhz hücum silahlarını alır".