Azərbaycan hərbi yola əl atmayacaq, çünki bu, regionda yeni müharibə deməkdir
"Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanmış 10 noyabr Birgə Bəyannaməsi həm aktuallığını, həmçinin hüquqi qüvvəsini itirib".
Bunu "Sherg.az”a politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin sözlərinə görə, 10 noyabr Birgə Bəyannaməsi Ermənistan üzərinə öhdəliklər qoymuşdu:
"Həmin öhdəliklər yerinə yetirilməli idi. İrəvan bir neçə bəndi yerinə yetirsə də, digər bəndləri Azərbaycan özü məcbur şəkildə icra etdi. Birgə Bəyannamənin yerinə yetirilməməsində Rusiya maraqlı tərəf idi. Bəyannamənin 9-cu bəndi nəqliyyat yollarının açılması və Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında quru yolun açılmasını özündə ehtiva edir. Bu yola Rusiya FTX nəzarət etməliydi. Ermənistan Rusiyanın bu yola nəzarət etməsinə sonradan etirazını bildirdi. Həll olunmayan yalnız Bəyannamənin 9-cu bəndi idi. Azərbaycan Zəngəzur dəhlizini sülh müqaviləsinin şərtinə salmışdı. Sonradan bu şərt Ermənistan və Azərbaycanın danışıqları fonunda sülh müqaviləsindən çıxarılaraq növbəti mərhələyə saxlanıldı. Bununla Bəyannamə qüvvədən düşmüş sayılır".
Analitikə görə, Rusiya etiraz edərək 10 noyabr Birgə Bəyannaməsinin aktuallığını saxladığını və Zəngəzur yolunun açılmasını və bu yola nəzarət etməli olduğunu qabardır:
"Moskva bununla bağlı Azərbaycanla intensiv danışıqlar aparır. Azərbaycanın Zəngəzur yolunu sonrakı mərhələyə saxlaması Moskvanı narahat edir. Kreml istəyir ki, Azərbaycan yenidən bu bəndi sülh müqaviləsinin şərtinə daxil etsin və Rusiyanın bu yola nəzarət mexanizmini gündəmdə saxlasın. Azərbaycanla intensiv şəkildə danışıqlar və Rusiya XİN-in bəyanatlarından aydın görünür ki, Rusiya Zəngəzur yolunun açılmasında maraqlıdır. Azərbaycan Zəngəzur yolunun hərbi yolla açılmasına getməyəcək. Çünki bu, regionda yeni müharibə deməkdir və Cənubi Qafqazda yeni risklər ortaya çıxacaq. Azərbaycana qarşı Qərbin sanksiyaları işə düşər. Onsuz da Ermənistan bu yolu açacaq. Amma bu yolda Rusiyanın iştirakını qəbul etmir".