Turana gedən yol: Ortaq əlifba olmadan ortaq dil olmaz

Türk Akademiyasının prezidenti Şahin Mustafayev Türk dünyası ortaq əlifba komissiyasının dünən Bakıda keçirilən iclasında deyib ki, artıq türk dünyasının ortaq əlifbasının 14 hərifi təsdiq olunub.
Maraqlıdır ortaq türk tarixinin yazılması ilə bağlı işartılar varmı? 

Bu barədə danışan AMEA Nizami adına Ədəbiyyat İnstitutu Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri Bədirxan Əhmədov "Sherg.az"a açıqlama verib ki, Türk xalqlarının ortaq dili haqqında 100 ildən çoxdur ki, müxtəlif fikirlər bildirilir:

"Vaxtı ilə Əli bəy Hüseynzadənin redaktoru olduğu "Füyuzat" dərgisində bu dildən istifadə etməyə, belə bir dil formalaşdırmağa çalışırdı. 1926- cı ildə Bakıda türk xalqlarının ortaq əlifba layihəsi müzakirə edilirdi. Bütün bunlar hamısı türk xalqlarının ortaq əlifba layihəsinə gətirib çıxardır. Çünki ortaq əlifba olmadan ortaq dil olmaz. Bu mənada türk xalqlarının görkəmli alimləri müzakirələrdə yaxından iştirak edir. Türk alimi Ziya Göyalp hələ "Türkçülüyün əsasları" əsərində türk xalqlarının ortaq dil istifadə edəcəyini yazırdı. Lakin ictimai-siyasi prosseslər tamamilə başqa istiqamətdə getdi. Hər bir türk respublikası öz müstəqilliyini qazandı. Sonra Sovetlər birliyi gəldi, ayrılmalar baş verdi. O gündən bu günə görünür artıq türk xalqları özünün ortaq əlifbasını və ondan sonra da ortaq dil layihəsini gerçəkləşdirməyə çalışırlar. Artıq dünya həm siyasi, həm iqtisadi, həm də mədəni cəhətdən yenidən dizayn olunur. Belə bir zamanda Türk Dövlətləri Təşkilatı ortaq əlifba və ortaq dil layihəsini reallaşdıra bilər. Buna tam imkan var. Ümumiyyətlə bu gün türk dünyası ortaq əlifba layihəsini həyata keçirməyə çalışır və artıq rəsmi məlumatlara görə 33 hərf razılaşdırılıb. Bu çox yaxşı xəbərdir. Ortaq türk əlifbasının yaradılmasına gedən ən mühüm addımdır".


Alim bildirib ki, bu məsələ təxirə salınmazdır:
"Bundan sonra ortaq dil, tarix, ədəbiyyat, coğrafiya kimi məsələlər gündəmə gələcək. Əslində Turana gedən əsas yol bundan ibarətdir. Təəssüf ki, uzun müddət Turan xəyali bir coğrafiya kimi qəbul olunub. Halbuki Turan keçmişdə bir gerçəklik olub və bu gerçəkliyi yenidən reallaşdırmaq mümkündür. İnanıram ki, Türk xalqlarının ortaq əlifba layihəsi onların bu inteqrasiyasını gücləndirəcək və sürətləndirəcək. Lakin burada bir çox məsələlərin həlli qalıb. Məsələn, Azərbaycan dilində "ə" səsi olduğu kimi, Qırğız, Özbək, Qazax dillərində də müəyyən səslər var ki, onların itiriləcəyindən qorxurlar. Bundan qorxmaq lazım deyil. Çünki hərf hələ o səsin itirilməsi mənasına gəlmir. Məsələn Türk dilində "ə" hərifi yoxdur, lakin "ə" səsi var. O səsi itirməməklə də bütün türk xalqlarının ortaq əlifbasını yaratmaq olar. Vaxtı ilə XIX əsrin sonu, XX əsrin əvvəllərində İsmayıl Qaspıralının "Tərcüman" qəzetini bütün türk xalqları oxuyurdu. Çünki ortaq əlifba var idi. İndi bu cəhətdən də ortaq əlifba yaransa biz bunu reallaşdıra biləcəyik. Bir- birimizin yazısını oxuyacayıq. Özbəkistanda da "o" hərfi "a" oxunur. Məsələn "Azərbaycan" yazanda "Ozorbaycan" yazılır. Bunu müəyyən bir məxrəcə gətirmək və ondan sonra yola davam etmək lazımdır. İnanıram ki, TDT siyasi birliyi həm də mədəni, hərbi, iqtisadi birliyə çevriləcək. Bu çox böyük gücdür. Düşünürəm ki, ortaq əlifba haqqında bu günlərdə atılan bu addımlar gələcəkdə bizi gözləyən inkişafa, inteqrasiyaya aparıb çıxara biləcək".