Qafar Çaxmaqlı: Təxribatın başında erməni kilsəsi dayanır

Ermənilərin Qarabağa qayıtmaq hüququ məsələsini yenidən gündəmə gətirməsi daha çox siyasi təxribat məqsədi daşıyır
 
Şahramanyan erməni kilsəsinin damı altında fəaliyyət göstərdiyi üçün sərsəm bəyanatlar verir
 
 
 Ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyan yenidən təxribatçı iddialarından danışıb. O, hələ də hansısa statusla Qarabağa qayıtmaq ümidlərini itirmədiklərini deyib. Şahramanyan təkcə qayıtmaqdan yox, təxribatçı iddialarını daha da şişirdərək yenidən Qarabağı işğal etməkdən bəhs edib. Deyib ki, böyük ümidi var, qayıdıb uğur qazanacaqlar: "Qarabağın hansı status və necə qaytarılması məsələsi həmişə gündəmimizdədir. Bu problemi həll etmək üçün Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi komitə yaradılıb. Biz mütəmadi olaraq görüşür və mümkün qaytarılma məsələlərini müzakirə edirik. Hazır olmalıyıq. Qayıdışımız beynəlxalq zəmanətlər, layiqli və ədalətli şərtlər daxilində mümkün olacaq”. Şahramanyan ermənilərin Azərbaycanın suverenliyi və hakimiyyəti altında yaşamaq istəmədikləri üçün Qarabağdan getdiklərini söyləyib. Həmçinin separatçı rejimin ləğvi haqda "fərman"ının heç bir "hüqiqi qüvvə"sinin olmadığını qeyd edib. Separatçı Ermənistan Baş naziri Nikol Paşinyanla görüşmədiyini də bildirib. İddiasına görə, onunla görüşməyə cəhd etməyib: "Həmin görüşün baş tutması təbii bir hadisə olmalıdır. Amma indiyə qədər görüşməmişik. Ermənistan hökumətinin hansı məsələlər paketini müzakirə etdiyini bilmirəm. Biz Ermənistan hökumətinə heç bir təklif təqdim etməmişik".
Şahramanyan 2023-cü il sentyabrın 28-də qondarma rejimin buraxılmasına dair söz verib və sənəd imzalayıb. Həmin sənədə görə, 2024-cü il yanvarın 1-nə qədər bütün “qurum və təşkilatlar” ləğv edilməli, qondarma qurumun mövcudluğu dayandırılmalıdır. Oktyabr ayında isə erməni sakinlər azərbaycanlılarla birgəyaşayışdan imtina edərək könüllü şəkildə Ermənistana köçüb, müəyyən hissəsi isə yaşamaq üçün üçüncü ölkələrə köçüb. Bu baxımdan, ermənilərin Qarabağa qayıtmaq hüququ məsələsini yenidən gündəmə gətirməsi daha çox siyasi təxribat məqsədi daşıyır. “Qarabağı qaytarmaq” ancaq xülya ola bilər. Əgər separatçı ünsürlər kimlərəsə ümid edirlərsə, bu əbəsdir. Azərbaycan işğala son qoyaraq öz ərazi bütövlüyünü bərpa edib. Ermənilərə də şans tanındı ki, vətəndaşımız kimi qalıb yaşasınlar, istəmədilər və könüllü çıxıb getdilər. Azərbaycan bundan sonra öz ərazisində heç bir qanunsuz quruma icazə verməyəcək. Bunu başqa yollarla əldə etmək istəyənlərə isə layiqli cavab veriləcək. Cəfəng iddiaların onlar üçün nələrə səbəb olacağını unutmasınlar. Əslində, Samvel Şahramanyanın Qarabağdan köçən ermənilərin hüquqları məsələsini qabartması və onların qayıdışı barədə dedikləri isə Azərbaycandan daha çox Ermənistan hakimiyyətinə yönəlik təzyiq mesajlarını ehtiva edir. Çünki son günlər Şahramanyanla Nikol Paşinyan hökuməti arasında münasibətlər yenidən gərginləşib. Şahramanyan barəsində yenidən cinayət işi açılıb və onun həbsi ehtimalı var. Görünür, Şahramanyan Qarabağ ermənilərini siyasi cəhətdən aktivləşdirməklə Paşinyana qarşı müqavimət imkanlarını artırmağa çalışır. Nikol Paşinyanın avqustun 31-də keçirdiyi mətbuat konfransında ermənilərin Qarabağa qayıtmasının real olmadığı barədə açıqlama bu qarşıdurmanı daha da dərinləşdirib. Ermənistanın baş naziri bildirib ki, Qarabağda qanunsuz separatçı qurumun ləğvi ilə bağlı fərman imzalayan və oranı təcili tərk edən şəxslər indi geri qayıtmaqdan danışırlar. Bununla da, Paşinyan ermənilərin Qarabağa qayıdışı ilə bağlı məsələnin qapandığına işarə edib. Çünki ermənilərin Qarabağa geri dönməsində Ermənistan hakimiyyəti özü maraqlı deyil. İlk növbədə, ermənilərin Qarabağa qayıtması müqabilində rəsmi Bakı 1988-1989-cu illərdə Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə dönməsi tələbini irəli sürür. Ermənistan tərəfi isə Qərbi azərbaycanlıların Zəngəzurda, Göyçədə və digər ərazilərdə yerləşməsində maraqlı deyil. Ona görə də Paşinyan hakimiyyəti ermənilərin Qarabağa qayıtması ilə bağlı razılaşmanın sülh sazişinin mətninə salınmasından imtina edib.
Bu arada Qərbi Azərbaycan İcması da bəyanat yayıb.
Bəyanatda qeyd olunub: “Sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazini bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarını, o cümlədən Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vuranların biz Qərbi azərbaycanlıların qayıdış hüququnu danmasını kəskin şəkildə pisləyirik”.
 Bəyanatda daha sonra bildirilib: “Qərbi Azərbaycan İcması son vaxtlar bir neçə dəfə Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış edib. Görünən odur ki, Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə, üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir.
 Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq".


 Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı "Sherg.az”a deyib ki, ermənilərin Qarabağa geri dönüşü ilə bağlı məsələnin yenidən aktivləşməsinin başında katalikos II Qaregin, yəni erməni kilsəsi dayanır. Professorun sözlərinə görə, erməni keşiş Baqrat Qalstanyanın etiraz aksiyalarından sonra Qaregin başqa formada ortaya çıxıb:
 "Paşinyan erməni kilsəsini "revanşizmin yuvası" adlandırsa da, onu hakimiyyətdən kənar qüvvə kimi dəyərləndirsə də, məsələ ondadır ki, kilsə öz işini görməkdədir. Hətta baş nazir bəzi hallarda erməni kilsəsinin təxribatlarından yararlanır. Həm kilsənin, həm də separatçıların ermənilərin Qaarabağa qayıdış məsələsini gündəmə gətirməsi Azərbaycan ərazilərinə qarşı açıq-aşkar ərazi iddiasıdır. Bu, ölkəmizə qarşı əlaltından aparılan gizli siyasətin tərkib hissəsidir. Kilsənin konsepsiyasında hər zaman "Böyük Ermənistan" ideologiyasının tərkib hissəsi kimi Qarabağa, Naxçıvanaa, hətta qonşu Gürcüstanın Cavaxetiya bölgələrinə ərazi iddiası var. Ermənilər öz çıxışlarında bu iddianı qabardırlar. Bunlar yeni deyil. Erməni katolikosun sələfləri də Qarabağı daim gündəmdə saxlayıblar. Xatırladım ki, 1956-cı ildə erməni katolikosu II Vazgen Moskvada SSRİ Nazirlər Sovetinin sədri Nikolay Bulqaninlə görüşü zamanı bu məsələni dilə gətirmiş və ona iki məktub vermişdi. Həmin məktublarda Azərbaycanın torpaqları hesabına Ermənistan ərazisinin genişləndirilməsi tələbi irəli sürülmüşdü. Erməni katolikosu Azərbaycanın "Dağlıq Qarabağ", Naxçıvanda yaşayan ermənilərin problemlərlə üzləşdiyini bildirmiş və bu ərazilərin Sovet Ermənistanına verilməsini təklif etmişdi. İndiki kilsənin məsələyə münasibəti həmin proqramın davamıdır".

 Q.Çaxmaqlı vurğulayıb ki, separatçı Samvel Şahramanyan erməni kilsəsinin damı altında fəaliyyət göstərdiyi üçün Qarabağla bağlı sərsəm bəyanatlar verir: 
"Ermənistanda son günlər "Qarabağa dönüş"lə bağlı beynəlxalq təhlükəsizlik mexanizminin, hansısa komissiyasının yaradılması istiqamətində fəallıq müşahidə olunur. Şahramanyan kimilərin erməni kilsəsinə dəstək verməsi və sabiq məmurların, "Qarabağ klanı"nın üzvlərinin prosesə cəlb edilməsi təsadüfi deyil. Ermənistan hakimiyyəti qondarma rejimi qəbul etmədiyini söyləsə də, həmin şəxslərin sərbəst fəaliyyətinə imkan yaradır. Bu da məqsədyönlü şəkildə edilir. Bir neçə gün əvvəl Fransanın Ermənistandakı səfiri Olivier Dekotini Qarabağı könüllü tərk etmiş ermənilərin geri qayıtmaq hüququnu xatırlatdı. Ondan əvvəl Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da Qarabağ ermənilərinin qaytarılmasını normallaşma prosesinin tərkib hissəsi kimi qiymətləndirdi. Görünən odur ki, hələ bir müddət bu məsələ ilə üzərimizə gələcəklər. Bunun qarşısını almaq üçün müəyyən addımlar atılmalıdır. Məsələ belə qoyulmalıdır ki, əgər Ermənistanda hazırda azərbaycanlılar yaşamırsa, Qarabağda da ermənilər olmamalıdır. Ümumiyyətlə, Qarabağa ermənilərin qayıdışının qarşısını almaq üçün tədbirlər paketi hazırlanmalıdır. Qərbi Azərbaycan İcmasının da yəqin ki, bununla bağlı konsepsiyası var. Milli Məclisdə də Qərbi Azərbaycana Qayıdışla bağlı xüsusi komissiya yaradıla bilər. Ən əsası isə gecikmədən Xankəndidə ermənilərin boşaltdığı kəndlərə Azərbaycan əhalisini yerləşdirmək lazımdır. Bu məsələyə ciddi yanaşmaq və xüsusi diqqət yetirmək lazımdır".