Azərbaycanın "Zəngəzur dəhlizi düyməsi"ni basmağa davam etməlidir -POLİTOLOQ

İran Mediası bir müddət əvvəl məlumat yayıb ki, Zəngəzur dəhlizi Rusiya və Ermənistan arasında gərginlik mənbəyidir. 
Hətta İranın ali dini lideri Ayətullah Xamenei də "X" hesabında bildirmişdi ki, bu dəhliz Ermənistanın ziyanınadır və İran bu məsələdə mövqeyini dəyişməyəcək. Lakin Rusiya öz növbəsində dəhlizin tez açılmağını istəyir. 
Maraqlıdır Azərbaycan Zəngəzur dəhlizi məsələsində hansı addımları atmalıdır?

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq Əhəd Məmmədli Azərbaycanın "Zəngəzur dəhlizi düyməsi"ni basmağa davam etməli olduğunu bildirib: 

"Bu düymə Azərbaycanın hədəfə çatması ilə paralel olaraq Rusiyanın maraqlarına da cavab verir. Eləcə də Rusiyanın Ermənistan və İranla toqquşmasına gətirib çıxarır. Regionda 30 ildir ki, Rusiya- İran- Ermənistan dövlətləri müttəfiq olublar. Onlar bu zaman kəsiyində Azərbaycanın maraqlarının əlehinə çıxış ediblər. Amma indi elə bir məqam yetişib ki, Zəngəzur dəhlizi məsələsi Azərbaycanla Rusiyanı bir cərgəyə, Ermənistan və İranı isə digər bir cərgəyə qoyur. Ona görə də biz bundan istifadə etməliyik".  

Ə.Məmmədli söyləyib ki, özümüz təkbaşına Zəngəzur dəhlizi məsələsini həll edə bilmiriksə, Rusiyanı yanımıza almalıyıq:
"Bizim qarşımızda İran var. Ermənistanı özümüz geri çəkə bilərik. Lakin İran məsələsində Rusiyanı yanımıza alıb Tehranı geri çəkilməyə məcbur etməliyik. İran təbii ki, buna müqavimət göstərəcək. Çünki onun Rusiyaya təsirləri var. Yəni Rusiyanı yanımıza alsaq da İran tam geri çəkilməyəcək. Bu dövlət Rusiyaya "Şahid"lər verir, Ukrayna müharibəsində Rusiyanı silahlandırır. Halbuki Rusiya bunun müqavilində İrana böyük məbləğdə pul ödəmir. Amma o, Rusiya vasitəsilə Ukrayna texnikasına zərər verir. Təbii ki, bu da onu deməyə əsas verir ki, Rusiyanın İrana da ehtiyacı var".

O sonda fikirlərinin əlavəsi olaraq qeyd edib ki, İranla- Rusiya münasibətlərinə rəğmən biz bu məsələdə Rusiyadan mümkün dərəcədə İrana qarşı istifadə etməyə bacarmalıyıq ki, İrandan güzəştlər ala bilək.