Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və bundan sonra hadisələrin inkişafı ilə bağlı danışıb. Dövlət başçısı vurğulayıb ki, qəza ilə bağlı son versiya “qara qutu”lar açılandan sonra bəlli olsa da, ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir: "Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir". Ölkə rəhbəri qeyd edib ki, təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri əsassız versiyalar üzərində dayanmağa üstünlük vermişdilər: "Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi".
Prezident vurğulayıb ki, qəzanın təfərrüatları tam araşdırılacaq: "Yenə də deyirəm, “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək. Məsələn, təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu? Çünki onu da bildirməliyəm ki, bu, açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri həm cəfəngiyyatdır, həm də ağılsızlıqdır. Çünki xoşbəxtlikdən ekipajın qəhrəmanlığı sayəsində elə hadisə baş verdi ki, təyyarə enə bildi, qəza enişi olsa da, təyyarə enə bildi. Sərnişinlərin bir çoxu xilas edildi, onların ifadələri var. Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır".
Dövlət başçısı bəyan edib ki, Azərbaycanın tələbləri dekabrın 27-də rəsmi qaydada Rusiyaya çatdırılıb: "Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ikinci dəfə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Kremlin məlumat katibi Dmitri Peskov bildirib ki, söhbət zamanı “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsi davam etdirilib: "Putin və Əliyev bu gün telefon danışığında “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin qəzaya uğraması ilə bağlı müxtəlif məsələləri müzakirə etməyi davam etdirib".
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Rusiya prezidentinin Azərbaycan liderinə zəng etməsi və baş vermiş hadisə ilə əlaqədar üzrxahlığını bildirməsi, əslində Rusiya-Azərbaycan münasibətlərinin, Moskva-Bakı arasında tərəfdaşlığın zəruri etdiyi bir hərəkət idi.
Deputatın sözlərinə görə, 2022-ci il fevral ayının 22-də imzalanmış müttəfiqlik sazişinə görə Rusiya və Azərbaycan bərabərhüquqlu tərəfdaşlardır:
"Çox təəssüf ki, Rusiyada hələ də bəzi siyasi mərkəzlər postsovet məkanında olan qonşu ölkələri özünə bərabərhüquqlu tərəfdaş səviyyəsində görmək istəmir, ya da görə bilmirlər. Çünki yüzilliklər boyu rus siyasi təfəkkürü buna imkan verməyib. Ancaq çox yaxşı ki, Rusiya Federasiyasının prezidenti bu streotipi qırmağı bacardı və bərabər hüquqlu tərəfdaş kimi Azərbaycana münasibətdə yeni bir nümunə yaratdı. Düşünürəm ki, Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı baxımından bu addım çox vacibdir. Şübhəsiz, bu, Azərbaycanın qətiyyəti, cəsarəti, öz hüquqlarını müdafiə etməsi kontekstində baş verdi. Əslində biz bunu qəza deyil, cinayət əməli kimi qiymətləndirməliyik".
Parlamentari vurğulayıb ki, hadisədən dərhal sonra Azərbaycan Prezidentinin geri qayıtması, xüsusi komissiya yaradılması, zərərçəkənlərə diqqət və qayğının göstərilməsi, bütün resursların səfərbər edilməsi, həmrəylik nümayişi milli gücümüzün yeni bir təzahürü oldu:
"Bu bir daha göstərildi ki, Azərbaycan Prezidenti öz vətəndaşlarının hüquqları və onların qorunması üçün, onların təhlükəsizliyinin təmin olunması üçün hər şeyi ən yüksək səviyyədə etməyə qadirdir və qətiyyətlidir. Rusiyadan gələn zəngi həm də bu kontekstdə qiymətləndirmək lazımdır. Şübhəsiz ki, bu zəng həm də bundan sonra baş vermiş cinayətin daha obyektiv araşdırılmasına və haqq-ədalətin öz yerini tutmasına gətirib çıxaracaq. Eyni zamanda, Rusiya-Azərbaycan münasibətlərinin korlanmasının qarşısını alacaq".